Arif Məmmədli: Necə qarşıladı kəndimiz sizi?

20-08-2021, 14:01

Arif Məmmədli:  Necə qarşıladı kəndimiz sizi?

Arif Məmmədli

(Bu şeiri 30 illik ayrılıqdan sonra kəndimizi ilk dəfə biz əvəzdən də zəyarət edən Sayvalı, Mehdi, Elmir və Seyfəddinə ünvanlayıram)
Talışvurulandan necə keçdiniz,
Gündüzmü keçdiniz, gecə keçdiniz?
Güvənib ilahi gücə keçdiniz,
Necə qarşıladı kəndimiz sizi?
Gileylənmədimi gec gəldiniz, gec,
Barı dedinizmi suçumuzdan keç?
Köhnə kişiləri soruşdumu heç,
Necə qarşıladı kəndimiz sizi?
Həsrət soldurubmu gül-çiçəyini,
Qar-çovğun döyübmü biçənəyini?
Duya bildinizmi incikliyini,
Necə qarşıladı kəndimiz sizi?
Xəbər yayıldımı qonşu kəndlərə,
Qəlbinizdən od düşdümü min yerə?
Bizi bağışlayıb o dağ, o dərə?-
Necə qarşıladı kəndimiz sizi?
Bağ-bağçalar pay verdimi barından,
Dərə bildinizmi hər nübarından?
Bərk-bərk tutdunuzmu cığırlarından,
Necə qarşıladı kəndimiz sizi?
Səsiniz yetdimi Laçıngüneyə,
Sizi qınadımı vəfasız deyə?
Qəfil azan səsi qalxanda göyə
Necə qarşıladı kəndimiz sizi?
Buludlar gözünü sıxdımı o gün,
Bir vüsal yağışı yağdımı o gün?
Bulaqlar sevinclə axdımı o gün,
Necə qarşıladı kəndimiz sizi?
***
Görüşünüz bir təsəlli oldumu,
Ayrılanda heç gözləri doldumu?
Şəhərlərə sovqat payı boldumu,
Necə yola saldı kəndimiz sizi?
Yolunuza dikildimi baxışı,
Arxanızca su səpdimi yağışı?
Yenə bizsiz keçirəcək bu qışı,
Necə yola saldı kəndimiz sizi?
Yay ötüşdü, payıza can, yaza can,
Şair gərək hər sətirdə yaza "Can!"
Demədimi gözləyəcəm yazacan,
Necə yola saldı kəndimiz sizi?!




Facebook'da Paylaş