Xarici jurnalistlər Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış oldu

1-08-2021, 11:14

Xarici jurnalistlər Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış oldu


Avqustun 1-də xarici media nümayəndələri Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olublar.
Səfərin məqsədi ötən il oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri, cəbhə zonasından kənarda yerləşən Gəncənin Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub və onlardan 6-sı uşaqdır. Atəş nəticəsində 142 nəfər yaralanıb.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.




Facebook'da Paylaş