Əcnəbi jurnalistlər Ağdamda

24-07-2021, 19:57

Əcnəbi jurnalistlər Ağdamda

Bir qrup əcnəbi jurnalist erməni işğalından azad edilmiş Ağdam şəhərini ziyarət edib.
Ordum.az Report-a istinadən xəbər verir ki, Braziliya, Kolumbiya, Meksika və Böyük Britaniyadan olan jurnalistlər bütün dağıntıları öz gözləri ilə görüblər.
Onlar Ağdamdakı Cümə məscidini ziyarət ediblər, erməni vandalizminin nəticəsi ilə - Çörək Muzeyi və Dram Teatrının dağıdılmış binaları ilə tanış olublar, Qarabağ xanlığının qurucusu Pənahəli Xanın sarayının yerləşdiyi “İmarət” kompleksinə baş çəkiblər.
Meksikalı jurnalist, “Canal Once” dövlət televiziyasının, ABC kanalının aparıcısı Federiko Lamont Ağdam Dram Teatrının dağıdılmış qalıqlarını gördükdən sonra buranın ona Hirosimadakı Sülh Memorial Muzeyində gördüklərini xatırlatdıqlarını söyləyib.
“Ermənilər hər şeyi məhv edərək azərbaycanlıların torpağını oğurlayıblar. Bu cinayətləri törədənlər yalnız mədəniyyət abidələrinin məhvinə görə UNESCO tərəfindən deyil, həm də Haaqa tribunalında mühakimə olunmalıdırlar. Bu, tarixi ədaləti bərpa etməyə yardım edərdi”, - F.Lamont deyib.
Əcnəbi jurnalistlərə Ağdam şəhərinin bərpası işləri barədə də məlumat verilib. Hazırda şəhər planı hazırlanır, o, təsdiqləndikdən sonra tender elan ediləcək. Bərpa olunmuş Ağdamda təxminən 100 min insanın yaşaması planlaşdırılır. Şəhərin ümumi sahəsi təqribən 1 750 hektar olacaq ki, bunun da 862 hektarı binalar və tikililər, 334 hektarı parklar və açıq məkanlar, 530 hektarı isə küçə və prospektlər olacaq.
Ağdamda “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq müasir infrastruktur inşa ediləcək, tramvay da daxil olmaqla, eko nəqliyyat fəaliyyət göstərəcək, təqribən 79 km velosiped yolu yaradılacaq. 4 böyük, 23 şəhər parkı qurulacaq, ümumilikdə “yaşıl” zona şəhər ərazisinin 20%-i həcmində olacaq. Lakin hazırkı mərhələdə prioritet Azərbaycan Mədəniyyət Nazirliyinin köməyi ilə tarixi yerlərin bərpasıdır.




Facebook'da Paylaş