Qırğızıstanın yeni prezidenti seçildi

11-01-2021, 09:52

Qırğızıstanın yeni prezidenti seçildi

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə formasına dair referendum keçirilib.
Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11% səslə qalib gəldiyini bildirib.
Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.
Beləliklə Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.
1968-ci il təvəllüdlü Sadır Japarov paytaxt Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul vəzifələr tutub.
2005, 2007, 2010-cu illərdə parlamentin deputatı seçilən Sadır Japarov 2013-cü ildə İssık-Kul vilayətinin qubernatorunu girov götürmək cəhdinə görə cinayət məsuliyyətinə alınıb, mühacirət edib, 2017-ci ildə tutularaq 11 il 6 müddətinə azadlıqdan məhrum olunub.
2020-ci il oktyabrın 4-ü ölkədə parlament seçkisi keçirilib. Seçkinin rəsmi nəticələrini qəbul etməyən müxalif qüvvələr oktyabrın 5-dən üsyana qalxıb, dövlət binaları tutulub, həbsdə olan bir çox siyasətçi, o cümlədən Sadır Japarov azadlığa buraxılıb.
Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da parlament seçkisinin nəticələrini etibarsız sayıb, oktyabrın 10-da Sadır Japarov baş nazir postuna gətirilib.
Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib. Həmin gündən Sadır Japarov prezident səlahiyyətlərini icra edib, noyabrın 14-də dövlət başçısı kürsüsünə parlament sədri Talant Mamıtov əyləşib.
Qırğızıstan parlament respublikasıdır. Ali icraedici orqan statusu daşıyan hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qurur.




Facebook'da Paylaş