Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
Modern.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 8:00-da (Bakı vaxtı ilə 06:00) açılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikada 3 milyon 563 mindən çox seçici qeydə alınıb. Prezidenti kürsüsü uğrunda 17 namizəd mübarizə aparır.
Prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilir. Vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə sualı cavablandıracaqlar.
Seçicilərə 2 bülleten verilir: Prezident seçkiləri üçün bülleten ağ rəngdə, referendum üçün bülleten isə mavi rəngdədir.
Qeyd edək ki, əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib. Habelə Baş nazir Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.