Tahir Mirkişili Vyanadan ermənilərə: “İşğala son qoyun!…
”Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.
Ordum.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Hayk Koncoryan çıxışında ATƏT PA-nın prezidentinin bu ölkəyə səfərindən bəhs edib, eyni zamanda, ATƏT-in təsisatlarının və digər beynəlxalq qurumların qondarma Dağlıq Qarabağda keçiriləcək seçkiləri müşahidə etməsinin arzuedilən olduğunu vurğulayıb.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışında qeyd edib ki, ATƏT-in iştirakçısı olduğu ölkələrdə seçkilərin müşahidəsini təşkilatın müvafiq qurumları həyata keçirir və bu proses ölkələrin beynəlxalq hüquqla təsbit olunmuş ərazi suverenliyinə hörmət əsasında baş tutur.
Fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirildiyini qeyd edən T.Mirkişili deyib ki, Azərbaycan vətəndaşları bu seçkilərdə fəal iştirak edib və səsvermə hüququndan yararlanıb. Həmçinin bildirilib ki, Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından öz ata-baba yurdlarında deyil, ölkəboyu yaradılmış 523 seçki məntəqəsində yararlanıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının aralıq hesabatında da əks olunub.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar. Lakin Ermənistanın işğalçı siyasəti həmin ərazidə yaşayan Azərbaycan vətəndaşlarının öz seçki hüquqlarından istifadə etmələrinə imkan vermir.
T.Mirkişili çıxışının sonunda Ermənistan nümayəndə heyətinə çağırış edib: “İşğala son qoyun, işğalçı ordunuzu Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarın, sonra oradakı azərbaycanlı və erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına və onların seçib-seçilmək hüququndan necə istifadə etmələrinə bütün dünya şahidlik etsin”.
Facebook'da Paylaş