TÜRKMAN TƏK OĞULLAP OLMASA ƏGƏR…
TÜRKMAN TƏK OĞULLAP OLMASA ƏGƏR… Qələm dostum, yazıçı Hüseyn İsaoğlu «Vətənin ölməz şəhidi» kitabını mənə sarı uzadıb kövrək və titrək səslə pıçıldadı: «Bacım oğlu Türkman haqqında xatirələr toplusudur. İkinci Qarabağ müharibəsində - 22 yaşında şəhid olub». - Dostum Hüseynin müəllifi olduğu «Vətənin ölməz şəhidi»ni müqəddəs «Qurani Kərim» kitabı kimi ürəyimin üstünə qoyub mən də kövrək səslə belə dedim: «Türkman təkcə sənin bacın oğlu deyil, o, həm də mənim bacım oğludur, hər bir azərbaycanlının bacısı oğludur. O qeyrətli Vətən oğlu doğma Qarabağın azadlığı uğrunda, həm də damarlarında türk qanı axan hər kəsin azad və xoşbəxt yaşamağı uğrunda, Azərbaycanın suverenliyi uğrunda şəhid olub, canını bu millətin yolunda qurban verib». - Susdum. Daha heç nə deyə bilmədim. Axı nə deyəyədim?
Və həmin günün axşamı «Vətənin ölməz şəhidi» kitabını oxumağa başladım. Qəhər məni boğurdu, göz yaşlarımı saxlaya bilmirdim. Kitabı oxuya-oxuya özümü Türkman balamızın yanında - döyüş cəbhəsində hiss eləyirdim, özümü onunla birlikdə döyuş meydanında - Füzuli-Cəbrayıl-Qubadlı istiqamətində gedən ölüm-dirim savaşında görürdüsm. Həm də görürdüm ki, o igid əsgərlə, Vətənin qəhrəman oğlu ilə çiyin-iyinə vuruşuram. Bir də baxıb gördüm ki, gecə yarıdan keçib, pəncərəmdən Ay işığı süzülür. Ay işığına baxdım. Birdən mənə elə gəldi ki, pəncərəyə düşən Ay işığı Türkmanın müqəddəs ruhudur. Elə bu zaman qeybdən bir səs gəldi:
- Oxuduğunuz nə kitabıdır?
- Şəhid Türkmanın ömür kitabıdır, - qürurla bildirdim.
- Türkmanın ömür kitabı hələ yazılıb qurtarmayıb.
- Türkman ömür kitabını özü yazıb, - dedim. - Onun yazdığı ömür kitabı bu günkü və gələcək nəsillər üçün bir vətənpərvərlik, yurdsevərlik nümunəsidir, düzlük, şərəf və ləyaqət, igidlik, cəsurluq, qorxmazlıq nümunəsidir, kişilik və qeyrət nümunəsidir.
- Düz deyirsiniz! Türkman kimi oğullar vətənin, millətin başucalığıdır, qeyrət simvoludur. Onlar Vətən üçün doğulub, Vətən üçün canlarından keçərək ölməzliyə qovuşurlar… Türkman indi Tanrı dərgahındadır! - Qeybdən gələn səs qəfil eşidildiyi kimi, qəfil də yox oldu. Ay işığı pəncərəmdən yavaş-yavaş çəkilirdi. Hiss etdim ki, dan yeri qızarır. Dan yerinin qızartısında Türkmanı gördüm. Onu səsləmək istədim. Elə bu zaman diksinib ayıldım və yuxu gördüyümü hiss elədim. Və mənə elə gəldi ki, şəhid Türkman Məmmədovun ruhu Ay işığına dönüb mənimlə «görüşə» gəlib. Doğrudan da «Vətənin ölməz şəhidi» kitabını oxumaq, elə şəhid Türkmanın ruhu ilə görüşmək deməkdi. Və mən də kitabı oxuyub vətənin qəhrəman oğlu ilə görüşdüyümü zənn edirəm.Kitabın hər səhifəsində Türkmanın özünü görürsən, onun vətənə, xalqa, millətə layiq bir oğul olduğunu hiss edirsən. Onun kimi oğullarla bir daha fəxr edirsən, öyünürsən. Öyünürsən ki,Azərbaycan Türkman kimi igid, mərd, cəsur oğullar yurdudur. Nə qədər ki, Türkman kimi oğullar var, Vətən də var! Məhz onun kimi igid oğulların sayəsində Azərbaycan öz suverenliyini bərpa elədi, üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində…dalğalanmağa başladı. Qarabağın hər yerində göylərə ucalan üç rəngli bayrağımız Türkman kimi ər oğulların canlarını qurban verməsi nəticəsində dalğalınır və həmişə də dalğalanacaq…«Vətənin ölməz şəhidi» adi kitab deyil, Hüseyn adlı dayının bacısı oğlu Türkmana ucaltdığı möhtəşəm bir abidədir. Bu abidə sözlə ucaldılıb. Sözlə ucaldılan abidə abidələrin ən möhtəşəmidir və həm də əbədidir.
Kitabı yarpaq-yarpaq çevirib oxudum və hər səhifəsinə göz yaşlarımın damla-damla töküldüyünü görüb özümü ələ almağa çalışdım. Amma bacarmadım. 22 yaşlı gəncə - ürəyində sevgi tumurcuqları təzəcə göyərməyə başlayan bir cavana necə göz yaşları axıtmayasan? «Füzulinin azadlığı uğrunda», «Vətən uğrunda» medalları ilə təltif edilən, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan, adını İkinci Qarabağ müharibəsinin ən şanlı səhifələrinə qızıl hərflərlə yazdıran Türkman Yolçu oğlunun gənc yaşlarında həyatdan köç etməsinə kədərlənsək də, onun keçdiyi şərəfli, amma qısa ömür yoluyla fəxr edirsən, sevinirsən. Sevinirsən ki,onun kimi yurddaşımız, soydaşımız olub və onun kimi oğullar bu gün də var, sabah da olacaqdır.
«Vətənin ölməz şəhidi» kitabını oxuyub başa vurandan sonra istər-istəməz öz-özümə pıçıldadım: «Sağ ol, Yolçu kişi! Sağ ol, Rəhimə bacı! Sağ olun ki, Türkman kimi oğul böyütdünüz. Elə bir oğul ki, o, təkcə sizin deyil, bütün Azərbaycanın oğlu kimi tanındı. Onun kimi oğullarla, ancaq fəxr etmək olar!
Başını dik tut, Rəhimə ana!
Başını dik tut, Yolçu kişi! Türkman ölməyib, şəhid olub. Şəhid olmaq Tanrının bəxş etdiyi ən böyük xoşbəxtlikdi. Bu xoşbəxtlik sizin oğlunuza da qismət oldu. Bu, Allahın qismətdiir. Allahın qismətinə şükür!».
…Yazıçı Hüseyn Məmmədov «Vətənin ölməz şəhidi» kitabıyla, həm öz yazıçı missiyasını, həm də öz dayı borcunu ləyaqətlə yerinə yetirib. Qələmini ürəyinin qanına batırıb belə bir təsirli və sanballı kitabı oxuculara ünvanlayıb. Bu kitab həm də bir qəhrəmanlıq dastanıdır. Bu kitabı oxuyan hər bir gəncin qəlbində qəhrəmanlıq, vətənpərvərlik duyğuları baş qaldıracaq və onlar da Türkman kimi vətənə layiq bir övlad olmağa çalışacaq, Türkmanın keçdiyi həyat yolundan çox şey öyrənəcəklər…
«Vətənin ölməz şəhidi» (Bakı, 2021) xatirələr toplusunda Türkman Məmmədov haqqında geniş məldumat verilib, onun həyat yoluna bir nəzər salınıb. Bu xatirələri oxuduqca, onun ömür yolu ilə tanış olduqca gözlərimiz önündə ucaboy, enlikürək, cəsur və mərd bir oğul canlanır. Elə bir oğul ki, onun kəsilən dırnağını müharibə vaxtı dovşana, dinc vaxtı şirə dönən yüzlərlə harınlamış məmur balalarının həyatından daha qiymətlidir. Elə bir oğul ki, dünyaya kişi kimi gəldi, kişi kimi getdi. Və İkinci Qarabağ müharibəsindən yayınan, qaçıb gizlənən varlı balaları onun kimi oğulların əllərinə su tökməyə belə layiq deyillər.
Türkman kimi oğullar, əslində harın məmur balalarına, varlı balalarına bir kişilik dərsi keçdilər. Amma onlar kişilik dərsinə yiyələnə bilmədilər. Kişilik kişinin qanında olar. Var-dövlət, sərvət içində xumarlanan, yaşadıqları qəsrləri vətən bilən «kişilərdən» kişilik gözləmək də əbəsdir.
Türkman ərz elədiyim kimi dünyaya kişi kimi gəlmişdi… İlk kişilik dərsini dünyaya göz açdığı Gədəbəy elinin Hacılar kəndində almışdı. Hacılar kəndinin dağ havası, bulaq suyu onu mərd, cəsur böyütmüşdü. Eləcə də atası Yolçu kişinin haqqsevərliyindən, halallığından, zəhmətsevərliyindən… onun damarlarında axan qana, sinəsində döyünən ürəyə bir vətənpərvərlik toxumu, qeyrət toxumu səpilmişdi. Bu qeyrət, vətənpərvərlik «toxumu» onun polad sinəsində yavaş-yavaş cücərib boy atmışdı. Məhz buna görə də, Türkman qəhrəman oğul olmaldıydı, oldu da.
Qəhrəmanlıq süddən, sümükdən gəlir. Türkman onun taleyinə yazılan qəhrəmanlıq missiyasını şərəflə yerinə yetirdi. Oktyabrın 2-də cəbhəyə yola düşdü. 25 gündən sonra qanıyla bir qəhrəmanlıq, igidlik dastanı yazaraq haqq dünyasına qovuşdu. Onun yazdığı qəhrəmanlıq dastanı «Vətənin ölməz şəhidi» kitabında əks olunub. Ona görə də Türkmanın qəhrəmanlığından, şərəfli ömür yolundan söz açmadım, sadəcə olaraq qəhrəman bir oğuldan bir neçə söz deməklə kifayətlənməli oldum.
Və ən nəhayət, sözümü üç yarpaq şeirlə tamamlamaq istəyirəm:
Sonalar uçuşub hər göldən gedər,
Ən şirin arzular könüldən gedər.
Vətən əldən gedər, yurd əldən gedər,
Türkman tək oğullar olmasa əgər!
İndi nə Kəlbəcər, nə Şuşa vardı,
Doğma türk elləri yada qalardı.
Axan göz yaşımız daşı oyardı,
Türkman tək oğullar olmasa əgər!
Bilməzdik payızdı, bilməzdik yazdı,
Şəhidlər olmasa, Vətən olmazdı.
Düşmən daş üstündə bir daş qoymazdı,
Türkman tək oğullar olmasa əgər!Vaqif İSAQOĞLU
Facebook'da Paylaş