“MƏN KOMANDİRƏM, SİLAHIM YANIMDA OLMALIDIR”

7-11-2022, 17:33

“MƏN KOMANDİRƏM, SİLAHIM YANIMDA OLMALIDIR”


“MƏN KOMANDİRƏM, SİLAHIM YANIMDA OLMALIDIR”

QARABAĞ VƏTƏN MÜARİBƏSİ ŞƏHİDİ – RƏŞAD İLQAROĞLU

YAZIYA GİRİŞ... Çoxdan tanıyırdım. Bacısı ilə eyni məktəbdə işləyirdik. İlk dəfə bacısı ilə mənə toy dəvətnaməsi gətirəndə görmüşdüm onu. Yadımdadır ki, 28 May metrostansiyasının platformasında görüşdük, tanış olduq. Göyçək, yaraşıqlı sifəti, şirin görkəmi, iri gözləri və gülümsər çöhrəsi diqqətimi özünə çəkdi. Belələri haqında deyirlər ki, filankəs şikil kimidir. Bacısı “qardaşımdır, Rəşaddır” – dedi. Tanış olduq. Sonra onu bacısının ailə qurduğu, birgə çalışdığımız məktəbin yerləşdiyi kənddə arabir qohum toylarına atası, ya da dayısı ilə gəlib-gedən görürdüm... Sonralar da onu soruşurdum...
Müharibə dövrü eşitdim ki, könüllü döyüşməyə gedib. Bir gün isə, məktəbimizin müəllimi, həm də Rəşadgilin qohumu Eldar müəllim zəng elədi ki, Rəşad şəhid olub, Zabratda – həyətlərində mərasim olacaq. Elə bil dünya başıma fırlandı. Heyf o şikil kimi oğlandan... göz yaşları içində qeyri-ixtiyarı köks ötürdüm. Müharibə adamları qan-qadaya öyrədir. Nə qədər ağır olsa da daha çox şəhidliklə - bu cür ölümlə barışmağa, ona öyrəşməyə məhkumuq, yoxluğa alışmaq valideyn üçün, ailə üçün, cismdən gedənin yaxınları, əzizləri üçün bunu vərdişə çevirmək isə çox çətindir, müşküldür.

Artıq 2 ildir ki, Rəşad şəhidliyin zirvə məqamındadır. Fəqət o şikil kimi oğlan heç gözlərimdən çəkilmir. İki qardaşın bir bacısı, sadə, mehriban, səmimi xarakteri ilə yaddaşıma köçmüş atası, bəlkə daha çox anası, kiçik qardaşı, şəxsi ailəsi, körpə övladları... onun üçün daha çox darıxırlar, yəqin. Onları ovundura biləcək isə mənim bu yazdıqlarım da, mənə qədər yazılanlar da, xatirəsinə keçirilən anım tədbirləri də Rəşadı - O şikli kimi oğlanı, o igid, o cəsur oğlanı, doğma vətən üçün “uff” demədən canını əlbəhəl verən müzəffər ordumuzun o qəhrəman oğlunu əvəz edə bilməyəcək. Fəqət, o və onun kimi şəhidlərimizin, qazilərimizin, digər əsgər və zabitlərimizin sayəsində 30 illik işğal əzabından qurtulduq və dinc yaşamaq haqqımız qaytarıldı. Bu bizə bəs etməzmi?

Əslən Yevlax rayonunun Qoyunbinəsi kəndindən olan qəhrəmanımız Rəşad İlqar oğlu Rəhimov 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinndə leytenantlıq kursunu bitirib. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Səfərbərlik Xidmətinə müraciət edib. Ancaq hələlik ehtiyac olmadığından onun cəbhəyə göndərilməsi məsləhət bilinməyib. Buna baxmayaraq, azğın düşmənə qarşı hiddəti aşıb-daşan Rəşad bəy erməni quldurlarının Tovuz rayonuna hücumuna dözə bilmir və təkrar Səfərbərlik Xidmətinə gedərək könüllü döyüşmək istədiyini bildirir. Bu dəfə də istəyi nəzərə alınmır və gənc zabit ehtiyat qüvvə kimi saxlanılır. Nəhayət, dördüncü dəfə bir daha cəhd göstərir və səfərbərliyə alınmasını təkidlə tələb edir. Bu o zaman idi ki, düşmən bütün cəbhəboyu hücüma keçməyə can atırdı. Xüsusilə, Cəbrayıl ərazisində güclü atışmalar gedirdi. Azərbaycan Ordusunun yaxşı təlim görmüş igid əsgərləri çox keçmədən qarı düşmənin burnunu ovdular və az zaman içində rayonun Böyük Mərcanlı, Nüzgar və Şəybəy kəndləri işğaldan azad edildi.

Sonra ordu qüvvələri sərhəd boyu sürətlə irəliləyərək daha bir neçə kəndi azad etdilər. Paralel olaraq Füzuli və Hadrut rayonları uğrunda gedən döyüşlər zamanı düşmən xeyli itki verərək geri çəkilmək məcburiyyətində qaldı. Qubadlı və Zəngilan uğrunda gedən yüksək döyüş əzmi xüsusilə yadda qalandır. Bu rayonların işğaldan azad edilməsi düşmən qoşunlarının Ermənistanın içərilərinə doğru çəkilməsi demək idi. Belə də oldu. Azğınlaşmış düşmən 30 ilə yaxın əlində saxladığı torpaqları vermək istəmirdi. Bu illər ərzində onlar əməlli-başlı keçilməz mühafizə zolağı yaratmış, yeraltı səngərlər - möhkəm istehkamlar qurmuş, geriyə çəkildikcə maneə üçün piyada və tank əleyhinə minalar basdırmışdılar. Bu illər ərzində erməni əsgərləri ərazinin döyüş gedən meşə və dağlıq ərazilərini daha yaxşı öyrənənmişdilər, deməli, onların kəşfiyyat dəstəsi mühüribə şəraitini bizim-kilərdən daha yaxşı bilməli idilər və hiss olunurdu ki, buna ciddi hazırlaşmışdılar da. Lakin müharibənin gedişi hər şeyi alt-üst elədi. Düşmən tərəf əmin idi ki, Azərbaycan Ordusunu tezliklə məğlubiyyətə uğradacaq. Ancaq elə ilk andaca aldıqları ağır zərbədən sarsıldılar və kifayət qədər böyük itki verərk sürətlə geriyə çəkilməyə başladılar. Bu itkilərin bir çoxu hərbi sursat və döyüş texnikaları idi. Qəhrəman oğullarımız onları hərbi qənimət olaraq götürdülər. Az zaman içində, mübariz və yenilməz Azərbaycan ordusunun qorxubilməz igid əsgərləri Qubadlı və Zəngilan rayonlarının bütün ərazilərini düşməndən təmizlədlər və dövlət bayrağımızı rayon mərkəzlərinə sancdılar. Bu qanlı döyüşlərdə özünün cəsur döyüş qabiliyyəti və cəsarəti ilə seçilən qəhrəman oğullarımız sırasında Rəşad İlqar oğlu Rəhimov da var idi. O və onun kimi minlərcə qəhrəman oğullarımızın doğma Vətənə hədsiz bağlılığı, düşmənə intiqam hissilə döyüşlərə atılmaları erməni silahlı qüvvələrinin darmadağın edilməsi və cəmi 44 gün ərzində qələbəmizin təmin olunması ilə nəticələndi. II Qarabağ Müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həm canlı qüvvə, həm texniki imkanlar, həm döyüş prosesində yüksək ustalıqla manevr qabiliyyəti, hədəfə daha tez çatmaq üçün bütün qeyri-adi bacarıqlara malik olmasına görə də düşmən ordusundan qat-qat üstündür. Bizim silahlı qüvvələrin gücü igid əsgərlərimizlə bərabər həm də Rəşad kimi vətənə sevgi ruhu böyük olan, heç zaman ayıq-sayıqlığı itirməyən, komandiri olduğu taqımı ağılla idarə edən, onu daha az itki ilə döyüşdən döyüşlərə apara bilən və hər həmlədə üstünlüyü ələ alıb yalnız qələbəyə doğru irəliləyən zabit heyəti ilə müəyyən edilir. Baş leytenant R.Rəhimov buna tipik nümunədir. O, ən çətin anlarda belə qürurunu itirmədən ölümün gözlərinin içinə düz baxdı, düşmənin üzərinə şığıdı, ona etibar edilmiş silahı belə göz bəbəyi kimi qorudu. Çünki silah düşmən çəpəridir, igid babalarımızdan qalma namus əlamətidir. Silahı əldən vermək qeyrəti tapdalamaqdır, açıq kişi döyüşündə meydandan qaçmaqdır. Rəşad isə ən təhlükəli anda Ana Vətənin ona etibar etdiyi silahı qorudu. Mühasirəyə düşdüyü çətin anlarda silahı atıb qaçmadı, üzdəniraq erməni köpəkləri kimi. Götürdü və irəli cumdu. Nə yazıq ki, qənşərdən gələn güllə onu köksündən tutdu. Arxadan yox, öndən yara aldı. Bu yara getdikcə dərinləşdi, ağırlaşdı və... onu şəhidlik adlanan ucalığa qovuşdurdu. Bu Rəşadın müharibdəki taleyi ilə bağlı son akkordlar oldu. Onun son döyüşü də elə burda bitdi. Şuşaya bizimkilərin hücümü başlanmışdı. Düşmən bu alınmaz qaladan çıxmaq niyyətində deyildi. Güclü müqavimət göstərirdilər. Azərbaycan döyüçüləri düzgün taktika seçdi. Şəhərə zərər vurmadan düşmənlə əlbəyaxa döyüşə başladı və onların bu hücum ermənilərdə vahimə yaratdı. Təslim olmaq və geri çəkilməkdən başqa çarə qalmadı. Nəzərə alsaq ki, bu döyüşlərin aparıldığı meydan çətin keçilən meşəliklər və sərt, səngər təsəvvürü yaradan hündür, düz lay qayalıqlar idi, o zaman Azərbaycan əsgər və zabitlərinin döyüş bacarığını və ruhunu təsəvvür etməmək, göz önünə gətirmənək mümkün deyil. Bu sədləri bizmkilər mətanətlə yardılar. Bu meydana aşağıdan üzüyuxarı can atan Rəşadgilin dəstəsi Şuşa-Xankəndi yolu ilə düşmənin bağrını yara-yara sürətlə irəliləməkdə ikən qəfildən mühasirəyə alınırlar. Elə bu vaxt Rəşadın silahı əlindən düşür. Heç nə fikirləşmədən silaha doğru gedir və götürüb qayıdarkən quduz yağı tərəfindən vurulur. Mühasirə yarıldıqdan sonra Rəşadın vəziyyəti məlum olur. 9 noyabrda baş verən bu son döyüş də bizimkilərin qələbəsi ilə başa çatır. Təbii ki, qan-qadasız da bitmir. Alınmaz qala olan Şuşa nəhayət ki, qəhrəman oğullarımızın güclü döyüş əzmi hesabına təzədən özümüzə qayıdır. Düşmən ərazidən it sürüsü kimi qovulur. Qırılan qırılır, qaça bilən isə canını güclə qaçıb qurtarır.

HƏQİQƏT XATİRƏLƏRDƏN DOĞULUR

I XATİRƏ

...44 günlük Vətən Müharibəsində 3-cü taburunda 7-ci bölüyün 3-cü taqım komandiri, baş leytenant Mustafazadə Mustafa Əflatun oğlu Rəşadla Təlim-Tədris Mərkəzində bir yerdə zabitlik kursunda oxumuş, müharibənin dəhşətli anlarını, ağrılı günlərini birgə yaşamışlar. Onun Rəşadla bağlı xatirələrini dinlədikcə təsir-lənməmək olmur...
Mənim Rəşadla tanışlığım 2006-cı ildə zabitlik kursu oxuyanda başladı. Rəşad çox ürəkli, cəsur, mehriban, əsl dost idi. Sonra mən müharibəyə gedəndə Rəşadı Yevlax rayon hərbi komissarlığında gördüm. Soruşdum sən də gedirsən, dedi, hə. Yevlaxdan bir maşında getdik müharibəyə. Ağcabədidə bir yerdə olduq. Yeməyimiz, içməyimiz, hətta yatmağımız belə bir yerdə olurdu. Sonra bizim hər ikimizi gəlib apardılar Füzuliyə. Füzulidə də eyni bölüyün zabitləri olduq. Rəşad 2-ci, mən isə 3-cü taqımın komandiri idim. Rəşad döyüşlərdə iştirak etməkdən ötrü çox can atırdı. Bölük komandiri əməliyyata getmək üçün könüllü dəstələrə müraciət edəndə həmişə qabağa birinci Rəşad çıxırdı, yol uzun olsa da, nə qədər yorğun olsa da belə. O, həmişə öndə idi. Qubadlıda general mayor Mais Bərxudarovun rəhbərlik etdiyi əməliyyata Rəşad könüllü getdi. Həmin əməliyyata ya mən getməli idim, ya da o. Amma Rəşad məni getməyə qoymadı. Dedi sən bölüyün digər şəxsi heyəti ilə qal burda, mən gedirəm. Bu əməliyyat həm ağır, həm də riskli əməliyyat idi. Gedib qayıtmamaq var idi. Amma Rəşad tərəddüd etmədən o əməliyyata getdi.
Bir dəfə Qubadlıdan yolun yuxarı hissəsindən keçib səhv etmirəmsə, Tuğ kəndinə gəlib burda məskunlaşdıq. Ermənilər meşədə bizim kolonlarımızı ağır artileriya ilə vururdular. Onda Rəşadın silahı çiynindən düşmüşdü. Orda bölük komandiri bizi ayırdı və ayrı-ayrı ağacların altında oturduq. Özümüzə mövqe tutanda Rəşad gəlib təlaş içində dedi ki, silahımı tapa bilmirəm. Artilleriya aramsız vururdu. Ona dedim ki, qoy artilleriya atəşi sakitləşsin, taparıq. Ancaq o heç cür rahat ola bilmirdi. Artileriya isə heç sakitləşmirdi. Buna baxmayaraq, Rəşad yağış kimi yağan güllələrin altında gedib silahını tapıb gətirdi. Sən demə, silahı maşının yanına düşübmüş. Dedi ki, zabitin silahsız olması ən axırıncı işdir. O bunu qəbul edə bilmirdi. “Mən komandirəm, silahım yanımda olmalıdır!”
Rəşad gecə növbətçiliyinə çıxanda heç vaxt bəhanə gətirməz, yuxusuzluğunu, yorğunluğunu biruzə verməz, “mən ağrıyıram”, deməzdi. Daşaltıda mühasirəyə düşəndə gecəni qayanın arxasında üstümüzə plaş, çadır çəkib gecələdik. Gecə Qərargah rəisi kapitan Amil Mirzəyevə əlaqəyə girib bildirdilər ki, ərzaq gəlib dəstə ayırın, gedib gətirsinlər. Dedim mən gedirəm. Rəşad dedi ki, yox mən də gedəcəm. Dedim Rəşad, sən narahatsan, ayağın incidir, mən gedim, sən qal. O, yenə əl çəkmədi. İinadkarlıqla gecə mənimlə və əsgər heyəti ilə birgə gedib ərzaqın gətirilməsinə kömək etdi...
Biz Daşaltıdan Şuşaya gedəndə rəhmətlik Rəşadla Noçuyev Surxay cərgədən ayrılmışdı, çünki Rəşadın ayağının altının dərisini botinka soymuşdu, mazol eləmişdi, suluqlamışdı. Ayaları çox pis vəziyyətdə idi. Kombat bunu gördü və onu cərgədən çıxartdı. Tapşırdı ki, Rəşad, sən getmə. Bu ayaqla getsən, yaralansan, vurulsan sən bizə yük olacaqsan. Onda mən məcburam əlavə 4-5 nəfər şəxsi heyət ayıram ki, səni o ərazidən çıxarsınlar. Buna baxmayaraq, yenə də o, ayağı zədəli-zədəli gecə bizim xəbərimiz olmadan cərgəyə qoşulmuşdu. Biz Şuşanın girəcəyində səhəri açdıq. Bu zaman gördük ki, Rəşad aramızdadır. Soruşduq ki, sən nə gəzirsən burda, sənin ayağın yaralıdır axı. Dedi mən sizi tək qoyub gedə bilmərəm. Narahat olmayın, özümü hərliyəcəm birtəhər... Yəni heç vaxt şəxsi heyətdən geri qalmazdı.
Ən böyük arzusu Şuşada döyüş aparmaq idi. Biz orda onu danladıq ki nahaq gəldin. Dedi yox e, mən sizi qoyub gedə bilməzdim. Axıra qədər siz hara, mən də ora.
...Biz Qubadldan Şuşaya istiqamət alanda bütün zabit heyəti və Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyev - hamımız dedik ki, zabit heyəti qabaqda otursunlar; həm zabit heyəti kimi, həm də “starşı maşın” kimi. Maşında da boş yer var idi. Rəhmətlik Rəşada dedim ki, gəl qabaqkı maşında otur, boş yer də var. Nə illah elədim, o qabaqda oturmadı. Rəhmətlik Surxay da, o biri zabitlər də təkid elədi. Dedi yox, mən əsgər heyəti ilə gedəcəm. Yəni nə qədər elədik, biz onu qabaqda oturda bilmədik...
Rəşad əlinə düşən hər bir şeyi paylaşmağı sevərdi. Cibində adı bir konfet də olsa belə, yoldaşları ilə bölüşürdü. Bir qurtum suyu da paylaşırdı; yarısını içər yarısını da yoldaşlarına verərdi. Suyu qapağında içərdi ki, hərəmizə bir damcı çatsın. Daşaltıda olanda çantasının küncündən ilişib qalmış bir dənə taxta peçenye tapdı. Onu 4 yerə böldü və hərəmizə bir tikəsin verdi ki, yeyin mədənizdə nəsə olsun.
Rəşad yoldaşı heç vaxt tək buraxmazdı. Bir dəfə də Daşaltıdan bir az yuxarıda, narlıqdakı asfalt yolda mühasirəyə düşmüş və ən axıra ikimiz qalmışdıq. O məni qabağa verdi ki: sən sürünə-sürünə get, mən də dalınca gəlirəm. Dedim, Rəşad, gəl ikimiz bir yerdə çıxaq. Razılaşmadı...

II XATİRƏ


R.Rəhimovla eyni taborda döyüş yolu keçmiş 8-ci bölüyün taqım komandiri Fədai Əlbəndə oğlu Abdullayevin silahdaşı haqqında söylədikləri onun döyüş yolu və xarakterik cəhətləri barədədir. O, danışdıqca xəyal məni çox-çox uzaqlara çəkib aparır. Eynimə birinci tarixi qəhrəmanlarımız gəlir: Babək, Cavidan, Şah İsmayıl Xətai, Nadir şah, Mehdi Hüseynzadə, Həzi Aslanov, Qafur Məmmədov, Gəray Əsədov, Cəmil Əhmədov... və I Qarabağ Müharibəsinin əfsanəvi qəhrəmanları gəlir. Onların fonunda Rəşadın o məsum və təbəssümlü çöhrəsini görür, son müharibədə igid bir komandirin özünü necə aparmağın fərqini tapıram.
“Bizim Rəşadla ilk tanışlığımız 16 oktyabr 2019-cu ildə oldu. Ağcabədidə hərbi hissələrin birində, toplanış məntəqəsində görüşdük. Rəşad orda hər kəsin yadında səmimi zarafatları ilə qalmışdı. Onsuzda Rəşadın siması gülərüz idi. İnsan onun üzünə baxanda təbəssüm yaranırdı, içindəki xoş niyyəti birbaşa simasında hiss edilirdi. Gözəl yumor hissləri varıydı. Hər kəs Rəşada ürəyiaçıq, zarafatcıl komandir kimi baxırdı.”
Fədaini dinləyirəm. Xəyalım uşaq vaxtı gördüyümüz müharibəli kinolara doğru uçur. Bir anlığa özümə qayıdıram. Müharibənin dəhşətini fikrimdə canlandıra-canlandıra Fədaini dinləyirəm: “Bizim tabor mexanikləşdirilmiş tabor idi. Ordan Qubadlının azad olunması istiqamətində hərəkət etdik. Cəbrayılı keçdik, Həkəri çayının üzərindən ötərək Sarıyataq ətrafında mövqe tutub, orda qaldıq. Burda da Rəşadla bir yerdə olduq və kifayət qədər maraqlı gün keçirdik, gəzmək imkanımız oldu. Çoxlu nar yedik, çoxlu nərd oynadıq. Axı o, nərdi sevirdi...” Bir anlığa susub, yenə sözünə davam edir: Rəşadgilin bölüyü bir az zəif idi, yəni burda nizamsızlıq vardı. Onunçün də taqım komandiri olan R.Rəhimov bölüyün bütün məsuliyyətini demək olar ki, öz üzərinə götürmüşdü.
Fədai bəy deyir ki, Qubadlının azadlığı istiqamətində Milli Qəhrəman Şükür Həmidovun vurulduğu postu götürmək bizim tabora həvalə edilmişdi. Qubadlıdan Şuşa istiqamətində döyüşlərə qatılmaq üçün yola çıxdıq. Tuğ, Çanaqçı, Sığnaq kəndlərini artilleriya atəşi altında keçərək Şuşa istiqamətində Daşaltıda döyüşə girdik. Şuşanın fəthi demək olar ki, Daşaltıdan keçirdi. Hərbi hissəmizin döyüş tapşırığı Daşaltını alıb, Laçından gələn yolu bağlamaq idi. Bu “bizim anladığımız” döyüş tapşırığı idi. Sonradan öyrəndik ki, məqsəd düşmənin bütün qüvvələrini üzərimizə çəkmək və onları tələfata uğratmaq imiş. Başqa sözlə, xüsusi təyinatlı qüvvələr döyüşə girərkən mümkün qədər az maneə ilə qarşılaşmalı idilər. Rəşadgilin bölüyü sıldırım qayaların dibi ilə sağ tərəfdən, biz isə Daşaltının yuxarı hissələri ilə hərəkət edirdik. Gəlib Şuşanın giriş hissəsində dayandıq. Oranı keçə bilmədik. Sonra Rəşadgil gəldilər və sol tərəfdən fırlanıb dağın arxa hissəsinə keçdilər. Onları atəş tutmurdu. Demək olar ki, mən onu Daşaltıda görmədim.
Bildiyim qədər onlar Şuşadan çıxan ermənilərlə meşədə rastlaşmış və burda atışma olmuşdu. Görünür, ermənilər orda avtomat və pulemyotlarla mövqe tutmuşdular. Bu atışmada bir çox əsgərlərimiz və komandir şəhid oldular.
Ən axırıncı harada gördüyümü xatırlamıram; noyabr ayının 9-u axşam saat 8 idi. Onu gözləyirdik... Rəşadı çox axtardıq... Biz onu meşədə axtarırdıq. Ermənistan və Azərbaycan əsgərləri Şuşanın çıxışında, meşədə qarşılaşıblar. Burda çox təhlükəli döyüş olub. O döyüşdə kimin sağ qalıb-qalmayacağı bilinmirdi. Orda Rəşadgilin Şuşaya girdiyi istiqamət vardı – “Köhnə yol”un “Zapravka”ya birləşdiyi yer. Oranı tapdıq və şəhidləri çıxartdıq, lakin Rəşad onlarınn arasında yox idi. Onu soruşduq, dedilər ki, çıxıblar, burda yoxdur. Sonra meyitini tapdıq, sən demə bir az aşağıda şəhid olubmuş. Mənə elə gəlir ki, Rəşadın orda uzaqlaşmaq imkanı olub, ona görə onu tapa bilməyiblər.
Və sonda yenə taqım komandiri, baş leytenat Fədai Abdullayevin sözlərini xatırlayır və razılaşmaya bilmirəm: - Döyüşə qatılmaq, canını qoymaq ən böyük qəhrəmanlıqdır.
...Elə bil döyüş olmadı ki, Rəşad orda iştirak eləməsin. Geri durmur, döyüşə çağrılanda can-başla gedirdi. Canını qurban verməyə can-başla gəlmişdi. Allah onu qəbul elədi...

III XATİRƏ

Atası şəhid oğlu haqqında onun mərd, mübariz bir övlad olduğunu deyir, bacısı onu da əlavə edir ki, Rəşad Vətən, Torpaq üçün nədən desən keçərdi. 2016-cı ildə könüllü getmək üçün yazılsa da aparmamışdılar deyə, bu müharibə başlayanda bir yerdə qərar tuta bilmirdi. Tez-tez hərbi komisarlığa zəng vurub tələb edirdi ki, mən ehtiyatda olan zabitəm, niyə aparmırsınız?
Ömür yoldaşı deyir ki, Rəşad bir qayğıkeş ata kimi uşaqlarının gələcəyini işıqlı görmək istəyirdi. Deyirdi ki, mən istəyirəm uşaqlarımız oxusunlar, savadlı olsunlar.

SÖZARDI... Rəşadın müharibə dövrü keçdiyi ağır yol, həm də şərəfli yoldur. Qəhrəmanımızın ön cəbhədəki mahir döyüş qabilyyəti, göstərdiyi şəxsi igidlik və sücaət, tapşırıqları sözsüz və uğurla yerinə yetirməsi dövlətimiz tərəfindən qiymətləndirilib. Belə ki, ölümündən sonra baş leytenant Rəşad İlqar oğlu Rəhimov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”; Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilib.
Baş leytenant Rəşad Rəhimov həmçinin, ölümündən sonra Azərbaycanın Füzuli, Şuşa, Zəngilan və Qubadlı rayonlarının azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi idigidliyinə və sücaət nümüyiş etdirdiyinə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən eyniadlı medallarla da təltif edilib.
SON. Azərbaycan Ordusunun Baş leytenantı Rəşad Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın, Qubadlının, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərmiş və noyabrın 9-da Şuşa-Xankəndi istiqamətində şəhid olmuşdur.
Qəhrəman zabitimiz II Fəxri Xiyabanda dəfn edilmişdir. Onun özündən sonra Fatimə və Ömər adlı iki övladı qalmışdır.
Allah Rəşad bəyin timsalında bütün Vətən şəhidlərinə qəni-qəni rəhmət elsəin, yerləri cənnət, ruhları şad olsun! Vətən üçün canını qıyanlar ölmürlər, əbədiyyən dillərdə və könüllərdə yaşayırlar.

Yusif DİRİLİ (Mahmudov)
tarix üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Facebook'da Paylaş