Polad Poladov yazır: Əhməd müəllimin xeyir-duası
Əhməd müəllimin xeyir-duası Kənd toya hazırlaşırdı. 10 gündən sonra Əhməd müəllimin oğlu Pənahın toyu olacaqdı. Əhməd müəllim kənddə elə adam idi ki, dilindən heç kəs bir acı söz eşitməmişdi. Onun oğlunun toyunda iştirak etməyi hər kəs səbrsizliklə gözləyirdi.
Əhməd müəllim səhər evdən çıxıb məktəbə gedəndə poçtalyonun verdiyi kağız onu məyus etdi. Oğlu Pənah hərbi təlimə çağrılmışdı.
Evə qayıtdı. Yoldaşı Sayalı xala Əhməd müəllimin belə tez qayıtmasının səbəbini soruşanda istədi ki, çağırışı gizlətsin, ancaq mümkün deyildi.
-Ay Sayalı Pənahı hərbi təlimə çağırıblar. Allah axırını xeyir eləsin. Ancaq necə edək, biz bu toy ərəfəsində bunu Pənaha necə deyək.
Sayalı xala kədərlənsə də çalışdı ki, büruzə verməsin. Pənah eşitməsin. Ancaq artıq gec idi. Pənah içəri otaqdan hər şeyi eşidirdi.
Otağa keçib anasının üzünə baxdı, dönüb atasına dedi: - Ata, çağırilmışam, gedib iştirak edəcəyəm. Burda nə var ki. Toy təxirə salına bilər, ancaq Vətən üçün çağırış təxirə salına bilməz. Kənddə belə bir ailədən bundan başqa hərəkət gözləmək olmazdı. Əhməd müəllim ailəsi ilə şagirdlərinə bir nümunə idi.
Pənah yaxınları və kənd camaatı ilə görüşüb hərbi təlimə yola düşdü. "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi döyüşlərə başladı. Onun döyüş yolu Füzulidən başlayaraq Zəngilana kimi davam etdi. Zəngilan uğrunda gedən döyüşlər zamanı düşmən gülləsi onun döyüş yoldaşı Tahiri ağır yaraladı. Güllə dolu kimi yaşır, Tahir isə yaralı halda açıq mövqedə qalıb. Pənah bir anda səngərdən çıxıb Tahiri qucağına alıb geri qayıtdı. Ancaq arxadan yağan güllələr onun da kürəyinə dəydi. Tahiri səngərə ata bilsə də özü səngərə çata bilmədi.
Pənahın Şəhidlik zirvəsinə yüksəldiyi vaxtdan iki il keçib. Kənddə bu iki il ərzində heç kəs toy etməyib. Heç kəsin Pənahdan sonra Əhməd müəllimin üzünə çıxıb toy edirəm deməyə üzü gəlmir. Qonşu kənddən Vaqifin oğlu Həzi kənddən Mustafa kişinin qızı Vəsiləni oğluna istəyib. Aralarında aparılan söhbət belə olub ki, toy olmadan qızı evdən sakitcə çıxarıb aparsınlar. Toy mərasimini oğlan evi öz kəndlərində etsin.
Mustafa kişi toy axşamı Əhməd müəllimin evinə gəlir. Əhməd müəllim evdə yoldaşı Sayalı xanım ilə oturub söhbət edirdilər. Mustafa kişinin gəlişini çox xoş qarşıladılar. Mustafa kişi astaca, utancaq səslə, Əhməd müəllim, qadan alım, səndən xeyir-dua alıb qızı sabah yola salmaq istəyirəm. Əhməd müəllim Mustafa kişini yola saldıqdan sonra üzünü Sayalı xanıma tutub deyir:
_Ay Sayalı, kənd camaatı bizim hörmətimizi ki, belə saxlayırlar gəl sabah biz də öz adımıza layiq hərəkət edək. Səhər açılan kimi Əhməd müəllimin gözü yolda idi ki, qonşu kənddən gələnlərdən xəbəri olsun. Və nəhayət toy adamlarının Mustafa kişi gilə getdiyini gördü. Toy maşınlarının belə sakit gəlib keçməsi müəllimi daha da sıxdı.
Sayalı xanımı da götürüb Mustafa kişinin qapısına getdi. Əhməd müəllim o vaxt çatdı ki, gəlin qapıdan çıxmaq üzrədi. Camaatla salamlaşıb keçdi Mustafa kişinin yanına. Dedi Ay Mustafa kişi indi sən icazə ver gəlini mən bir qədər gecikdirim. Hər kəs həyəcanla Əhməd müəllimə baxır ki, indi nə olacaq. Əhməd müəllim Vaqif kişidən xahiş etdi ki, bir maşın getsin və tez toyçuları gətirsin. Maşın getdi və yarım saat keçməmiş toyçular gəldilər. Əhməd müəllim üzünü xalqa tutub dedi:
- Mənim əziz xalqım, bilirsiniz ki, iki il öncə mən oğlum üçün toy etmək istəyirdim. Pənah getdi döyüşə və Şəhidlik zirvəsinə yüksəldi. Pənah bu zirvəyə yüksəldikdən sonra tək mənim yox hamınızın oğlunuz oldu. Bu kəndin hər bir gənci də Pənahın qardaş və bacılarıdır. O Vətən deyib yola düşdü ki, bu bacılarının namusunu qorusun, qardaşları sabahlarını xoş günlərə açsin. O, Şəhid oldu ki elindən, obasından toy səsi əskik olmasın. Çox sağ olun ki, mənim yolumu saxladınız. İndi isə mən sizdən xahiş edirəm ki, Pənahın yurdundan toy səsini əskik etməyin. Və üzünü zurnaçıya tutub uca səslə: çal Qəzənfər, bir el havası çal!
İki ildən sonra ilk dəfə zurna səsinə həsrət qalmış kənd yenidən toy libası geyindi. Əhməd müəllim yoldaşı Sayalı xanımla göz yaşı və kədərini xalqdan gizlədərək onlar üçün nə qədər ağır olsa da birlikdə qol qaldırıb oynadılar ki, Pənahın yurdundan sevinc əskik olmasın.
Facebook'da Paylaş