Polad Poladov dosta sədaqətdən yazır
Polad Poladov dosta sədaqətdən yazır (Hekayə)Sübh çağı yenicə açılmışdı. Tapdıq dayı səhər yeməyini yeyib həyətdə işıq dirəyinə bağlanmış atın yanına getdi. Dərindən ah çəkib atin alığını üstünə atdı. Örkəni atın belinə çəkib heybəsini yana bağladı. Atın yüyənini açıb, axşamdan döyüb hazırladığı kərəntisini də götürüb yavaş-yavaş biçənəyə tərəf üz tutdu. Yol boyu fikirli-fikirli gedir, yan yörədə quşların səsinə, cırcıramaların cırıltısına məhəl qoymurdu. Biçənəyə çatanda gözlərinə inanmadı. Yerindəcə donub qaldı.
Tapdıq dayının zəmisi tamamilə biçilmişdi. Otlar qurumaq üçün lay-lay sərilmişdi. Tapdıq kişi elə bilirdi ki yuxu görür, axı bu necə ola bilər. O ki, sırağa gün burdan gedəndə bir kərənti ağzı yer də biçməmişdi…
Atın yüyənini buraxdı. Bir az irəli gedib zəminin ortasındakı daşın üstündə oturdu. Bilmirdi ki, sevinsin, yoxsa ağlasın. Gözləri dolmuşdu. Bir az aralıda qonşusu Rasimin atını gördü.
Rasim Tapdıq dayının oğlü Mərdanla yaşdaş idi. Bir məhəllədə böyüdükləri kimi eyni sinifdə oxuyurdular. Əbədi və sarsılmaz dostluqları var idi. Hər ikisi də ali təhsil almışdı. Rasim kənddə müəllim işləyir, Mərdan isə bələdiyyədə işləyirdi. Vətən müharibəsi başlayan gündən hər ikisi ehtiyatda olan zabit kimi hərbi xidmətə çağrıldılar. İki dost birlikdə Vətənin müdafiəsinə yola düşdülər. Ağır döyüş yolunu isə ayrılıqda, hər biri komandir olaraq davam etdirdilər. Döyüş mövqeləri yaxın olduğundan hər gün bir birindən xəbər tuturdular.
Müharibənin iyirminci günü Mərdan yaralı əsgəri döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tüş gəlir. Yaralansa da özünü əsgərin qarşısına verir. Dolu kimi yağan güllələr onu əbədi olaraq gözlərini yummağa vadar edir.
Rasim xəbərdən nə qədər sarsılsa da, artıq başqa yolu yox idi. Düşməndən tam qələbə ilə qisas almağı qarçısına məqsəd qoydu.
Nəhayət 44 günlük qələbədən sonra Rasim ordudan tərxis olundu. Ancaq kəndə necə gələcəyini və Tapdıq dayının üzünə necə çıxacağı onu cox düşündürür, üzürdü. Onu gətirən maşının kəndə gündüz gəlməsinə baxmayaraq Rasim kəndin yaxınlığında maşından düşür və qərara alır ki, kəndə axşam düşəndə girsin ki. Tapdıq dayı ilə üz-üzə gəlməsin. Birdən kişi məni görəndə dərdi dəbərər, ürəyi xarab olar, narahatçılıq keçirər,- deyə fikirləşdi. Axşam düşəndə ilk olaraq kənd məzarlığına gedib Mərdanı ziyarət etdi. Evə gələndən sonra isə Tapdıq dayıdan qaçır, istəmirdi kişi ilə üz-üzə gəlsin. Axı ona söz vermişdi ki, Mərdanla birlikdə qayıdacaq. Demək qismət beləymiş…
Rasim biçin başlayan günü öz yerlərini biçməzdən öncə qərara aldı ki, Tapdıq dayının yerini biçsin. Elə də etdi. Axşam hava tam aydınlıq idi. Rasim kərəntisini götürüb Tapdıq dayının biçənəyinə getdi. Gecəni səhərə qədər ay işığında Tapdıq dayının yerini biçdi. Səhər açılandan bir az keçmışdı. Yorğunluğunu almaq üçün bir yarğana söykəndi. Az keçməmiş yuxuya daldı.
Tapdıq dayı Rasimin atını görən kimi bildi ki, bu onun işidi. Ata tərəf gəldi. Baxdı ki, Rasim dərin yuxuya gedib. Rasimin başına sığal çəkib alnından öpmək istəyəndə göz yaşını saxlaya bilmədi. İki damcı Rasimin üzünə düşdü. Rasim yuxudan ayılıb Mərdan, gəldinmi qardaş,-deyə qışqırdı. Birdən başının üstə Tapdıq dayını gördü. Mərdan hanı Tapdıq dayı -deyə kişini sorğuya tutdu. Tapdıq dayı nə deyəcəyini bilmədi. Matdım-matdım Rasimin üzünə baxdı. Rasim isə aramsiz danışırdı…
-Tapdıq dayı axı Mərdan burda idi. Mənə dedi sən bir az dincəl. Mən bulaqdan su gətirib gəlirəm. Üzümə düşən damcıları da onun gətirdiyi su zənn etdim. Gecəni səhərə kimi mənimlə söhbət edə-edə ot biçmişik deyərək xəyala daldı. Nə olduğunu anlamağa çalışırdı.
Tapdıq dayı arif adam idi. Başa düşdü ki, oğlunun ruhu dostunu gecə tək buraxmayıb.
Polad Poladov
Facebook'da Paylaş