Tənha ərik ağacının kölgəsi

25-09-2021, 17:50

           Tənha    ərik ağacının kölgəsi

Nuray Nəzərova

Fərman təyyarənin enişini səbirsizliklə gözləyirdi. Görəcəyi şəhərin xəyallarında canlandırdığı qədər gözəl olduğuna inanmaq istəyirdi . Şəhərin üzərində dolanarkən, ən gözəl və ağacların çox olan yerində bayraq meydanını gördü. Üç rəngli bayraq sanki küləklə dava edirdi. Külək onu yatızdırmağa çalışsa da o, yenə də dalğalanır, məğrurluğunu itirmirdi. Fərman bu şəhər haqqında bildiklərini kitablardan öyrənmişdi. Bir də, qonşuları Əhməd dayının bu şəhər haqqında danışdığı nağıllardan.
Nəyahət, təyyarə Şuşanın hava limanına endi. Fərman təyyarədən enən kimi dağlardan gələn sərin hava, ana körpəsini oxşar kimi onun üzünü oxşadı. Sevinirdi, çünki. çox xoşbəxt idi. Bəli, o, yay tətilini Şuşada keçirəcəkdi. Burada onların bağ evləri vardı. Atası, Şuşanın bol sulu, ağaclı yerində tikdirmişdi evlərini. Müharibədən sonra demək olar ki, Şuşada təmirsiz ev qalmamışdı. Hər tərəfdə gözəl binalar gözə çarpırdı.
Fərman ailəsi ilə birgə atasının əvvəlcədən sifariş verdiyi taksiyə oturub evlərinə yollandı. Yol boyunca maşının pəncərəsindən bir-biri ilə əl-ələ tutub yallı gedən dağlar görünürdü. Fərman hər gördüyü dağın, meşənin adını atasından soruşur, məktəbə qayıdanda dostlarına demək üçün çoxlu tətil xatirəsi toplamağa çalışırdı. Sarı rəngli taksi nəhayət Fərmangilin evlərinin önündə dayandı. Anası və atası maşının arxasından çamadanlarını götürüb evə daxil olurdu. Lakin şəhərin görüntüsü, dağlar, meşəliklər Fərmanı çox uzaq xəyallara aparmışdı. O, xəyallarında uzandıqca-uzanan Topxana meşəsində at çapır, bayraq meydanının ən yüksək hissəsinə kimi ən yaxşı qaçış ustası olaraq çatırdı.
Evləri müharibədən sonra ən gözəl və müasir dizaynda tikilmişdi. Şuşanın demək olar ki, bütün evləri belə idi. Hər evdə internet, hər evdə xüsusi telefon şəbəkələri quraşdırılmışdı. Müharibədə dağılan tarixi abidələr öz gözəlliyini yenidən qazanmış, hər şey gözlənildiyindən də yaxşı alınmışdı. Fərman evə qaçaraq keçdi. Otağına qalxdı, çamadanını boşaltdı, paltarını dəyişib, bir atlet sərbəstliyi ilə at tövlələrinə getdi. Orda Şimşəyin belinə atlanıb, atını Topxana meşəsinə tərəf çapmağa başladı.
O, Şuşanın yaylaqlarında at belində çapmağı sevirdi. Indi xəyalları gerçəyə çevrilmişdi. İstədiyi qədər gəzişə bilərdi. 10 yaşı olmasına baxmayaraq, böyük şəhər Bakının səs –küyü onu həmişə sıxırdı. Şuşada isə o, özünü lap doğma diyardakı kimi hiss edirdi.
Topxana meşəsini o baş, bu baş çapdıqdan sonra Fərman atının yorulduğunu hiss etdi. Ona görə də meşənin kənarı ilə yavaş –yavaş getməyə başladı. Hava o, qədər təmiz, o qədər səfalı idi ki, Fərman vaxtın necə gəlib-keçdiyini bilmədi. Fərqində olmadan gecənin Topxana meşəsini qucaqladığını gördü. Artıq vaxtdı, evə getməli idi.. Amma, nə at çapmaqdan, nə içinə çəkdiyi təmiz havadan, nə də ona nəğmə deyən quşların, cırcıramaların səsindən doymuşdu. Birdən bir çobanın ona tərəf gəldiyini gördü. Atını saxladı. Çoban kimin uşağı olduğunu soruşdu.
- Ay bala artıq gecə düşür, get evinə qorxarsan burda. Meşələr gecə qorxulu olur.
Fərman atını mahmızlayıb, gülməyə başladı.
– Babacan şəhər mənim şəhərimdi, bu meşə də mənim meşəmdi. Bura gələn məndən qorxsun, mən kimdən qorxacağam deyib, atını çaparaq çobandan uzaqlaşdı. Birdən gözü yolunun üstündəki tək-tənha ərik ağacına sataşdı. Sanki, əvvəllər çevrəsində nələrsə vardı. Indi tənha qalıb, boynunu bükən tənha ərik ağacı Fərmanı öz yanına çağırdı. Fərman atdan düşüb, ağaca yaxınlaşdı. Budaqlarını oxşadı. Başına dolanıb, gövdəsini tumarladı. Xəyala daldı. Özünü xəyallarında kiçiltdi. Indi o, 10 yaşında deyil, 4 yaşında balaca bir oğlandı. Bu ağac Fərmanın olduğu uşaq bağçasının həyətindədir. Fərman onun kölgəsində dostları ilə gizlənpaç oynayır. Ərik ağacı onu görünmsin deyə budaqları arasında gizlədir. Onu gözlərini yumub hamı gizləndikdən sonra, gizlənənləri axtaranlardan heç biri tapa bilmir. Çünki, Fərmanı ən sadiq dostu və sirdaşı-tənha ərik ağacı görünməz etmişdir. Fərman bu tənha əriyin kölgəsi altında böyüdü, məktəbə getdi. Indi isə sanki, onunla yenidən xatirələrini bölüşmək üçün qayıdıb.
Fərmanı xəyallardan atasının səsi oyatdı. –Ay bala sən haradasan? Anan neçə saatdı səni axtarır. Yeməyini yemədən evdən çıxıbsan. Fərman günahını anladı, başını aşağı salıb, atasından, icazəsiz qaçıb getdiyi üçün üzr istədi. Şimşək də yorulmuşdu. Fərman atasının əlindən tutub, Şimşəklə birlikdə evlərinə qayıtdı. Tez yatmalı idi. Sabah daha güclü sınaq onu gözləyirdi. 3 rəngli bayrağın dalğalandığı zirvəni Şimşəklə birlikdə çaparaq qət edəcəkdi.




Facebook'da Paylaş