Son döyüş

6-03-2022, 08:08

Son döyüş


Məryəm GƏNCƏLİYEVA yazır: Son döyüş
(Şəhid əmim nəvəsi Murad Məmmədovun əziz xatirəsinə)

Buludlu bir gün idi. Havadan baş açmaq olmurdu. Günəş gah çıxır, gah da günahkar kimi buludun arxasında gizlənirdi. Sanki baş verəcəklərdən xəbərdarmış. Bir gün sonraya döyüş planlaşdırılmışdı. Əsgərlər səhərəyaxın düşmən üzərinə hücuma keçəcəkdilər. İllərdir yağı tapdağına qalan ana torpağı faşist haylardan azad edəcək, yurda rahatlıq gətirəcəkdilər. Bu döyüş üçün hazırlıq gedirdi. Səngər boyu əsgərlər ora- bura tələsir, silah- sursatı yerbəyer edirdilər. Onların gözündə qorxu yox idi. Qalib olmaq, Azərbaycanın bayrağını bu yurdda dalğalandırmaq üçün sanki alışıb-yanırdılar. Onlar həm də çox rahat və sevincli görünürdülər. Bu sevinc əsgərlərin azadlıq eşqindən doğurdu. Şir biləkli oğullara balaca bir qığılcım bəs edər ki, yüz illərdi ocağımızın işartısını kəsməyə çalışanları öz qanında boğsun, bizə kin bəsləyənləri öz kinində dəfn etsin.

Muradın qəlbində bir istək vardı: anasına verdiyi sözü tutmaq, qarşısına qoyduğu məqsədə nail olaraq qalib kimi qayıtmaq: təhsilini davam etdirmək. O, da hamı kimi çalışır, ara- sıra düşüncəyə dalırdı: “Necə olacaq, biz qalib gələcəyikmi? Sualına özü cavab tapırdı. Əlbəttə, biz buraya ancaq qələbə çalmaq, düşmənə bu igidlər yurdunun yenilməzliyini sübut etmək üçün gəlmişik. Gəlmişik ki, 30 ildir öldü- qaldısı bəlli olmayan əsirlərin, erməni vandalizminin qara üzü olan Xocalının, bir milyondan çox yurdunu, yuvasını itirmiş soydaşımızın qisasını alaq. Keçən dəfəki döyüşümüz əla oldu. Düşmənə qan qusdurduq, məhv etdik onları. Aman allah, bunlar necə abırsız millətdirlər. Atalarımız demişkən , “dizimin üstündə oturub saqqalımı yolur”. Rusiyanın maşası olan haylar o boyda “torpaq” qazanıblar, hələ də gözləri doymayıb, yenə torpaq iddiasındadırlar. Keçdi o zamanlar, biz indi Rusiyadan asılı deyilik ki... Bizim müstəqil dövlətimiz, bayrağımız, dilimiz var. Biz bütövlüyümüzü, birliyimizi daha da möhkəmləndirəcək, güclü olduğumuzu sübut edəcəyik. Öz xoşları ilə torpaqlarımızı tərk etmədilər, qırğına çalışdılar. Heç eybi yoxdur, bizim əlimizdə nədir ki?..
Abbas, Əli, Kamil, Hüseyn, Elşən, Altun, Malik, mən...saymaqla qurtarmaz. Keçən dəfə Füzulidə, Cəbrayıldakı döyüşlərimiz dəhşətli olsa da, sonu qələbə ilə bitdi. Axı biz hər qarış üçün döyüşürdük. Düşmən öz istehkamlarını çoxdan möhkəmlətsə də, bizi heç nə qorxutmurdu. Əksinə, daha da mətinləşirdik. Çünki hər kəs buraya nə üçün gəldiyini yaxşı bilirdi, hər kəs “vətən sağ olsun”,-deyə ürəklə döyüşürdü. Sanki hamımız bir anadan doğulmuşuq.

Murad birdən Əlinin səsini eşitdi, daldığı xəyaldan ayrıldı. Əli “Xatırla məni” mahnısını zümzümə edirdi. Muradın dodağı qaçdı:
-Əli, səsin çox gözəldir, niyə bu sahədə özünü sınamamısan? -Fikrim vardı, amma atalar demişkən, “qaçanı qovarlar”. Qoy bu yalquzaqları torpaqlarımızdan qovaq, onda məqsədimi həyata keçirəcəyəm. Məni konsert salonlarında məşhurlarla bir sırada görəcəksən. O zaman uşaqlarına “bu müğənni mənimlə bir səngərdə döyüşüb” deyərsən. Onlar da səndən döyüş xatirələrini danışmağı tələb edəcəklər. Sən də həm vətənin müdafiəçisi kimi qürurlanacaqsan, həm də döyüş dostlarını yad edəcəksən. Murad, mən söz verirəm ki, heç birinizi unutmayacağam. Dostlarımıza da deyək, Allah qoysa, hər il qələbəmizi özümüz bir döyüşçü kimi ayrıca qeyd edək, bu günümüzü unutmayaq, bizim bu günümüz vətən torpağına qucaq açdığımız gündür, dar gündə, çətin anda bir- birimizə dayaq olduğumuz gündür.
Yenə xəyal Muradı ağuşuna aldı, keçən döyüşü xatırladı. ”Onlar səhər açılar- açılmaz hücuma keçmişdilər. Çox agır döyüş gedirdi. Hamı elə bil bircə söz bilirdi: ”irəliyə”. Doğrudan, mənim də gözümdə qorxu yox idi. Düşmənə olan nifrətim rəhm deyilən hissi məndə boğmuşdu.Torpaqlarımızı zəbt edən, yurdumuzu talayan bu yalquzaqlara yerini bildirməli idik. Toplar guruldayır, mərmilər göydə oynayır, canavar yuvaları göyə sovrulurdu. Yerdə açılan böyük oyuqlardan aydın olurdu ki, illərlə hazırlanmış nə varsa, bu gün artıq yoxdur. Hər bir əsgərin, komandirin gözlərindən yorğunluq qarışıq sevinc duyulurdu. Elə bu anda Rauf Həziyevin “Kömək edin, kömək edin, Elşən yaralanıb.” Mən yaxında olduğum üçün özümü sürünə- sürünə Elşənə çatdırdım. Ağır yaralanmışdı, ayağının birini mina aparmışdı. Qan dayanmırdı, amma özümü tez ələ aldım, ayağının qopmuş hissəsinin yuxarısından bərk bağladım və onu kürəyimə qaldırmaq istədim. Huşsuz olduğundan ağır idi. Onu sürüyərək kiçik bir təpəciyə gətirdim. Bir də cəhd etdim, təpənin altına keçdım və onu kürəyimə aldım. Bu zaman ayağımdan bir ağrı qopdu. Hiss etdim ki, mən də yaralanmışam. Vaxt itirmək olmazdı, onu tez aralıda dayanmış təcili yardım maşınına doğru apardım. Məşından bir nəfər mənə köməyə gəldi və o, birdən həyəcanla dedi:
-Sən yaralanmısan ki. Yaralını necə gətirə bildin?
Çox taqətsiz idim, danışmağa gücüm çatmırdı. Amma Raufa yardım etdiyim üçün çox sevinirdim, özümü tamam unutmuşdum. Təcili yardım maşını yaralıları götürüb oradan uzaqlaşdı. Mən də yaramı bağlayıb yenidən öz döyüş mövqeyimə qayıtdım. Elə bu anda bir snayperin məni nişan aldığını gördüm və özümü yana doğru sürüşdürdüm. Hər şey bir göz qırpımında baş verdi. Snayperin atəşi azca aralıda yeri eşdi. İnana bilmədim ki, mən necə qurtara bildim. Düşündüm ki, Allah məni qoruyur ki, hələ lazımam bu vətənə. Bizim olub bizə qalan vətənə”.
Bu dəfə sükutu Əli pozdu. Təəccüblə Muraddan niyə tez- tez düşüncəyə daldığını soruşdu, gülümsəyərək onu sinəsinə sıxdı, buraxdı və sabahkı döyüşə hazır olub-olmadığını soruşdu. Murad:
-Nə danışırsan, biz qisasımızı düşməndə qoya bilmərik, Əli. Havalar da yaxşı keçir. Ulu Tanrı bizə məqsədimizə çatmaq üçün şərait yaradır.
Bu zaman Abbas da onlara qoşuldu, sabah daha da şücaətli olacaqları barədə hamının əvəzindən :
-Keçən döyüşümüzdə itkilərimiz olsa da, onların yuvalarını necə tar- mar etdiyimiz yadınızdadır? Yuvalarını başlarına elə uçurduq ki, bir daha ayağa qalxa bilməsinlər. Bizim yolumuz qalibiyyət yoludur, zəfər yoludur. Bu yolda öldü var, döndü yoxdur. Xatırlayırsınızmı, komandirimiz necə canıdildən çalışırdı ki, hər bir əsgər salamat qalsın, yaşasın. Özü döyüşə birinci atılırdı, bizi qorumaq üçün “əmrim olmadan bir addım da irəli getmək olmaz” deyirdi. Hələ döyüşdən sonra bizi bir- bir bağrına basıb dediyi sözlər bir qələbə rəmzi kimi xatirimdə qalmaqdadır. Muradın komandirimizin yaralanmış ayağını bir oğul qayğısı ilə sarıması, onu odun- alovun içindən qorxu- ürkü bilmədən çıxarmasını heç unuda bilmirəm. Yadınızdadır, komandirimiz bizə nə dedi? Dedi ki :
- Üzünüz xalqımızın və gələcək nəsillərin yanında ağ olacaq.Bizdən sonra gələnlər biz olmasaq da, bizi xatırlayıb deyəcəklər ki, “siz yenidən tarix yazdınız. Xalqımız üçün səhv yazılan tarixin üstündən siz xətt çəkdiniz və bu torpağı sahiblərinə siz verdiniz”.
Murad şeiri çox sevirdi və tez də əzbər öyrənirdi. Bir dəfə “Zəngəzurun səsi” qəzetində Xanlar Zəngəzurlunun bir şeirini oxumuşdu. Şeir onun çox xoşuna gəlmişdi. Birdən şeirin bir bəndini xatırladı və “ bunu sizə yadigar qalsın deyə söyləyirəm”.
O dünyada nə olacaq bilmirəm,
Bu dünya da məni yaman yandırır.
Demirəm ki, könlüm göyə sovrulub,
Tərsə düşmüş zaman məni yandırır.

Murad şeiri bitirən kimi kəşfiyyata getmələrini xatırladı. Elə bu zaman komandir əsgərlərə yaxınlaşdı, onların vəziyyətini yoxladı, hal- əhval tutdu. Əsgərə nə lazımdır, qayğı, sevgi. Komandir əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün onları bir ata qayğısı ilə süzdü və dedi:
- Aslanlarım, igidlərim, qoç Koroğlunun yadigarları, görək, bu döyüş necə olcaq? Əlbəttə ki, siz varsınızsa, biz istəyimizə nail olacağıq. Atalar necə deyib: “Bir gül ilə bahar olmaz.” Biz sizsiz heç nə edə bilmərik. Qələbənin açarı sizin əlinizdədir, bilirsiniz ki, zəfər zəngi bizim ölkədə çalınmalıdır, üçrəngli bayrağımızı siz dalğalandıracaqsınız, bu vətənin sahibi sizsiniz, bu vətən sizə güvənir”.
Komandirin sözləri gənc əsgərlərə qol- qanad verdi. Onlar verilən bu dəyərdən çox xoşhal oldular. Hər kəsin gözlərindən sevinc oxunurdu. Hazırlıq bitmişdi. Axşamayaxın idi. Səngər soyuq və nəm idi. Əsgərlər kürək- kürəyə oturmuşdular. Onlar bir- biri ilə söhbət edir, gələcək planlarından danışırdılar. Muradı Türkiyədə oxuduğu günləri xatırladı. Arzuları bir- bir qanad açdı. Gülümsədi, anasına verdiyi vədlər yenə onu dilləndirdi. ”Müharibə qurtaran kimi magistraturanı bitirəcəyəm. Anama verdiyim vədi yerinə yetirəcəyəm. Mən anama buraların çox gözəl olduğunu demişdim. Burada hava necə təmizdir, meşələr sıxdır, yabanı alma, armud, əzgil hələ də ağacların budaqlarında adama gəl- gəl deyir. Evlər dağılsa da, burada yaşamış xalqımızın isti nəfəsi hələ də buralardadır. Torpaqdan axan o xoş rayihə qəlbimizə elə hopur ki, düşünürsən ki, mən elə bu torpaqda doğulmuşam, bu torpağın oğluyam. Anama demişəm ki, müharibədən sonra səni buraya gətirəcəyəm, burada sənə gözəl şərait quracağam. Ev tikəcəyik, yurd salacayıq burda. Qoy mənfur düşmənin bağrı çatlasın, görsün ki, yurdun sahibi artıq buradadır. O zaman artıq Humay da universiteti bitirmiş olacaq. Burada müəllim işləyəcək, bu yurda sahib çıxan oğulların balalarına dərs deyəcək, nəvələrin sənin buyruğuna baxacaq, bağda işləyən babalarına kömək edəcəklər. Qardaşım Kamal da buranı çox bəyənər. Ana, bizə burada o qədər ehtiyac olacaq ki. Eh...arzular, arzular...Arzu qədər ömrüm ola. Mənalı, təsirli, yaddaqalan ömrüm...”
Xəyallara dalan Muradı nə zaman yuxu apardı, heç özü də bilmədi. Gecə öz sukutu ilə sanki bir ana laylası, ana nəvazişi göstərirdi əsgərlərə. Səhərəyaxın döyüş əmri verildi və hər kəs öz yerini aldı. Toplar dağa- daşa lərzə salır, düşmən yuvası yerlə- yeksan olurdu. Qulaqbatırıcı səsdən yer- göy titrəyirdi. Muradın xəyalından bir an bu sözlər keçdi:” Niyə həmişə maralların, ceyranların məskəninə yalquzaq maraq göstərir? Axı Allah onların yaşaması üçün də yer müəyyənləşdirib. Elə bu haylar da yalquzaq kimidirlər, gözləri orda- burdadır.”
Düşmən tərəf susurdu. Malikin atdığı topun nərəsindən dağ- daş dilə gəldi. Qarşı tərəf toz- duman içində idi. Orada nələr olduğunu bilmək çətin deyildi. Torpaq göyə sovrulmuş, topun düşdüyü yerdə bir uçurum yaranmışdı . Komandirin “balalarımız, analarımız, bacılarımız sizinlə vardır. Sizsiniz bu yurdun sahibi. Bütün bu gözəlliklər, yer, yurd sizə alqış deyir” sözləri əsgərlərdə ruh yüksəkliyi yaratdı və onlar daha şücaətlə döyüşməyə başladılar. Füzuli uğrundakı döyüş əməliyyatı ilə onlar bir tarix yazmışdılar. O qələbənin fəhmi bu gün onlara “Hadrutu da azad edin” deyirdi.
Azadlıq eşqi ilə alışıb- yanan əsgərlər təpələri, yoxuşları elə keçirdilər ki, sanki düz yolda yüyürürlər. Onların qəlbinə rahatlıq verməyən “böyük Ermənistan” xülyasını puç etməyin vaxtı çatmışdı. Burda-odun- alovun içində qəzəblə sevinc bir- birini əvəz edirdi. Düşmənə qarşı olan qəzəb qanı coşdururdu. Düşmən tərəfdən cavab gec gəlirdi. Hiss olunurdu ki, artıq tükənirlər, məhv olurlar. Köməyə gələnləri də yox idi. Axı onlar “böyük qardaş” üçün əldə bir vasitə idilər.
Günün sonunadək çox ağır döyüş getdi. Əsgərlərimiz xeyli irəlilədilər, çox ərazini azad etdilər. Yüksəkliklər, təpələr əldə edildi. Sanki böyük Yaradanın da səbri tükənmişdi, torpaq uğrunda eşqlə döyüşənlərə yol açırdı ki, ona məxsus olanı əldə etsin. Ara-sıra düşmən tərəfdən atəş açılırdı. Əsgərlərin yorulanı da, yaralanı da ruhlanaraq hücumu davam etdirməkdə israrlı idilər. Heç kəs silahını yerə qoymur, illərin acısını yox etməyə , uçulmuş könül yuvalarını tikməyə hazır idilər.
Murad gözlərini dolandırıb məxməri rəng alan göyə baxdı. Göyün niyə bu rəngə çaldığını bilmək istədi. Ona elə gəldi ki, nədənsə göy qan ağlayır, nəyəsə üsyan edir, razılıq vermək istəmir. Birdən yanında bir gurultu qopdu. Qalxıb boylanmaq istədi, amma bacarmadı. Onun gözlərinə qaranlıq çökürdü. Yaxınlıqdakı əsgər ona doğru süründü, onun başını dizinin üstünə aldı, ürək- dirək verdi. Əsgər də ayağından yaralanmışdı. Murad güclə gülümsədi, üzünü göyə tutdu , baxdı. Göyün üzü tutulmuşdu, günəş sanki xəcalət çəkərək buludun arxasına keçməyə çalışırdı. Murad indi bildi ki, bulud bir qədər bundan əvvəl niyə rəng verib rəng alırdı. Səhər açılandan bu uğultudan, gurultudan səksənərək ora- bura uçuşan quşlar da uçmurdu. Havada olanlar qanad saldı, kol dibində hələ də yaşıllığını qoruyub saxlayan otlar, yabanı çiçəklər boynubükük qaldılar. Qorxudan kol dibinə qısılmış quşlar qımıldanmadı, başlarını boyunlarının arasında gizlətdilər, sanki onlar da bu böyük arzular dünyası olan Muradla birgə həyata “əlvida” etmək istədilər.

Əsgər onun sağalacağını, hələ çox işlər görəcəklərini deyərək ümid versə də, o artıq hər şeyi başa düşürdü. Onun dodaqları aralandı-”Günəş qürub edəndə rəngi saralar”-dedi. İndi mən də qürub edirəm, dostum. Vətən sağ olsun! Biz qalib gələcəyik!”
Bir az aşağı tərəfdə dayanmış tanklar hərəkətə gəldi və nərilti ilə atəş aça- aça düşmən tərəfə üz tutdu. Dəhşətli partlayış səslərini dağlar bir- birinə ötürdü. Murad gözlərini göyə zillədi. Milyon- milyon üçrəngli bayraq göylərə bülənd oldu. Onun solğun üzünə birdən təbəssüm qondu və o, gözlərini göyə dikərək zəfərə doğru yol alan üçrəngli bayraqları seyr edirmiş kimi gözdən qoymaq istəmədi və yenə “Vətən sağ olsun! Biz qalib gələcəyik!” deyib gözlərini əbədi yumdu .




Facebook'da Paylaş