Bu gediş bambaşqaydı...
Polad Poladov
Dərs yenicə başlamışdı. Müəllim köhnə mövzunu şagirdlərin necə qavramasını yoxladıqdan sonra yeni mövzuya keçmək istəyirdi ki, məktəbin zəngi çalındı və uzun müddət zəng səsi kəsilmədi. Bütün müəllimlər odaya tələsdilər və tələsik də odadan geri qayıtdılar. Şagirdlərə göstəriş verdilər ki, siz evlərinizə gedin…
Biz nə baş verdiyini anlaya bilmirdik. Evə gəldik. Evdə dedilər ki, bəs Vətən Müharibəsi başlayıb. Kəndə maşınlar gəlib, gedirdi. Atam da o maşınlardan birinə minib rayon mərkəzinə getməyə tələsirdi. Evdən çıxanda üzümüzə baxıb kövrəldi və duyğulandığını gizlədib, azacıq gülümsəyərək, salamat qalın- dedi. Evdən çıxıb maçın yoluna çatana kimi bir neçə dəfə dönüb geriyə baxdı. Onun bu gedişi bambaşqa idi. O, rayona gedəndə bir dəfə də olsun geri baxmazdı. Bu dəfə isə...
Günün axşam xəbərlərində eşitdik ki, cəbhədə gərgin döyüşlər gedir. Hamı nigaran idi. Mən indi anlamışdım ki, atam niyə gedəndə tez -tez geri baxırdı.
Səhər yenicə açılmışdı. Biz məktəbə hazırlaşırdıq. Anam üzümüzə baxa-baxa nəsə demək istəyir, amma heç nə demirdi. Səssiz-səmirsizcə bizi məktəbə yola saldı. Artıq uşaqların hamısı siniflərə dolmuşdu. Nədənsə zəngin səsi gəlmirdi. Vaxt keçmişdi. Biz sinif otağından çölə sıxdıq ki görək niyə zəng çalınmır. Gördük ki, qadın müəllimələrimizin hamısı odanın qabağında dayanıb. Həmişə şən, gülərüz görünən, deyib gülən müəllimələrimiz indi sükut içindədirlər. Anladıq ki, müəllimələrdən heç biri kişi müəllimlər olamyan odaya girmək istəmirlər. Heç odanın qapısından qıfıl da açılmamışdı. Xadimələr müəllimlərsiz qapını açmaq istəmirdilər.
Az sonra uzun illər məktəbimizdə direktor işləmiş Tahir müəllimin bu yaşlı halında yavaş-yavaş məktəbə tərəf gəldiyini gördük. Biz onun qabağına qaçıb qarşısında sıraya düzüldük. Bir anlığa onun hər səhər dərsə gəlib bizi salamladığı vaxtları düşündük. Tahir müəllim bizi görmürmüş kimi yanımızdan keçib müəllimlər odasına tərəf getdi. Müəllimələrə çatanda bir an dayandı, arxaya dönüb, Salam uşaqlar,- dedi. Müəllimələr də uşaqlara qarışıb “Salam Müəllim” dedilər.
Tahir müəllim odaya yaxınlaşdı. Təqaüdlə bağlı neçə illərdi məktəbdən ayrılanda odanın açarının birini yeni direktor hörmət əlaməti olaraq ondan almamışdı. Açarı cibindən çıxarıb qapının qıfılını açdı. Odanın qapısını açanda bayaqdan gizlətdiyi kövrəkliyi saxlaya bilmədi. Gözlərindən yaş süzüldü. Müəllimələr də Tahir müəllimə qarışıb elə bil ki, bayaqdan gözləyirdilər ki, kimsə bunlara bir təkan versin ki, gözlərindən sel axsın.
Tahir müəllim içəri boylandı. Müəllimlər döyüşə tələsdiklərindən hərəsinin əşyaları bir yerdə qalmışdı. Atamın qələmi açıq jurnalın ortasında, onun yanında oturan coğrafiya müəllimimizin xəritə çubuğu stolun üstündə idi ( Hansı ki, o çubuq əlimizə başqa vaxt keçsəydi qırardıq. Çünki, müəllim o çubuqla kim dərsini bilməsə onu vurardı). Riyaziyyat müəllimimizin motosikletinin açarı yadından çıxıb burda qalmışdı. Digər riyaziyyat müəllimimizin stolunun üstündə bir vərəq vardı. Vərəqdə kvadrat tənlik həll edirmiş, dikrimantı tapanda "D=" yazıb və elə burdaca qələmi vərəqin yanına qoyub, çıxıb. Rus dili müəllimimiz hansısa dərsə gedəcəkmiş,- deyə həmin sinfin yoxlama dəftərlərini hazır qoymuşdu. Bunları görəndə kövrəlməmək mümkünsüz idi.
Qocaman Tahir müəllim qadın müəllimələrə göstəriş verdikdən sonra şagirdlər siniflərə getdi.
Beləcə 44 gündən sonra Vətən Müharibəsi başa catdı. Hamı həsrətlə hər gün gözləyirdi ki, görəsən döyüşə gedən müəllimlərimizdən kim qayıdacaq. Həyəcan gündən günə artırdı. Birdən kəndə səs yayıldı.
Dolayıdan Hərbi Maşın gəlir...
Facebook'da Paylaş