Leyla YAŞAR YAZIR: "YER ÜZÜNÜN CƏNNƏTİ"

10-09-2022, 07:50

Leyla YAŞAR YAZIR: "YER ÜZÜNÜN CƏNNƏTİ"


Leyla YAŞAR


YER ÜZÜNÜN CƏNNƏTİ

Fərəh taleyi kimi qaranlığa qərq olmuş həyətə girdi. Gözlərinin yaşını silib, əlləri əsə-əsə qapını açdı. İçəri keçib bir-bir otaqların işıqlarını yandırdı. İllərin köhnəliyini, daşın-divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh. Yarıac-yarıtox, əziyyətli, amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi, görəsən? Nə qədər haraylasa da geri dönmədi?
Fərəhgil ailədə beş nəfər idilər. Ata-anası, bir bacısı, bir qardaşı vardı Fərəhin.
Var idi, amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale. Bir gün məktəbdən sevinərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi .
Kəndlərində məktəb olmadığından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcığazın o zaman yeddi yaşı vardı. Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı.
Mehriban, sakit, kasıb ailədən idi Fərəh. Ailədə olan o sevgi, o mehribançılıq ailənin xoşbəxtliyi idi. Təzə-təzə xəbər yayılmışdı ki, mənfur qonşular müharibəyə başlayıblar. Hər kəs ehtiyatlı olmağa çalışırdı. Səhər-səhər anası onun məktəbə getməyini istəməsə də, Fərəh bu gün getməsi üçün icazə istəmişdi.
– Qızım, bu gün dərsə getmə. Vəziyyət heç ürəkaçan deyil.
– Olar ana, bu gün gedim? Sabah getməyəcəm söz verirəm.
Anası balaca qızcığazın elmə olan sevgisi qarşısında ərimişdi. Qızının gələcəyinin parlaq olacağını hiss edirdi. Ona görə də heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı. Bu onun ailəsi ilə son görüşü idi.
Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz. Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda, bir Allah bilir. O da onlarla “ölmüş”dü. Gah atasının, gah anasının, gah körpələrin yanına qaçan zavallı öz balaca ağlıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadığını görən Fərəh qorxmağa başlamışdı artıq. Qaçıb qonşuları Talıb babanı çagırdı. Cavab olmadığından Nüsrət əmini, Lalə xalanı harayladı. Yox heç kim yox idi. Yaxınlıqda güllə səsləri eşidilirdi. Qorxuya düşüb evə qaçdı. Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi. Öz aralarında nəsə danışırdılar. Budur biri evə doğru gəlir. Fərəh qaçıb sınıq çarpayının altında gizləndi. Evdə salamat heç nə yox idi. Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi. Evə girən yaraqlı erməni türkcə o birinə :
– Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi.
Çıxıb getdilər. Fərəhin ömrünü çalıb getdilər. Xəyallarını, ümidlərini, taleyini məhv edib getdilər. Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada-islada sınıx-salxaq bir bel tapıb gətirdi. Uşaqların sevərək oynadığı yerdə onlara balaca çala qazdı. Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə, beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu.
Yaşından tez böyümüşdü Fərəh. Hər şeylə maraqlanır, uşaq ağlıyla mükəmməl qərarlar verirdi. Çox səbrli, fərqli bir uşaq idi Fərəh . Bəlkə də, Tanrı onu əvvəlcədən verəcəyi bu “ mükafat”a hazırlayırdı. Burada qalmağın təhlükəli olduğunu da yaxşı bilirdi. Onların üstünü torpaqlayıb yerdə əyləşdi. Sanki yuxuda idi. Dayanmadan hıçqıraraq ağladı. Üzü gecəyə gedirdi. Cansız bədənlər yanında qalmaq onu qorxutmağa başlamışdı. Ona görə tez-tələsik onları basdırmalı idi. Birinci atasına yaxınlaşdı. Alnından öpdü. Sonra anasına yaxınlaşıb gözündən öpdü.
Buza dönmüş cəsədlər onu üşütməyə başladı. Onlara qəbir qaza bilməyəcəyini bilirdi. Nə edəcəyini də bilmirdi. Çox çarəsiz qalmışdı. Onları burda qoyub getməliydi. Son dəfə ata – anasının qana bulaşmış soyuq bədənlərini qucaqladı. Onlara kömək edə bilmədiyi üçün üzr istədi. Arxaya baxmadan kənd boyu qaçdı. Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bağrına basaraq ağacların arasında oturdu. Qaranlıq düşmüşdü. Kəndi heyvanların səsi götürmüşdü. Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi.
Tale üzünə gülmüşdü bu balaca mübariz qızın. Əsgərlərimiz onu tapıb xilas etmişdilər.İllərlə vətən eşqi ilə, ata – ana yanğısı ilə yaşamışdı Fərəh.
Fərəhi tanıyanlar bu savadlı, talehsiz qızcığazdan köməklərini əsirgəmirdilər. İllərlə üzərində qaçqın damğasıyla yaşayan Fərəhin bir arzusu vardı. Evlərinə dönmək .
Artıq ali təhsilini də almışdı. Artıq jurnalist idi acı tale yaşayan o balaca qızcığaz.
Və günlərdən o gün gəldi. 44 günlük, ordumuzun zəfər çaldığı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu.
Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi. Hər yer dağınıq, sınıq – sökük. Yerə tullanmış əşyalardan bir-ikisini qaldırdı. Hamısı nəmişlikdən çürümüşdü. İllərin izi vardı üzərlərində. 23 il.. Acılı, ağrılı, nakam illərin.
Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da. Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir-bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sığallayırdı. Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dağılmış kiflənib yumağa dönən ərzaqlar.
Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?..
Əlinə saralmış, amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür-hönkür ağladı.
– Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda.
-Qaçqın olmaq bilirsənmi nədi, ay ata? Öz vətənində qaçqın olmaq qədər ağrılı heç nə yoxdu.
– Qaçqın adını bizə kim qoydu, ay ana?
– Öz vətənimizdə niyə yad olduq, ay ata?
– Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq, yardımlarla yaşadıq.
Burnumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata-ana, bacı – qardaş nisgili ilə yaşaqdıq. Öz Vətənimzdə vətənimizi axtardıq. Doğulduğumuz torpağımızın həsrətini illərlə çəkdik.
– Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə?
Şəkillərlə danışa-danışa həyətə düşdü. Zərif, zəif əlli, şir ürəkli, 7 yaşlı Fərəhin qazdığı çalaları axtardı.. Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpağı qoxladı, öpdü. Əllərilə yavaş-yavaş torpağı qazmağa başaldı. Bir möcüzə gözlədi. Bir möcüzə.. Axtardı, axtardı uşaqların sümüklərini tapdı. Ürəyi əsə-əsə gətirdiyi torbaya yığıb maşına qoydu. Kənd məzarlığında basdıracaqdı .
Geri dönüb yenidən həyətə uzun-uzadı baxdı. Baxdı…
– Sağ ol, mənim uşaqlığım, sağ ol mənim varlığım, sən sadiq oldun. Bacı- qardaşımı qorudun … Yer üzünün cənnəti sən idin.. Atamın, anamın, bacı- qardaşımın hüzur tapdığı, mehribançılığı, sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz, Cənnət qoxulu torpağım…




Facebook'da Paylaş