"Ey Vətən" - Şəlalə Məhyəddinqızı
Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasının redaktoruAZƏRBAYCAN RADİOSUNUN TALIŞ KƏNDİNDƏN VƏ SUQOVUŞANDAN YAYIMITorpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə elə gün, elə bir saat olmadı ki, biz yurd həsrətindən söz açmayaq, o yerləri xatırlamayaq. Mikrofonu kimə sarı tuturduqsa əzəli-əbədi torpaqlarımızın azad olunması arzusunu dilə gətirirdi. Elin hər bir nümayəndəsi, fərqi yoxdur qaçqın, köçkün olsun, beynəlxalq yarışlardan vətənə qayıtsın, yaxud hansısa günün aktual mövzusundan danışsın, yaşının fərqinə varmadan, müxtəlif proqramlarda, ictimai-siyasi mövzularda, ədəbi verilişlərdə xalqın istəyini qabardır, Ali Baş Komandandan əmr gözlədiyini söyləyirdi. Hər çıxışın sonunda ümummilli problemi dilə gətirir, "gün o gün olsun azad olunan yerlərimizdən canlı yayımlanasınız" deyib ana radioya arzularını bildirir və inamla o yerlərə qayıdacağımızı deyirdilər. Artıq səbirləri tükənənlər də vardı. Az qala bəziləri inamını itirməyə başlamış, sanki ümidsizliyə qapanmış, depressiya halını yaşayırdı. Açığını etiraf edim ki, hərdən özümün də içinə təşviş düşür, Qarabağın taleyindən nigaran köçmək, olacaqlardan xəbərsiz ölmək qorxusu canımı üşüdürdü.
Bir dəfə ustad müəllimim, jurnalistikanın elmi simalarından və dəyərli nümayəndələrindən biri olan professor Cahangir Məmmədlidən efir üçün müsahibə alırdım. Söhbətimiz zamanı həmişəki kimi onun qəlbini incidən ən yaralı yeri, doğulduğu Ağdamın Novruzlu kəndini yenə də yada salmalı oldum. İstənilən sahədə jurnalistikanın rolundan həvəslə danışan alim Novruzludan söz düşəndə uşaq kimi kövrəlib, səsi nazilir, qəhər içində sanki bükülüb bir yumağa dönürdü. Birdən sual verdim ki, "o torpaqlara qayıdacağımıza inanırsınızmı"? Elə ürəkdən, bərkdən "bəli, adım kimi əminəm, gün kimi inanıram" dedi və səbəbini əsaslandırdı. Prezidentin çıxışlarından, ölkədə gedən ordu quruculuğundan, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yeni nəsil silahlardan, dünyanın güc dövlətlərinin qadir olduğu hərbi sənaye səviyyəsinə çatmaq üçün ölkəmizin əldə etdiyi müxtəlif təyinatlı hərbi sursatların çeşidindən, beynəlxalq tədbirlərdə, sərgilərdə nümayiş olunan məhsullarımızdan, hərbi sənayedə ilbəil qazanılan nailiyyətlərdən və Ali Baş Komandanın xalqa verdiyi vədlərdən söz açdı. Tək məni yox, dinləyiciləri qəti əmin etdi ki, yaxın zamanlarda Azərbyacan Ordusu öz sözünü deyəcək. Jurnalistikada deyilən söz həqiqidir və onu deyən qələmi ilə, sözünün dəyəri ilə həm də özünü, imzasını təsdiqləyir. Cahangir müəllim kimi bir ziyalıdan, söz ustadından bunları eşitmək daxili təlatümə sanki nöqtə qoydu, qəlbimdə bir rahatlıq yaratdı. Müsahibimdən ayrılanda və həmin materialı efirə hazırlayanda qeyri-adi hisslər keçirirdim. Yəni doğrudanmı o gün uzaqda deyildi...
Nəhayət o gün, gözlənilən məqam yetişdi. Azərbaycan Ordusu "Dəmir Yumruğ"unu işə saldı. Düşməni iti qovan kimi torpaqlarımızdan qovdu. İlk qələbə xəbəri yetişən kimi yadıma Cahangir müəllim düşdü.
Qazanılan qələbə sədaları, oğullarımızın dillərə dastan olan qəhrəmanlıqları sayəsində cəbhədəki irəliləyişlərimiz, düşmənin istehkam qurğularının, hərbi texnikasının bir an içində külə döndərilməsi anlarının çəkilişləri, intiqam hissi ilə yaşadığımız uzun illərin gərginliyindən sonra qısa müddət ərzində ardıcıl eşitdiyimiz torpaqların azad edilməsi ilə bağlı xəbərlər həssas insanların qəlbini daha da çırpındırır, sanki ürək möhtəşəm anları yaşamağa Allahdan güc istəyir, köksümüz sevincdən partlayırdı.
Bəli, arzular gerçəyə döndü və Azərbaycan radiosu indi o torpaqlarda da yayımlanır, o yerlərin özündən danışır, vətəni vəsflə tərənnüm edir, həmişəki kimi ədəbi aləmin ən müqəddəs mövzusu olan Ana - Vətən kəlməsini ucalardan təlqin edir.
95 illik yubileyi ərəfəsində ölkə başçısının, Ali Baş Komandan İlham Əliyevin Zəngilandan Azərbaycan radiosunu dinləməsi, bəstəkar Elza İbrahimovanın şair Dəmir Gədəbəylinin sözlərinə bəstələdiyi "Ey Vətən" (Nəğmə dolu bir ürəyəm) mahnısına qulaq asması, musiqi sədaları altında hündürlükdən azadlığa qovuşan torpağı qürurla seyr etməsi, ağappaq bulud topalarının altından görünən göy üzünün aydın səması yurdumuzun səhər çağı əsrarəngiz gözəlliyinin nümayişi idi. Oktyabrın 20-də gündüz saat 12-yə işləmiş Azərbaycan radiosunda vətənpərvərlik nəğmələri səslənirdi. Bir-birindən dəyərli sənət əsərləri, bəstəkar nəğmələri dinləyicilərə təqdim edilir, musiqinin dili ilə yurdumuz vəsf olunurdu. Həmin saatda efirimizə qulaq asanlar arasında Prezidentimiz də vardı və Birinci vitse-prezident Mehriban xanımla, həyat yoldaşı ilə birlikdə radiomuzu dinləyirdilər. Bu, həm də Azərbaycan efirinin taleyinə yazılan maraqlı məqamlardan, tarixi faktlardan biri oldu. Axı danılmaz həqiqətdir ki, müstəqil ölkəmizin ilk radiosunun, ilk informasiya vasitəsinin 95 il ərzində xalqın ana dilinin mükəmməl səviyyəyə yetişməsində, insanların maariflənməsində, ədəbi-bədii yaradıcılığın genişlənməsində, milli musiqinin təbliğində xüsusi xidmətləri olub. Fasiləsiz yayımlanan, rəqəmsal üstünlükləri ilə dünyanın hər yerində eşidilən Azərbaycan radiosunun əməkdaşları vətəni sevənlərdən ürəkdolusu danışır, ziyalısını sevdirməyə çalışır, milli məfkurəmizin saflaşması yoluna işıq tutaraq könüldən-könülə körpülər salır.
Azərbaycan radiosu üçün möhtəşəm hadisələrdən biri də odur ki, əməkdaşlarımız tez-tez işğaldan azad olunan ərazilərə səfər edir, Ağdamdan, Şuşadan, düşmən caynağından qurtulan bölgələrimizin bərpasından danışır.
Növbəti səfərimiz isə Talış kəndinə, Suqovuşana oldu. Bu dəfə isə iki nəfər, Azərbaycan Radiosunun "Xəbərlər" redaksiyanın əməkdaşları kimi şəxsiyyətinə böyük hörmət bəslədiyim, "Bütöv Azərbaycan" arzusu ilə yaşayan, teleradiomuzda öz imzası və dəsti-xətti olan Tamxil Ziyəddinoğlu ilə birlikdə Milli Televiziya və Radio Şurasının təşkilatçılığıyla 26 radiojurnalist arasında Azərbaycan əsgərininin azad etdiyi ərazilərə baş çəkdik.
Gecə yarı saat 3-də Bakıdan üzü Tərtərə sarı yola çıxdıq. Həmkarlarımızla deyilən yerdə, nəzərdə tutulan vaxtda görüşdük. Hərbi postun önündə görüşdüyümüz bələdçi vasitəsi ilə ərazilərə qədəm basdıq. Əvvəlcə Talış kəndinə baş çəkdik. Kənddəki Alban kilsəsində olduq, tarixin yaddaş səhifələrinə müdaxilə etməyə çalışan ermənilərin abidəni xaçlaşdırmaq istəyini gözümüzlə gördük. Abidənin sütunlarına sonradan həkk etmək istədikləri yamaqlar, xaç nişanələri, əməlləri onları gülünc vəziyyətə salmışdır.
Daha sonra Azərbacan Ordusunun strateji üstünlüyə malik olan bu kəndin geri qaytarılması üçün uğurlu əməliyyatlara başladığı istiqamətləri bizə göstərdilər. Kəndin relyefi elədir ki, hündürlükdə olan ermənilər hər tərəfi aydın nəzarətdə saxladıqları üçün buraları geri qaytarmaq igidlərimizə asan başa gəlməyib. Ancaq dəyanətləri ilə düşmənə meydan oxuyan oğulların qanı hesabına, şəhadətləri sayəsində bu yüksəklikləri düşməndan azad eləmək mümkünə çevrilib. Ərazi hələ minalardan tamamilə təmizlənməyib. Ona görə də bələdçinin ardınca şütüyən maşın karvanı işarə qoyulmuş sahələrdən ehtiyatla irəliləyirdi. Jurnalistlərimizin Azərbaycan Prezidentinin üçrəngli bayrağımızı zirvəyə qaldırdığı yerdə şəkil çəkdirməsi, müharibənin dəhşətli görüntülərini, yurd yerlərimizin xarabalığa çevrilmiş görkəmini tarixi dəlil kimi yaddaşlara köçürməsi Vətən müharibəsinin tarixinə işıq salan məqamların aydın əksidir.
Talış kəndindən sonra isə Suqovuşan su anbarında ayaq saxladıq. Radio jurnalistləri ərazidən canlı yayımlar edir, süjetlər hazırlayır, öz efirlərində səfərlə bağlı təəssüratlarını bölüşürdülər.
Azərbaycan radiosunda Talış kəndindən ilk söhbətimiz Televiziya və Radio şurasının əməkdaşı, səfərin təşkilatçısı Fikrət Xudatzadə ilə oldu. Söhbət əsnasında işğaldan azad edilən bölgələrdə yayımlanan teleradioların fəaliyyətinə toxunuldu.
Daha sonra isə Suqovuşanda gedən tikinti quruculuq işlərində çalışan işçilərin söhbətlərini eşitmək istəyilə onlara yaxınlaşdım və bir-bir onları Azərbaycan radiosunun dinləyicilərinə tanıtdım. Müsahiblərim gördükləri işdən həvəslə danışır, bərpa prosesinə qatıldıqları üçün özlərini xoşbəxt sayır, bu yerlərə həyatın qayıdışı üçün əllərindən gələni əsirgəmirdilər. Sanki sarı rəngdə xüsusi geyimli bu insanlar tikanların arasında bitən çiçəklərə bənzəyirdi. Viranə qoyulmuş yurda yeni can gətirən və təbiətin görkəmini qaytarmağa çalışan vətən övladları ilə görüşümüz, təəssüratlarımız yadda qalan oldu.
Sonda isə Suqovuşanda düşmənin hərbi qulluqçularının məskən saldıqları binalarda olduq. Azərbaycan əsgərinin dərmədeşik, gülləbaran etdiyi yerlərə baxdıq. Dağıdılmış, güllələnmiş erməni maşınları qalaq-qalaq yığılmış, üstündən bir il keçməsinə baxmayaraq, hər şey olduğu kimi qalmışdı. Elə bil müharibə dünən olmuşdu. Binadakı bütün əşyalar yerə səpələnmişdi. Ayağımız altındakı əşyalardan məlum olurdu ki, onlar özləri üçün burda gözəl həyat qurmağa çalışmışdılar. Bahalı əşyalar almış, zəngin ev-eşik düzəltmişdilər. Ancaq Azərbaycan əsgəri qənimləri oldu və bir gün "bizim diyarda nə işiniz var" deyib haqq-hesab sordu. Bu məqamda Azərbaycan Prezidentinin "əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" sözlərini xatırladım. Hər əşya nəyisə xatırladırdı. Qalın bir qeyd kitabını ayağımla vərəqlədim. Özgə torpağında lövbər salan, rahatlıq axtaran bir hərbçinin mənfur niyyəti onun qələminin mürəkkəbində belə aydın sezilirdi. İkrah hissi ilə baxdığım geyimlər arasında təzə uşaq gödəkçəsi isə məni xəyalən Xocalıya qaytardı. Qar üstündə işgəncəli meyiti qalan Azərbaycan balası... Ehhh, erməni yarası ürəyimizdə o qədər dərindir ki, hələ də intiqam hissi ilə yaşayırıq. Səfərimiz yekunlaşır və geri qayıdırıq. Yol boyu qarşımıza yüzlərlə yol işçisi çıxır, müxtəlif istiqamətlərdə yol çəkdiklərinin şahidi oluruq. Həmin yollarla bərpa olunmuş, yeni həyat qurulmuş əraziyə yenidən qayıtmaq arzusu ilə üzü Bakıya gəlirik.
P.S.Əziz oxucular, Suqovuşandan, Talış kəndindən, erməni faşistlərinin sinəsinə çalın-çarpaz dağ çəkdiyi sıra dağlarımızdan reportaj verən Şəlalə Məhyəddinqızının şəklini həmkarları çəkib. Amma Qarabağımıza doğan günəşi və o İstiqlal Günəşinə doğru yürüyən əsgərlərimizin qoyduğu Zəfər izini Şəlalə xanımın özü lentə alıb.
Facebook'da Paylaş