Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub
Xaçmazın Şərifoba kəndində Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Ordum.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Rəvan Şahmuradovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi istifadəyə verilib.
Kompleksin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Rəvanın döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri və rayon ictimayyəti iştirak ediblər.
Artilleriyaçı Rəvan Şahmuradov Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı zəfərdən, Rəvanın döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Bildirilib ki, şəhid Şahmuradov Rəvan Dilşad oğlu 1999-cu il iyulun 14-də Xaçmaz rayonunun Şərifoba kəndində dünyaya göz açıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Topçu Rəvan Füzuli, Cəbrayıl istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib. Döyüşlərin birində Rəvan dəqiq top atəşi ilə düşmənin canlı qüvvə və silah-sursat daşıyan avtomobil karvanını darmadağın etməyi bacarıb.
Qəhrəman döyüşçü sentyabrın 29-da Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində ağır yaralanan Rəvan Bakı şəhərində hospitala yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qəhrəman topçu şəhidlik zirvəsinə ucalıb.
Rəvanın böyük qardaşı Rəşad Şahmuradov da Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə iştirak edib.
Kompleksin açılış mərasiminə qatılanlar şəhidin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, qəhrəman döyüşçünün xatirəsini ehtiramla anaraq ruhuna dualar oxuyublar. Sonda ehsan süfrəsi verilib.
Məlumat üçün qeyd edək ki, şəhid R.Şahmuradov Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Facebook'da Paylaş