Vətən müharibəsi şəhidinin adına tikilən bulağın açılışı olub
Kürdəmirdə Vətən Müharibəsi şəhidi XTQ-nin əsgəri Rəvan Məlikovun adını daşıyan ehsan bulağının açılışı olub.
Ordum.az xəbər verir ki, bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına rayonun Şıxımlı kəndində inşa olunub.
Mərasim əvvəlcə şəhidin məzarı önündə Şıxımlı kənd qəbiristanlığında qeyd olundu, ruhuna dualar oxundu ehsan süfrələri təşkil olundu.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Açılış mərasimində Kürdəmir RİH-nin, rayon ictimayyətinin nümayəndələri, kənd camaatı və eləcə də şəhidin ailə üzvləri, məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Rəvan Məlikovun necə igid, cəsur, vətənpərvər və eləcə də elə-obaya bağlı oğul olduğu qeyd ediblər.
Tədbirdə məktəblilərin ifasında şeirlər və müxtəlif kompozisiyalar ifa olundu. Şəhidin atası Əliabbas Məlikov dövlətin onun ailəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, Məlikov Rəvan Əliabbas oğlu 1996-cı il martın 6-da Kürdəmirin Şıxımlı kəndində dünyaya göz açıb. 2014-cü ildə Kürdəmirin Köhnəbazar kənd orta məktəbində təhsilini başa vurub. Vətən müharibəsi başlayanda Rəvan da böyük qardaşı Pünhanla birlikdə ön cəbhəyə, səngərlərə üz tutub. Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.
Oktyabrın 1-də Rəvanın şəhid xəbərini alıblar. Onun son döyüşü Cəbrayıl rayonunun Rüzügar kəndi istqamətində olub, elə orada da ən ali zirvəyə - şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 2020-ci il oktyabrın 2-də Şıxımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ölümündən sonra Rəvan Məlikov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin
Facebook'da Paylaş