Cəlilabadda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

3-12-2021, 11:40

Cəlilabadda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Vətən müharibəsi şəhidinin xatirəsinə Cəlilabad rayonunun Qarazəncir kəndində tikilən bulağın açılışı olub.

Ordum.az-ın məlumatına görə, şəhidin ildönümünə təsadüf edən açılış mərasimdə onun ailə üzvləri, döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhid Araz Cəfərovun ömür yolu barədə danışıblar.

Qeyd edək ki, Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmət edib.

Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub, bir sıra əməliyyatlarda iştirak edib. Araz dəfələrlə ağır döyüşlərdə şəxsi fədakarlıqlar göstərərək cəsurluğu ilə seçilib.

O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Araz Cəfərovun nəşi 1 ay sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, şəhidimiz ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.




Facebook'da Paylaş