Rəna Əlyarın şəhid Ceyhuna ağısı

24-06-2022, 07:30

Rəna Əlyarın şəhid Ceyhuna ağısı

Nizami Məmmədov Tağısoy
Bakı Slavyan Universiteti
filologiya elmləri doktoru, professor


Rəna Əlyarın şəhid Ceyhuna ağısı

Üç onillikdən çox davam edən Ermənistan-Azərbaycan müharibəsi Ermənistan üçün istila, anneksiya, Azərbaycan üçün müstəqilliyinin tam bərpası uğrunda ölüm-dirim savaşı idi. Bu savaşda ermənilərin havadarları çox olsa da, Azərbaycan xalqının, onun qəhrəman oğullarının torpaq uğrunda döyüşü igid övladlarımızın yenilməz qələbəsi ilə başa çatdı. Maşallah, xalqımız elə bir şücaət göstərədi ki, erməni separatçıları və faşistləri bu triumf qarşısında diz çökdülər, boyun əydilər. Bu qələbə minlərcə Azərbaycan qəhrəmanının şəhidlik zirvəsinə yüksəlməsi ilə daşlaşdı. Mərd oğullarımız şəhidlik zirvəsinə ucaldılar.
Əlbəttə, şəhidi olmayan xalqın vətən məhəbbətindən, yurd sevgisindən danışmaq da olmaz. Şəhid verməyən xalqın kimliyi bilinməz, torpağının bərpasını qanı ilə həyata keçirməyənin başı uca olmaz, onun digər uca xalqlar sırasında adı çəkilməz. Odur ki, İkinci Qarabağ savaşının dünya hərb tarixinə şəhidlərimizin qanı ilə yeni səhifələr yazdığını gərəyincə dərk etməliyik. Axı bu zəfərin dəyəri ölçuyə gəlməz. Axı bu qələbənin dəyəri, Azərbaycan oğullarının triumfal qəhrəmanlığı ilə göz qamaşdırdı. Onların şan-şöhrəti bütün ölkələri, kontinentləri tutdu. Azərbaycanımız dillərdə dastan oldu. Şəhidlərimizlə bağlı neçə-neçə kitablar bağlandı. Bu kitablar şəhid analarının, şəhidlərin həyat yoldaşlarının dilləri ilə oxudu, ağı dedi, şəhidlərə yas saxladı. Bu dastanların əvvəlkilərdən fərqi isə onda idi ki, onların hamısının real tipi, yaxud prototipi, döyüş meydanları, onların şücaəti real hadisələrin gedişindən qaynaqlanırdı. Hamısında da realist təsvirlər o qədər canlı, o qədər inandırıcı idi ki, bu qələbənin yaradıcıları olan şəhidlərimiz sanki bizlərlə üz-üzə, göz-gözə mükalimə etməkdə, qələbədən söz salmaqdadırlar...
Mən bu yazıda Vətən uğrunda şəhid olmuş bir qəhrəmanımız və onunla bağlı qələmə alınmış bir əsər haqqında söhbət açacağam, bu əsərin müəllifindən, onun təhkiyə bacarığından bəhs edəcəyəm.

Bu müəllif Rəna Əlyardır. Odur ki, onun haqqında əvvəl müxtəsər məlumat vermək istəyirəm. Çünki Rəna Əlyarın (Rəna Əlyar qızı Məmmədovanın) elmi-pedaqoji fəaliyyəti neçə illərdir ki, gözlərim qarşısında inkişaf edib, formalaşıb, özünəməxsus bir mərtəbəyə çatıb. Müasir Azərbaycan və rus dili qrammatikasının, leksikologiyanın, leksikoqrafiyanın, frazeologiyanını çeşidli problemlərini əsaslı şəkildə izah etməyi bacarıb, bu sahədə qələm işlədən məsuliyyətli biri pedaqoq kimi Rəna xanım özünə reputasiya qazanmış dilçi mütəxəssislərdəndir. Buna görə də onun bu sahədəki səriştəsi bizdə daim rəğbət hissi yaratmışdır. Lakin Rəna xanım bu dəfə qarşımızda tamamilə fərqli ampluada özünü təsdiqləməyə çalışmışdır. Beləliklə, o, bir gün mənə zəng vurub deyəndə ki, Nizami müəllim, İkinci Qarabağ müharibəsində şəhid olmuş bacım oğlu, Vətənini canından artıq sevən Ceyhunla bağlı bir əsər yazmışam, fikrinizi bilmək isfərdim, düzü belə təklifə bir az şübhəli yanaşdım. Lakin söhbət şəhid adından getdiyindən bir – mənalı olaraq “Baş üstə” deyib, ondan kitabın mənə çatdırılmasını xahiş etdim.
Beləliklə, Rəna Əlyarın “Şəhid Ceyhunla bağlı yazdığı” povestini götürüb, onunla operativ tanış olmağa basladım. Buradaca onu da etiraf edim ki, əsərin ilk səhifələrı ilə tanış olduqda bir qədər yanıldığımı hiss etdim. Ona görə ki, Rəna xanım bu dəfə bizdə dilşünas alim, leksikoloq və frazeoloq kimi yox, sözün doğru mənasında bədii əsər müəllifi təsəvvürü yaratdı.
Əlbəttə, belə qənaətə gəlməyimizin səbəbi isə ilk növbədə aşağıdakılarla bağlı idi:
1. Məlum olduğu kimi, bədii əsər yazmaq üçün ilk növbədə qələmə aldığın mövzunun uğurlu maketini – süjet xəttini, fabulasını, kompozisiyasını bədii baxımdan yarada, qura bilmək bacarığına malik olmalısan;
2. Əsərin bədiiliyini təmin etmək üçün rəvan dil imkanlarından gərəyincə yararlanmalısan;
3. Bədii əsər mövzusuna çevirdiyin materialda obrazın əksər tərəflərinin ortaya qoyulmasına nail olmalısan;
4. Əsərdə yer almış aparıcı bədii obraza, baş qəhrəmana bu və ya digər cəhətdən bağlı olan personajların uğurla yerləşdirilmisini təmin edə bilməlisən;
5. Nəhayət əsərin dolğunluğuna yetişmək üçün obrazlı bədii-ifadə vasitələrindən yerli-yerində istifadə etməyə kifayət qədər müvəffəq olmalısan və s. və i.a.

Rəna Əlyarın bu yazısında İkinci Qarabağ müharibəsinin cəngavər döyüşçülərindən biri Ceyhunun olduqca görümlü, oxucu diqqətini cəlb edən, bir şəhidin həyat və döyüş yolunu ən incə detalları ilə izləyən, onun qəhrəmanlığa getdiyini, Vətəni özündən, anasından, qardaşından, qohum – əqrəbasından öndə görən bir əsgərin ömür və döyüş salnaməsi ortada dayanır.
Rəna xanımın əsərinin iki baş qəhrəmanı var onlardan biri ömrü nakam qırılmış, Vətən yolunda canından keçmiş cəngavər ürəkli Ceyhun Şalıyevdirsə, digəri şəhid Anası Sədaqət xanımdır. O ana ki, özünün də, Ceyhunun usaqlığı, orta məktəb dövrü Rusiyadakı Voronej səhərində keçsə də, Qarabağ bəlasını dərk etdiyi dövrlərdən daim fikri, zikri, düşüncəsi Vətənlə bağlı olmuşdur. Müəllimlərinin sevimlisi olsa da, Ceyhunun orta məktəbi orada qurtarmağa səbri də çatmamış, bütün varlığı ilə Azərbaycana can atmışdır. Paytaxtda orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, prestijli ixtisasa yiyələnmişdir. Böyük həvəslə hərbi xidmətə yollanmış, özünü yalnız müsbət tərəflərdən göstərmiş, xidmətini başa vurub adi həyat ritminə qayıtmışdır. Müxtəlif yerlərdə işləyib, ləyaqətli vətənoğlu kimi formalaşmışdır. Qeyrəti ilə, fəaliyyəti ilə Vətən və Xalq təəssübü çəkən vətəndaş kimi ortaya çıxmışdır.
2020-ci ilin sentyabrında Ermənistan hərbi birləşmələrinin yenidən Azərbaycana müharibə elan etməsi ilə əlaqədar təlimlərə qoşulub, erməni dığalarının burnunu əzmək, onlara qan uddurub, iti qovan kimi Vətəndən qovmaq haqqında düşünmüşdür. Rəna Əlyarın təqdim etdiyi yazıda Ceyhunun bütün həyatı oğul itirmiş Ananın dili ilə təsirli naxışlarla təsvir olunur. Əsərdə mükəmməl Ana və Vətənini hər şeydən uca tutan qəhrəman Ceyhunun obrazı bütün tərəfləri və keyfiyyətləri ilə təsvir obyektinə çevrilmişdir. Müəllifin yeri gəldikcə bayatılardan, ağılardan, ibarəli ifadələrdən uğurlu istifadə etməsi povestin bədii-estetik təsir gücünü artırmaqdadır. Ananın Şəhidlik zivəsinə ucalmış oğlu ilə mükalimələri, Voronejdə, Azərbaycanda, əsgərlikdə, təlimlərdə, şəhid olduğu məqamlarda, məzarıstanlıqda, şəhərdə, evdə yatanda, duranda, həyatla bağlı düşüncələrə dalanda, xəyalən Gəncədə olanda, barelyefinə, xatirə-bulaq kompleksinə baxanda, pandemiya dövründə oğlunu ziyarət etməkçün piyada Fəxri xiyabana üz tutanda, Ceyhunun əsgərlik gündəliyini “vərəqləyəndə”, oradakı yuxugörmələri dilə gətirəndə, Ceyhunun Puşkindən, Lermontovdan bəhs edən gündəliyinə yanğı ilə baxanda, cənnətdəki 26 yaşını “təbrik edəndə”, oğlunun yatdığı, üz qoyduğu soyuq məzardan qoxusunu alanda, Ceyhun həyatı tərk etsə də, Ananın daim onun nəfəsini yanında hiss etdiyi məqamlarda və s. Ana və Oğul obrazı bütün tərəfləri ilə oxucunun nəzərlərini dərindən məşğul etməkdədir.
Rəna Əlyarın əsərin bəzi yerlərində yadda qalan, məsələn, “Həsrətin səndən vəfalıymış” və s. kimi ibarələrdən istifadə etməsi, povestin birnəfəsə oxunulması ilə yanaşı, həm də oxucuda yetərincə ovunmayan açı, faciə, müsibət effekti buraxmaqdadır. Rəna Əlyarın adını çəkdiyimiz bu əsərinin bədii-sənədli məziyyətləri ilə bağlı çoxlu fikirlər dilə gətirmək olar. Eyni zamanda povestin gənclərimizin, gələcək nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında roluna inanmaqdayıq. Rəna xanımın bu əsəri İkinci Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş uğurlu bir nümunə kimi öz bədii-estetik təsir gücü ilə seçilməkdədir. Əsərdən gələn ən başlıca fikir “Şəhidlər ölməz! Vətən bölünməz!”dir idayasının dominant olaraq ortada dayanmasıdır.
Şəhid balamız, qəhrəman Ceyhun Şalıyevə və müsibət içində yanan Sədaqət Anaya həsr olunmuş bu əsərə görə Rəna Əlyarı ürəkdən təbrik edir, ona bu gərəkli təşəbbüsündə yeni yaradıcılıq uğurları diləyirik.




Facebook'da Paylaş