ŞƏHİD VARSA, VƏTƏN VAR!!

24-10-2021, 20:44

ŞƏHİD VARSA, VƏTƏN VAR!!


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək düşmənə qan udduran Mürsəl balamızın Şəhidlik zirvəsinə yüksəlməsindən bir il kecir. Onun xatirəsini, vaxtsız dünyasını dəyişmiş tələbə yoldaşımız, şair Süleyman İsmayıloğlunun “Şəhid varsa, Vətən var” şeiri ilə bir daha yad edir, bütün şəhidlərə Allahdan rəhmət, qəhrəmanlıqla həlak olan Mürsəl balamızın anası, tələbə yoldaşımız Lalə xanıma, onun timsalında bütün şəhid analarına səbr diləyir, qarşılarında baş əyirik.
Lalə xanımın qrup yoldaşları adından Elman Rüstəmov


ŞƏHİD VARSA, VƏTƏN VAR!!!

ƏZİZİMİZ, ŞƏHİDİMİZ MÜRSƏLƏ

Nə qədər ki, bu bayraq
Göylərdə dalğalanar,
Nə qədər ki, səmada
Ulduz yanar, Ay yanar,
Nə qədər ki, bu Vətən
Himnimizlə oyanar,
Siz qürurla dayanın,
Başı uca analar -
Şəhid varsa, Vətən var!!!


Bu torpaq Allah payı
Qorumasaq ar olar!
Qandan məlhəm vurmasan,
Sağalarmı yaralar?
Bu gün sabaha qalsa
Əsrlərcə dərd olar.
Oğullar meydan sular,
Oğullar zəfər çalar -
Şəhid varsa –Vətən var!!!

Dağ mənim, sazaq mənim,
Ey başı qarlı dağlar.
Aç qala qapısını,
Şanlı qonaqların var.
Qovuldu, rəzil oldu
Tamah salan yağılar.
Budur sinə gəribdi,
Dağa dirək oğullar -
Şəhid varsa –Vətən var!!!


Yaşayar tarıx boyu,
Bu tarixi yazanlar!
Yazmasa qəhr olarıq -
Nə yaxşı ki, yazan var!
Başının üstə quran,
Dodağında azan var!
Bu müzəffər tarixə
Qanla möhür vuranlar-
Şəhid varsa –Vətən var!!!


Süleyman İsmayıloğlu

15.12.2020 Bakı şəhəri




Facebook'da Paylaş