Vətən Sizə oğul dedi
Şuşada növbəti tədbir-Vətən Sizə oğul dedi“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam edir. Layihənin icra planına uyğun olaraq növbəti tədbir noyabrın 2-də Şuşa şəhərində “Vətən Sizə oğul dedi” adı altında keçirilib.
44 günlük Vətən Müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşərək Şuşaya çatmadan Şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini nəzərdə tutan tədbir Füzuli rayonunun Qaraxanbəyli kəndində, Şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başladı. Şəhid anaları övladını sığallayırmış kimi, xatirə lövhəsinə sığal çəkirdi. Beləcə hərə qucağında bir şəhidin portretini, ürəyində minlərlə şəhidimizin ağrı-acısını Abşeron rayonundan özü ilə götürərək arzularımızın şəhərinə- Şuşaya daşıdı...
Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi, suverenliyi uğrunda canından keçənlərin xatirəsi sükutla yad edildikdən sonra “Zəfərdən-Zəfərə” adlı buklet və ziyarətçilər üçün hazırlanmış xüsusi geyim formaları tədbir iştirakçılarına paylandı. Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışdı.
Şuşa ziyarətçilərinin yaralarına sevgi və sayğılaırı ilə məlhəm qoyan Nigar Əliyeva həm də qrup üzvlərinə Şuşanın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə ətraflı məlumat verdi.
Ehtiyatda olan Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov, Qazi-jurnalist Əlisəfa Mehdiyev Azərbaycan Ordusunun uğurlarından, azad olunmuş torpaqlarımızda aparılan geniş quruculuq, abadlıq işlərindən söz açdılar. Qarabağın yeni növrağında hər şəhidimizin, hər şəhid ailəsinin öz payı olduğunu bildirdilər. Şəhidd ailələrinin ürək sözləri dinlənildikdən sonra müqəddəs yerlərin gəzintisinə başlandı.
Bu qədər həyəcanın, kədər qarışıq sevincin içində bir sürpriz də oldu. İki il əvvəl ölüm -dirim savaşının getdiyi bu günlərdə Vətənə qurban gedən Fərid İlyaslının ziyarətçilər arasında olan qardaşı Kamala azad Qarabağda, “Xarıbülbül” restoranında ad günü törəni düzənləndi. Qrupdakı şəhid övladları, şəhid anası Bəsirə xanımla birlikdə Kamalın 11 yaşı şərəfinə “Tort” kəsiminə dəvət olundu. Bütün diqqətlər Kamalı təbrikə yönəldi. Anası Bəsirə xanım gözləmədiyi bu hadisədən çox təsirləndi. Bir daha hiss elədi ki, ailəsi dölətimizin, millətimizin diqqətindədir.
Daha sonra xatirə şəkilləri çəkildi, beləcə Şuşanın dağları, qayaları ilə baş -başa bir gün keçirən şəhid ailə üzvləri axşamüstü üzü Bakıya yol aldılar.
Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti
Facebook'da Paylaş