Səməd Bayramzadədən Amiliyə maraqlı xatırlatma
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin xütbəsinə maraqlı tarixi xatırlatma ilə qarşılıq verib. Təqdim edirik: Amili "Şirin quyruğu ilə oynamayın" ifadəsini işlətməklə bir daha təsdiq etdi (bilərəkdən və ya bilməyərəkdən) ki, Iranın indiki rejimi Pəhləvi şahlıq rejiminin iqtisadi, siyası-ideoloji bazası əsasında yaradılıb və pəhləvilərin anti-Azərbaycan və azərbaycanlılara qarşı milli şovinist siyasətlərini davam etdirməkdədirlər.
Bununla bağlı Amili həzrətlərinin diqqətinə belə bir tarixi hadisəni çatdırmaq istərdim.
1945-ci ilin sentyabr ayının 3-də (12 Şəhrivər) Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra Fədai hərəkatı da təşkilatlanmağa və daha geniş miqyasda fəaliyyətə başlayır. Noyabr ayında Təbrizə doğru hərəkət edən və Mərkəzi hökumətin qoşunlarını şəhərdən çıxarmağı qarşısına məqsəd qoyan Fədai dəstələrinə qarşı Təbrizdə dövlət qoşun hissələrinə rəhbərlik edən general Derəxşaniyə atəş açmaq, onların qarşısını almaq haqqında şah tərəfindən əmr verilir.
General Derəxşani isə əmri icra etməkdən imtina edir və şaha belə bir cavab göndərir:
"Şahım, Azərbaycan yatmış bir şirə bənzəyir. Onu narahat etsək, tac laxlayar, qılınc əldən düşər"
O zamankı İranın gerbində başında tac, əlində qılınc olan yerdə oturmuş bir şir təsvir olunurdu.
Derəxşani bu ifadəsi ilə şaha bildirir ki, Azərbaycansız İran yoxdur. Azərbaycan İranın tacıdır. Onu narahat etsək, İran məhv olar, viran olar.
[center]
Amilinin yadına bu tarixi hadisəni salmaqla ona bir daha xatirlatmaq istərdim ki, pəhləvilərin hakimiyyətinə qarşı mübarizə aparan, həmin rejimi devrib sizi hakimiyyətə gətirən milyonlarla insanın tökdükləri al qanları ayaq altına aldınız, görməzdən gəldiniz. Bu hərəkətinizlə bütün dünyaya göstərdiniz ki, siz doğrudan pəhləvilərin varisisiniz, onların yarımçıq qalan işlərini həyata keçirirsiniz.
Siz də pəhləvi şahları kimi yatmış şirin - Azərbaycanın quyruğu ilə oynayırsınız.
Bilin ki, reallıq dəyişməyəcək!
Azərbaycan və azərbaycanlılar öz sözlərini 21 Azərdə, Bəhmən qiyamında dedikləri kimi mütləq yenə də deyəcəklər!
Facebook'da Paylaş