Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “4 gündən 44 günə” bədii kompozisiyası təqdim olunub

4-04-2022, 18:55

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “4 gündən 44 günə” bədii kompozisiyası təqdim olunub

Heydər Əliyev Sarayında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “4 Gündən 44 Günə” adlı tədbir keçirilib.
Ordum.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi Əhliyət Mehdiyev çıxış ediblər. Çıxış edən natiqlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə bitən Vətən müharibəsində əldə olunan böyük Zəfərin başlanğıcı olduğunu və xalqımıza qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini vurğulayıb, gənclər arasında vətənpərvərlik hislərinin aşılanması istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında "4 Gündən 44 Günə" bədii kompozisiyası ilə davam edib.

Kompozisiyada Qarabağ müharibəsinin bütün dövrünü əhatə edən vacib hadisələr səhnələşdirilib, soyqırımı və qətliamların qurbanlarına, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza ehtiram nümayiş olunub. Xalqımızın başına gətirilən müsibətlər, müharibə dəhşətləri, öz yurdundan didərgin düşmüş, uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş yüz minlərlə soydaşımızın, müharibədə doğmasını, əzizlərini itirən insanlarımızın yaşadığı hisslər, işğal nəticəsində əzəli və əbədi yurd yerimizdən, doğma torpaqlarımızdan ayrı qaldığımız 30 ilin ağrı-acısı maraqlı süjet xətti vasitəsilə diqqətə çatdırılıb. Qalibiyyət ruhunda 4 gündən 44 günlük haqq savaşına gedən şanlı yol ifadə edilib.

Tədbir Aprel döyüşləri və Vətən müharibəsi qazilərinin səhnəyə daxil olması ilə, hamılıqla şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.




Facebook'da Paylaş