Regionun ən böyük kitab sərgisində “İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” kitabı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilir.
Sərgidə yeni nəşr olunan “İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” adlı kitabın imza günü baş tutdu. Araşdırmaçı yazarlar Məhsəti Hüseynova və Asim Vəliyevin müəllifi olduğu “İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” sərgini ziyarət edənlərin marağına səbəb oldu, ziyarətçilər müəlliflərlə tanış olub, imzalı kitablar əldə etdilər.
Eyni zamanda kitab Dini qurumlarla iş üzrə dövlət komitəsindən müsbət rəy alaraq Əqli Mülkiyyət Agentliyi tərəfindən elmi əsər olaraq qeydiyyata alınıb. Kitabda 27 yerli və xarici ədəbiyyatdan istifadə edilib.
Yazar Məhsəti Hüseynova bildirir ki, bu kimi tədbirlərin keçirilməsində bir məqsəd də oxuculara müəllifin şəxsən özü tərəfindən imzalı kitabın təqdim edilməsidir, bu onları mütaliəyə daha da həvəsləndirir və müəlliflə tanış olma imkanı yaradır. Onun sozlərinə görə insanın varlığını davam etdirə bilməsi üçün ən önəmli ehtiyaclarından biri də qida ehtiyacıdır. Bir cəmiyyətin mətbəxi, o cəmiyyətin aynasıdır. Mətbəx dərman olmaq əvəzinə dərd yaradırsa, o cəmiyyət mədəniyyət ortaya çıxara bilməz. Bir cəmiyyətin mətbəxdə yedikləri (ya da yemədikləri) o cəmiyyətin siyasi quruluşu, iqtisadi vəziyyəti, sağlamlıq haqqında şüuru və inancından xəbər verir. Əgər vermirsə, o mətbəxdən qidalananların ortaq bir kimliyindən danışa bilmərik.
Digər müəllif Asim Vəliyev isə bildirdi ki, kitabda İslamda qida ilə bağlı fikirlər bir araya toplanıb. Bir müsəlmanın İslamın mətbəxindən qidalanmaqdan başqa seçimi yoxdur.
Artıq qida bir qidalanma vasitəsi deyil, fıziki doyumluluğu həddindən çox təmin edən, amma istehlak edənləri bioloji olaraq ac buraxan bir maddəyə çevrildi. Yəni bu gün qida səssiz bir silaha çevrilmiş haldadır.
Sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilir.
Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Facebook'da Paylaş