Novorossiysk şəhərindəki diasporumuz növbəti xeyriyyə tədbiri keçirib

25-06-2023, 21:23

Novorossiysk şəhərindəki diasporumuz növbəti xeyriyyə tədbiri keçirib

Cəlal Abdullayev: “İnanırıq ki, Krasnodar diyarı Azərbaycanlıları Birliyinin uşaqlar üçün təşkil etdiyi təbiət qoynunda gəzinti hamının yaddaşında uzun müddət qalacaq”

Rusiya Federasiyasının Krasnodar diyarının Novorossiysk şəhərindəki soydaşlarımız davamlı olaraq yerli çoxuşaqlı və aztəminatlı ailələrə xeyriyyə yardımını göstərirlər. Krasnodar diyarı Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirlərdə diasporumuz yerli əhaliyə maddi və mənəvi dəstək götərirlər. Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayevin saytımıza verdiyi məlumata görə belə tədbirlərdən biri də iyunun 24-də Novorossiysk şəhərində daun sindiromlu uşaqlar üçün keçirilib. “Biz əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün saysız müxtəlif səpkili tədbirlər təşkil etmişik. Bu dəfə isə onlara valideynləri ilə birgə meşədə istirahət təşkil etdik. Həm uşaqlar, həm də valideynlər asudə vaxtlarını belə səmərəli keçirməkdən məmnun oldular. Uşaqlara sevinc bəxş etməkdən gözəl nə ola bilər. Onların çöhrəsində sevinci görmək hər bimizi duyğulandırdı. İnanırıq ki, Krasnodar diyarı Azərbaycanlıları Birliyinin uşaqlar üçün təşkil etdiyi təbiət qoynunda gəzinti hamının yaddaşında uzun müddət qalacaq”, – deyə Cəlal Abdullayev bildirib.
Öz növbəsində gəzintidə iştirak edən valideynlər sosial şəbəkə profillərində belə bir gözəl tədbirin təşkilatçılılarına təşəkkür ediblər. Onlar paylaşımlarında soydaşlarımıza öz məmnunluqlararını bildirib, hədiyyə və yeməklər, eləcə də diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Xatırladaq ki, Krasnodar diyarı Azərbaycanlıları Birliyi Rusiyada aktiv diaspor təşkilatlarındandır. Cəlal Abdullayevin rəhbərliyi ilə Birlik tərəfindən yerli rəsmilərlə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq tədbirlər keçirlir. Eyni zamanda, təşkilat tərəfindən yerli əhalinin diqqət və marağını cəlb edən sosial-xeyriyyə kampaniyaları da keçirilir. Bu kimi fəallığa görə Krasnodar diyarı Azərbaycanlıları Birliyi yerli hakimiyyət qurumları tərəfindən dəfələrlə təltif olunub.




Facebook'da Paylaş