Haaqa Məhkəməsi Cənubi Osetiya separatçılarının üç keçmiş rəhbərinin həbsinə order verib

30-06-2022, 20:03

Haaqa Məhkəməsi Cənubi Osetiya separatçılarının üç keçmiş rəhbərinin həbsinə order verib

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) İlkin icraat palatası 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə Tsxinvalın keçmiş yüksək vəzifəli üç məmurunun həbsinə orderin verilməsi ilə bağlı müraciəti təmin edib.

Ordum.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Palatanın qərarı ilə məhkəmənin Katibliyinə Mixail Mindzaev, Qamlet Quçmazov və David Sanakoevin həbsi üçün sorğunun hazırlanması tapşırılıb.

Baş Prokurorluq qərarı Gürcüstanın 2008-ci ilin avqust müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi böyük uğur kimi qiymətləndirib.

Qeyd edək ki, M.Mindzaev 2005-ci ildən 2018-ci ilin oktaybrına qədər Cənubi Osetiyanın “daxili işlər naziri”, Qamlet Quçmazov “DİN”in istintaq təcridxanasının rəisi, D.Sanakoev isə “prezident”in insan haqları məsələləri üzrə nümayəndəsi olub. Onlar 2008-ci ilin avqustun 8-dən 27-dək olan dövrdə azadlıqdan qanunsuz məhrum etmə, işgəncələr, qeyri-insani davranış, ləyaqəti alçaldan hərəkətlər, girovların götürülməsi və qanunsuz yerdəyişmə kimi cinayətlərdə ittiham olunurlar.




Facebook'da Paylaş