Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar çıxarıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir.
Qərara əsasən, Ermənistan höküməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.
Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar AvropaMəhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədi ilə Azərbaycan hökuməti zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb.
2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.
Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanılmışdı.