Ramiz Nəcəfli: 30 illik Həsrətim bitdi…

21-06-2022, 20:18

Ramiz Nəcəfli: 30 illik  Həsrətim bitdi…

Ramiz Nəcəfli: 30 illik Həsrətim bitdi…
Kəlbəcərə ilk səfərim yamğalanmış muzeydən keçdi
Doğma Kəlbəcərə olan 30 illik həsrətim iyunun 18-də başa çatdı. Bizləri yurdumuza qovuşduran Allahımıza şükr edib şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə sağlıqlı uzun ömür arzulayıram. Boya-başa çatdığım torpağa ayaq basanda keçirdiyim hissləri yəqin ki, mənim kimi 30 il həsrət çəkənlər daha yaxşı bilərlər. İlk ziyarət edəcəyim yer doğulub boya-başa çatdığım Zəylik kəndi və oradakı qəbiristanlıq olmalıydı. Atamın, qohumlarımın və digər kəndçilərimin qəbir daşlarını qucaqlayıb doyunca ürəyimi boşaltmalıydım. Amma bunlar təxminən iki saat sonra oldu...
Kəndimizə getmək üçün yolumuz şəhid olmuş Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin düz beş metrliyindən keçdiyindən, əvvəlcə bura baş çəkməli oldum. 1991-1993-cü illərdə burada elmi işçi kimi çalışdığıma görə bu mədəniyyət ocağı mənə çox doğmadır. Bu doğmalığın nəticəsi olaraq Bakı Dövlət Universitetində dissertasiya işimi də Kəlbəcər Muzeyi materiallarına həsr etdim. Beləliklə şəhid olmuş muzeyin həyətində ürək dağlayan mənzərə ilə qarşılaşdım. 36 minə qədər eksponatı olan muzey yerlə yeksan edilmiş və yerində sındırılmış bir neçə qəbirüstü abidələr, atın günəşə qurban kəsilməsini özündə saxlayan qədim arxeoloji tapıntı və bəzir daşlarını gördüm…
Düşündüm ki, min bir əziyyətlə muzeyi ərsəyə gətirən mərhum alimimiz Şamil Əsgərov bu mənzərəni görsəydi elə oradaca ürəyi partlayardı. Ş.Əsgərov Kəlbəcər işğal olunduqdan sonra Bakıda yeni bir muzey də qurdu. Onun adını Şahid Muzey, Kəlbəcərdə qalan muzeyi isə Şəhid Muzey adlandırdı. Ruhu şad olsun Şamil müəllimin!




Facebook'da Paylaş