Nəzrin Nəsibli Mingəçevir şəhərində yaşayır. Ata-anası Kəlbəcər rayonundan məcburi köçkündürlər.
Atası Rasim Nəsibli Birinci Qarabağ Müharibəsi qazisidir. Ağlı kəsəndən Nəzrin evdə valideynlərinin, qohum-əqrəbalarının Kəlbəcər həsrətli söhbətləri ilə böyüyüb. İkinci Qarabağ Müharibəsi başlanan gündən o da hamı kimi müharibə həyəcanları ilə yaşayıb. Günlərin birində Azərbaycan əsgərinə məktub yazmaq fikrinə düşüb. Məktubda bu balaca qızcığazın vətən sevgisi bütün əzəməti ilə əksini tapıb.
“Salam əsgər. Əsgərim, sən məni heç vaxt görməmisən, elə mən də səni. Amma mən səni oradakı bütün əsgərləri qardaşım kimi çox sevirəm. Onlara da de: mən sənə və onlara “çox sağ olun” deyirəm. Axı siz orada bizi qorumasanız biz burada rahat yatıb-dura, oxuya, gəzə, oynaya bilmərik. Evdə 3 bacıyıq, qardaşım yoxdur. Amma mən sevinirəm ki, mənim sizin kimi qardaşlarım var. Mən balaca qız olsam da ürəyimdə atamın və anamın olduğu, mənim isə görmədiyim “Kəlbəcər” həsrətim var. Allahdan şəhid olan qardaşlarıma rəhmət, sizlərə isə can sağlığı diləyirəm. Arzum budur ki, tezliklə məni Kəlbəcərə siz aparasınız”.
Nəzrinin məktubu ünvanına yetişib. Günlərin bir günü əsgər qardaşı İsmayıldan zəng gəlib. Əsgər Nəzrinə deyib ki, bu gündən onu özünə qardaş hesab eliyə bilər. Döyüşdən sonra Nəzringilə gəlib onunla görüşəcək. İsmayıl söz verib ki, öz toyunda Nəzrini bacı kimi yanında əyləşdirəcək. Qazi əsgərimiz Nəzrinə öz şəkilini də göndərib. İndi balaca Nəzrin əsgər qardaşı ilə görüşəcəyi günün həyəcanı ilə yaşayır. İnanır ki, günlərin bir günü əsgər qardaşını Kəlbəcərdə tikiləcək evlərinə qonaq da dəvət edəcək.
“Bütöv Azərbaycan”