“PARAM-PARÇA İLLƏRİM..
“PARAM-PARÇA İLLƏRİM...” Mayın 25-də Bakı şəhərinin, Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə Azərbaycan xalq şairi Vahid Əzizin “Param-parça illər...” kitabının təqdimatı keçirildi. Təqdimatda Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov, Suraxanı Rayon YAP sədri Vüqar Seyidov, RİH başçısının müavini Könül Axundova, məktəbin şəhid məzunu Nazim Kirxlarovun anası Sultanxanım Kirxlarova, Vətən müharibəsi qazisi, məktəbin məzunu Ülvi Hüseynov, RİH-nin şöbə müdirləri, F.Köçərli adına Uşaq kitabaxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, F.Köçərli adına Uşaq kitabxanasının direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, şagirdlər, valideynlər və pedaqoji kollektiv iştirak etdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Arzu Məmmədova açdı. O, “Param-parça illər” kitabı haqqında məlumat verərək, bu topluda şairin Ali Baş Komandan İlham Əliyevə, 44 günlük Vətən müharibəsinə, igid oğullarımıza, Böyük Zəfərə həsr etdiyi şeirlərin toplandığını bildirdi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyytinin başçısı Əziz Əzizov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi. Sonra Əziz Əzizov şair Vahid Əzizlə olan görüşün şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edəcəyini, yaradıcı ziyalılarla olan görüşlərin digər təhsil ocaqlarında da davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı.
Tədbirin aparıcısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova xalq şairi Vahid Əzizin müəllifi olduğu “Param-parça illər...” kitabında poetik obrazın güclü olduğunu, şairin bütövlükdə şeirlərində yurd təəssübkeşliyinin, Vətənə olan sonsuz məhəbbətin tərənnüm olunduğunu bildirdi. Müəllifin “Dəmir yumruq” silsiləsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs olunduğu qeyd olundu. Vurğulandı ki, kitabda müəllifin Vətən müharibəsi günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğuna, Qarabağın tacı Şuşaya həsr olunduğu şeirlər, “Heyrət səcdəsi” adlı poema və "Şəhidlik zirvəsi", "Naməlum şəhid məzarı", "Şəhid məzarına məktub", "Vətən", "Qarabağda", "Qarabağ", "İrəvana qədər", "Yaşatdılar” və s şeirlər daxil edilib.
Xalq şairi Vahid Əziz alqış sədaları altında səhnəyə dəvət olundu. Vahid Əziz çox şaxəli ədəbi yaradıcılığından, tarixi yurd yerlərimizdən, “Param-parça illər...” kitabında yazdığı bəzi şeirlərdən danışdı. Vətənpərvərlik mövzusunda yazdığı yeni şeirini söylədi. Şair “Param-parça illər” kitabındakı aşağıdakı misraları da dilə gətirdi.
Dən səptik – bitən oldu,
Ormanlara tən oldu,
Buralar torpaq idi,
Can verdik, Vətən oldu...Həmin gün məktəblilər şairin keçdiyi mənalı ömür yolunu vərəqlədilər, yazdığı şeirləri söylədilər. Vahid Əzizin “Param-parça illər” kitabının dövlət mükafatına təqdim olunması xəbəri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Xalq şairi 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi, Azərbaycan əsgərinin qəhrəmanlığını böyük ürək çırpıntısı ilə qələmə aldığını, o sevincli Zəfər gününün yaddaşlardan silinməyəcəyini qeyd etdi. Şagirdlərin ona ünvanladığı sualları da əhatəli cavablandırdı. Musiqi çələngini 3 nömrəli uşaq incəsənət məktəbinin müəllimi Rəşidə İskəndərova fortopianoda bəstəkar Faiq Sücəddinovun “Vətən balladası” əsərini ifa edərək tədbir iştirakçılarına ərməğan etdi.
Məktəbin direktoru Arzu Məmmədova çıxışında şagirdlərin istəyi ilə məktəbə dəvət olunan Azərbaycanın xalq şairi Vahid Əzizə, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Suraxanı Rayon YAP-nın sədri Vüqar Seyidova pedaqoji kollektiv adından təşəkkür etdi. Təqdimatın sonunda xatirə şəkli çəkildi.
Təranə CƏBİYEVA
Facebook'da Paylaş