“ÖLÜMÜ FƏTH EDƏNLƏR”...

5-11-2021, 06:37

“ÖLÜMÜ FƏTH EDƏNLƏR”...

“ÖLÜMÜ FƏTH EDƏNLƏR” KİTABININ TƏQDİMATI OLUB
F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi və təbliğinin inkişafı istiqamətində vətən torpağına, millətə sədaqət hisslərini aşılamaq məqsədilə 8 noyabr Zəfər gününə həsr olunmuş “Rəşadətlə yaşayanlar – ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsi keçirib. Müsabiqəyə ölkəmzin müxtəlif bölgələrindən və məktəblərindən 60-a yaxın uşaq və gənclər qoşulub.

Onların göndərdiyi hekayələr arasında istedadla qələmə alınmış yazıları nəzərə alaraq kitabxana həmin hekayələri toplu olaraq bir kitab halında nəşr etdirməyi qərara alıb. Münsiflər heyətinin qərarı ilə kitaba 25 hekayə daxil edilib. Qeyd edək ki, yazılardan sonra kitabda yer alan rəsmlər hekayə müəllifləri və digər məktəblilər tərəfindən çəkilib. Kitabın ideya ön sözünün müəllifi kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, redaktoru isə “Qızıl kəlmə” mükafatı laureatı, uşaq yazarı Sevinc Nuruqızıdır. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Təhsil” nəşriyyatında çap edilib.

Noyabrın 3-də “Libraff Park Akademiya” kitab mağazasında “Ölümü fəth edənlər” adlı həmin kitabın təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq qonaqları salamladı. Sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şəhla xanım 2-ci Qarabağ Müharibəsində dövlətimizin, ordumuzun və böyük xalq birliyimizin möhtəşəm qələbəsindən danışdı. O, böyük Zəfərdən ruhlanan yeniyetmələrin ürək çırpıntısı və həyəcanla qələmə aldıqları hekayələrin toplandığı kitabın nəinki bu gün, gələcəyimiz üçün də mənəvi dəyərindən söz açdı. Sonra söz kitabın ideya müəllifi Zahirə Dadaşovaya verildi. Zahirə xanım danışdıqca kövrəldi, gənc müəlliflərin bəzilərinin atası, qardaşı, doğmalarının şəhid, qazi olduğunu vurğuladı. Kitabın redaktoru Sevinc Nuruqızı gənc müəlliflərin hekayələrindən təsirləndiyini belə ifadə etdi: “Bu hekayələri oxuduqca düşündüm ki, mən belə yaza bilməzdim...”

Tədbirdə tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil, Mədəniyyət Nazirliyinin Kitab şöbəsinin əməkdaşı İslam Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Günel Nağıbəliyeva, uşaq yazarı Mehriban Nağıyeva, “Müəllim sözü” qəzetinin baş redaktoru Vahid Aslan, müəllimlər, valideynlər də, iştirak edirdilər.

Mina Rəşid




Facebook'da Paylaş