Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alimimiz haqqında kitab

11-09-2017, 10:07



 Ordum.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) iki dəfə elm üzrə "HUMAY" Milli mükafatı laureatı, kimya elmləri namizədi Rəsul Rəhşanlının müəllifi olduğu “Strasburq universitetinin Doktoru Xanlarov” adlı kitab daxil olub.

Kitab Almaniyada təhsil almış, daha sonra Fransanın Strasburq şəhərində fəaliyyət göstərən, o dövrdə Avropanın və ümumilikdə dünyanın ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılan Vilhelm Kayzer Universitetində tədqiqat aparan ilk kimyaçı alimimiz Mövsüm bəy Xanlarovun həyat və yaradıcılığından bəhs edir. Nəşrdə Bakılı tədqiqatçının laboratoriyada toksin turşusunun rodan etilinə təsirini tədqiq etməsi, öz elmi araşdırmalarının nəticələrini 1882-ci ildə alman kimya ictimaiyyətinin "Berichte der Deutschen Chemischem Gesellchaft" jurnalında nəşr etdirməsi, bu sahədə uğurlu nəticələr əldə etməsi, butirolakton və alfa-butirolaktonun sintezi xüsusiyyətlərinə dair ona qədər bir çox alimləri düşündürən sualların cavabını tapması, 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, elmlər doktoru alimlik dərəcəsi alması xüsusilə qeyd edilir. Bakıda doğulub boya-başa çatmış 26 yaşlı gəncin 1883-cü ildə dünyanın ən tanınmış elm-təhsil mərkəzlərindən birində belə yüksək elmi ada sahib olması XIX əsrin sonlarına doğru milli elmin inkişafı sahəsində elə də nəzərəçarpacaq nailiyyətləri olmayan Azərbaycan üçün son dərəcə əlamətdar hadisə kimi təsvir olunur. Əsərdə M.Xanlarovun D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğu ən parlaq faktlar
kimi ortaya qoyulur. Onu da qeyd edək ki, Mövsüm bəy Xanlarov "Əkinçi" qəzetinin fəal müəlliflərindən biri olub.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və kimya elminin tarixi ilə maraqlananlar üçün faydalı ola bilər.




Facebook'da Paylaş