Zəfərdən Qayıdışa – Həsrətin Sonu Yaxındır

Dünən, 23:50

Zəfərdən Qayıdışa – Həsrətin Sonu Yaxındır

Zəfərdən Qayıdışa – Həsrətin Sonu Yaxındır

Mən mütləq yurduma dönəcəyəm. Çünki o torpaqlar sadəcə doğulduğum yer deyil, mənim köküm, kimliyim, yaddaşımdır. O torpaqlarda atam yaşayıb, atamın atası yaşayıb, onun da babaları ömür sürüb. Hər qarışında əcdadlarımızın izi, alın təri, xatirələri və duaları var. Biz o torpaqlara sonradan gəlməmişdik – əsrlərlə o yurdun sahibləri olmuşduq.

1991-ci il avqustun 8-də doğma Nüvədi kəndindən zor gücünə deportasiya olunduq. Evimizi, ocağımızı, ata-baba yurdumuzu tərk etməyə məcbur edildik. Ancaq bir şeyi heç kim bizdən ala bilmədi – Vətən sevgisini və Qayıdış ümidini. Biz yurdumuzdan çıxarıldıq, amma yurdumuz heç vaxt ürəyimizdən çıxmadı.

İllər keçdi. Həsrət uzandı. Amma bu həsrət bizi sındırmadı, əksinə daha da möhkəmləndirdi. Biz inanırdıq ki, haqq gec-tez öz yerini tapacaq. Bu inamın təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdu. O, Qərbi Azərbaycana qayıdış ideyasını milli yaddaşımızın ayrılmaz hissəsinə çevirdi, dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri kimi yaşatdı.

Bu gün həmin siyasi xətt Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində tarixi Zəfər qazandı, ərazi bütövlüyünü bərpa etdi və Böyük Qayıdış prosesinə başladı. Bu Zəfər bütün soydaşlarımıza göstərdi ki, xalqımızın iradəsi qarşısında heç bir haqsızlıq əbədi ola bilməz.

Məhz buna görə də 2026-cı il avqustun 8-də ABŞ-da sülh müqaviləsinin imzalanması və paraflanması xəbəri bizdə yeni ümidlər yaratdı. Bu tarixi hadisə Qərbi Azərbaycana qayıdış yolunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İnanırıq ki, beynəlxalq hüquq, tarixi ədalət və dövlətimizin qətiyyətli siyasəti nəticəsində doğma yurdlarımıza qayıdacağımız gün uzaqda deyil.

Biz intiqam deyil, ədalət istəyirik. Biz müharibə deyil, doğulduğumuz torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaq istəyirik. Ata-babalarımızın məzarlarını ziyarət etmək, dağıdılmış ocaqlarımızı yenidən qurmaq, övladlarımızın və nəvələrimizin öz doğma yurdlarını görməsini arzulayırıq.
Əminik ki, Zəfərdən Qayıdışa gedən yol artıq açılıb. Bu yol bizi doğma Mığrıya, Nüvədiyə və bütün Qərbi Azərbaycan yurdlarına aparacaq.
O gün uzaqda deyil. Biz qayıdacağıq. Çünki o torpaqlar bizim tarixi Vətənimizdir. Biz qayıdacağıq – əcdadlarımızın ruhuna, tariximizə və gələcək nəsillərə olan borcumuzu yerinə yetirmək üçün.
Zəfərdən Qayıdışa – bu, təkcə bir şüar deyil, bütün Qərbi azərbaycanlıların qəlbində yaşayan müqəddəs inamdır. Və o inam mütləq gerçəyə çevriləcək.

Nüvədi kənd sakini Bərəhman Zairov Səfiyar oğlu





Facebook'da Paylaş