Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

22-03-2022, 17:01

Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Qətərin Doha şəhərində rəsmi səfərdədir.

Bu barədə Ordum.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ildən etibarən təşkil edilən, Yaxın Şərq və Şimali Afrika regionunda ən nüfuzlu dəniz müdafiə sərgisi olan DİMDEX sərgisində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətləri dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarını nümayiş etdirirlər.

Sərgi çərçivəsində M.Quliyev Qətərin Baş naziri və daxili işlər naziri Xalid bin Xəlifə bin Abdul Əziz Əl Tani və bu ölkənin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Xalid bin Məhəmməd Əl Attiyah ilə görüşüb.

Görüşlərdə Azərbaycanla Qətər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, hər iki ölkə arasında hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sərgidə M.Quliyev Türkiyə milli povilyonu ilə də tanış olub və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb. Görüş zamanı hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Nazir eyni zamanda Türkiyəyə məxsus olan Havelsan, Roketsan və Turkish Aerospace şirkətlərinin stendlərini də ziyarət edib.

Xatırladaq ki, martın 21-də başlayan sərgi ayın 23-də yekunlaşacaq.




Facebook'da Paylaş