Xidmətin yaradılmasından 10 il ötür

12-02-2022, 16:45

Xidmətin yaradılmasından 10 il ötür


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 10 il ötür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 10-cu ildönümünü təntənə ilə qeyd edir.
Əlamətdar gün münasibətilə Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub. Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 10 illiyinə həsr olunan mərasim keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov ötən dövrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.

Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu və qüdrətli ordu formalaşdırılması prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən əvvəlki illərdə olduğu kimi son 10 ildə də böyük uğurla davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib. General-polkovnik Arzu Rəhimov vurğulayıb ki, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrimizin müntəzəm inkişafı, onun döyüş qabiliyyətinin sürətlə artırılması, maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlət başçısının bütün bu işlərə hər zaman uzaqgörən rəhbər diqqəti göstərməsi Azərbaycan xalqını ən böyük qələbəyə - 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə qovuşdurub. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi Azərbaycanın zəngin tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul mən¬təqələrinə göndərilməsi Xidmət tərəfindən müvəffəqiyyətlə həyata keçirilib. Xidmət rəisi qeyd edib ki, SHXÇDX yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə yaradılmış “Zəfər” altsistemi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müvafiq işlər görülüb. General-polkovnik Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. Tədbirdə SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub. Tədbirin sonunda Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.




Facebook'da Paylaş