44 günlük müharibənin şəhidləri haqqında kitab Moskvada təqdim edilib

28-10-2021, 16:39

44 günlük müharibənin şəhidləri haqqında kitab Moskvada təqdim edilib

Moskva şəhərində Rusiyadakı diaspor fəallarından olan iqtisad elmləri namizədi Aybəniz Rüstəmovanın İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “Şəhidlik əbədi zirvədir” kitabının təqdimat mərasimi keçirilib.
Ordum.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT), diaspor təşkilatlarının, hər iki ölkə ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, Rusiyanın fəxri vəkili İlqar Hacıyev giriş sözü söyləyib. Natiq qeyd edib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyilə ordumuz torpaqlarımızı işğaldan azad edib və bu tarixi qələbəyə görə hamımız onlar qarşısında borcluyuq.

Daha sonra nitq söyləyən kitab müəllifi deyib ki, hələlik kitabın birinci cildi nəşr edilib və burada 577 şəhid haqqında məlumatlar verilir: “Növbəti cildlərdə üç min igid oğulumuz barədə ətraflı bəhs edəcəyik. Onlardan heç birini unuda bilmərik. Bütövlükdə şəhidlərimizə həsr edilmiş beş cild nəşr etdirməyi düşünürük”.

A.Rüstəmova həmçinin doğma torpaqlar uğrunda canından keçən şəhidlərimizin adlarını gələcək nəsillər üçün əbədiləşdirməyin vacibliyini də dilə gətirib.

Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik kitabın xatirə janrında yazıldığını bildirib: “Kitabda hər bir şəhidə dair konkret faktlar qeyd olunub. Məhz bu səbəbdən kitab qiymətli əsərdir. Müəllif kitabda Vətən üçün ölməyə hazır olan yeni gənc nəslin yetişdiyini oxucuya iftixar hissilə çatdıra bilib. Əlbəttə, Azərbaycanda qəhrəman gənc nəslin yetişməsi respublikada aparılan məqsədyönlü işlərin nəticəsidir”.

Tədbirdə həmçinin Rusiya Xalq rəssamı Nikas Safronov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, rəssam Rauf Məmmədov, RAGT məsul katibi Ceyhun Hüseynov, politoloq Ruslan Səfərov da ürək sözlərini söyləyiblər.




Facebook'da Paylaş