General-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

22-10-2021, 13:01

General-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ordum.az xəbər verir ki, tədbirdə təşkilatın sədri Fatma Səttarova, onun müavini Cəlil Xəlilov və general-mayor Abbasəli Novruzov çıxış ediblər.

Tədbir zamanı general-mayor M.Nəsirovun Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatındakı böyük xidmətlərindən söz açılıb. Bildirilib ki, Azərbaycanın Sərhəd Qoşunlarının qurulmasında və inkişafında onun böyük rolu olub.

Qeyd olunub ki, general-mayor M.Nəsirov müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının yaradılmasının əsasında durub. O, çoxsaylı hökumət mükafatları, orden və medallarla təltif olunub. Çıxışçılar bu böyük insanın xatirəsinin daim veteranların qəlbində yaşayacağını bildiriblər.

Tədbirdə bildirilib ki, M.Nəsirov Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, daima ölkə veteranlarının problemlərinin həll edilməsində xidmətlər göstərib. Həmçinin vurğulanıb ki, o, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində fəal iştirak edib.

Tədbirdə qeyd olunub ki, 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib.

Daha sonra M.Nəsirov haqqında çəkilmiş film təqdim edilib.

Qeyd edək ki, Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb.

M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

O, SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib.

M.Nəsirov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib.




Facebook'da Paylaş