ƏNDİCANDA SƏMİMİYYƏTİNƏ BAKIDA MÜDRİKLİYİNƏ SEHRLƏNDİYİM ŞAİRƏ AYXAN
ƏNDİCANDA SƏMİMİYYƏTİNƏ BAKIDA MÜDRİKLİYİNƏ
SEHRLƏNDİYİM ŞAİRƏ AYXANSevgi nədir?
cavabsız bir sualmı?
Aşiqlər taleyinə zaval yoxmu?
Sevgi nədir?
ötüb keçən küləkmi?
Könülləri parçalayan yalanmı?Ayxanın misralarıdır.İbrahimova Oğulay Abdullacan qızı 20 noyabr 2002-ci ildə Əndican Vilayətinin Bostan rayonunda anadan olmuşdur. Əndican şəhər 31 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Ali təhsil almaq məqsədi ilə ilk daxil olduğu Çirçik Dövlət Pedaqoji İnstitutunda (2020-2021), hal-hazırda isə Əndican Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirir. 3-cü kurs tələbəsidir. 2022-ci ildə “Elm-təhsil sahəsindəki fəaliyyətinə görə” döş nişanı ilə təltif edilmişdir.
Bu ilin may ayında Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetində “Nəvaişünaslıq” fənnindən 3 gün mühazirə deməyə dəvət edilmişdim. Dəvət üzrə 320 illik hökmranlığı tarixə yazılan Zahirəddin Məhəmməd Baburun doğulduğu şəhərə getdim. Böyük bir auditoriyada I-ci və 3-cü kurs tələbələrinə mühazirə deyirdim. Mənə elə gəldi ki, bir neçə tələbə həmişəlik yaddaşıma yazıldı. Onlardan biri də Oğulay idi (Ayxan). Bir az ürkək, bir az nazlı, gəncliyə xas özünəgüvənli, incə, gözəl bir özbək qızıdır. Dərsimizin sonundakı sual-cavab mərhələsində fəallığı ilə diqqətimi çəkmişdi. Azərbaycan şairlərinin şeirlərini əzbərdən dedi. Azərbaycanı sevdiyini könül dolusu dilə gətirdi. Ayxanla bərabər Mirzayeva İroda, Akbaraliyeva Sevinc, Abdullajonova Odina, Xayrulla Abdullayev, Jasurbek Xantorayev, ümumiyyətlə hamısının Azərbaycan məhəbbəti çox xoşuma gəlmişdi. Tələbələrin, eləcə də bütün professor müəllim heyətinin Azərbay¬can adına mənə sevgi dolu hisslərlə yanaşdıqlarından çox duyğulanmışdım. “Kim istəsə mənimlə əlaqə saxlaya bilər, bir kömək lazımsa dəstək olaram” – deyə qarşılıqlı münasibətimi bildirdim. Üç gün boyunca keçən mühazirə dərslərimdən çox zövq aldım. Sonuncu gün tələbələrim Azərbaycan rəqs və mahnılarından, “Arşın mal alan” tamaşasının bir parçasından ibarət konsert proqramı hazırlamışdılar. Bütün bunlar insanın ömrünə ömür qatmazmı? Əlbəttə qatar! Universitetin filologiya fakültəsinin professor müəllim heyətindən Zakirjon Mamacanov və Dildora xanım Abdullayevaya, bədii hissənin rejissoru Begali Mominova təşəkkürlərimi bu yazı vasitəsilə bir də bildirirəm. Bədii hissənin hazırlanmasında bu yazımın qəhrəmanı Oğulay qızımızın (Ayxanın) da əməyini qeyd etməliyəm. Beləliklə, həm Ayxana verdiyim sözümə görə, həm də həmin gündən xatirə qalsın deyə bir yazı fikirləşmişdim.
Budur, Ayxandan məktub almışam, yenə həmin xatirə dolu xoş günlərə qayıtdım. Şeirlərini göndərib, sadəcə oxumağımı istəyir. Əsil adı Oğulaydır, amma şeirlərini Ayxan (Oyxon) təxəllüsü ilə yazır.
Hələ Əndicanda olarkən Ayxan şeir yazdığını demişdi. Unutmamışamsa, gərək öz şeirlərindən də oxudu. Budur, qarşıma ilk çıxan şeirini oxuyuram (şeirləri sətri tərcümədə təqdim edirəm):
Yola çıxaraq insan
Baxtını gözləyirdi.
Amma o yanındaydı,
Haradan biləydi ki?!
Uzaqdakı baxtını,
Yorulmadan gözlədi.
Vaxtı boşa gedirdi,
Baxtı niyə gəlmirdi?!
Baxt, əslində, ey insan,
Ata-ana deməkdi.
Onlar olsun sağ-aman,
Sənə daim gərəkdi.
Bil, baxt olar həmişə -
Sevdiyinin gözündə,
Eşqinin nişanəsi,
Övladının sözündə.
10 bənddən ibarət olan bu şeir yeddihecalı şəklində yazılıb. Dili sadə, oynaq, fikir aydın, düşündürücü, hikməti çox, fəlsəfəsi dərin, sevgi dolu, məhəbbət havalı, eşq yaşamlıdır. Oxuduqca bir də oxumaq istəyirsən. Sonra dönüb Ayxanın yaşına baxanda adamı heyrət götürür. Yaşından çox böyük sözlər onun mütaliəsinin zənginliyinəmi işarətdir?! –
Şeir yazıram hamıdan pünhan,
Özgələrdən heç nə köçürmərəm,Bu uşaq sadəlövhlüyü bütün şeir yazmağa başlayanlara xas xüsusiyyətdir. Özünə inanmayınca, özünə güvənməyincə kimsəyə şeirlərini göstərməzlər, kimsəyə oxutmazlar. Və birdən-birə özlərini kilidlədikləri o qırılmaz səddi aşarlar. Uzaq bir ölkəyə Qafqazlara – Azərbaycana göndərər ki, “ustaz, bu she'rlarim yaxshimi?” – deyə intizarla səndən cavab gözlərlər. Şair taleyi, bax budur!
Həyat oyun, həyat imtahan,
Kimsə qalib, kimsə də məğlub.
Həyat bağdır, həyat çəmənzar,
Kimsə gül-çiçək, kimsə tikan.
Həyat yoldur, uzun bir karvan,
Kimsə sarban, kimlərsə yolçu.
Həyat dəniz, çoşqun bir ümman,
Kim gəmiçi, kimsə üzgüçü.
Həyat şahmat - zəka oyunu,
Kimsə şahdır, kimsə piyada.
Həyat dağdır, uca bir qaya,
Kimsə yetər, kimsə yıxılar.
Hikmət dolu həyat fəlsəfəsini misralara düzüb. Düşündürücü fikirləri ilə gözəl nəzm etüdləri edib. Bu misraları Azərbaycan dilinə çevirdikcə Ayxanın utancaq baxışları, insanın köksünə sığınmaq istəyi, gənc, həm də yaradıcı təxəllüyü ilə Azərbaycandan gələn müəlliminə mehr edən, sehrli baxışları gözlərimin önünə gəlir. Sanki o gözəl özbək qızını yenidən görürəm və ya indi dərk edirəm. Əndicanda səmimiyyəti ilə qəlbimə dolan bu qız Bakıda müdrikliyi ilə məni öz sehrinə bələdi. Yolun açıq, şansın həmişə uğurlu olsun, Ayxan! Nə yaxşı ki, Əndicana gəlmişdim, nə yaxşı ki, səni və sənin kimi auditoriya dolu tələbələri tanıdım, sizin kimi tələbələri ilə öyünən, fəxrlənən müəllimlərinizi – professor dostlarım Dildora xanım Abdullayeva və Zakirjon Mamacanovu bir daha yaxından gördüm, tanıdım. Könlümün sevgi dolu payı oldunuz!
Almaz Ülvi (Binnətova)Filologiya elmləri doktoru,
Z.M.Babur adına Əndican Dövlət Universitetinin Fəxri Professoru
Facebook'da Paylaş