ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR İŞIĞINDA

18-07-2022, 09:42

ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR İŞIĞINDA


ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR İŞIĞINDA

(Zakircan Məşrəpovun 90 yaşı və onun yaratdığı “Beynəlxalq Babur Fondu”)

Hər insan ömrünə Allahın lütfü ilə bir işıq bələdçilik edir. Məşhur baburşünas alim Zakircan Məşrəpovun (Zokirjon Mashrapov) ömrünə – gördüyü işlərə işıq mənbəyi Babur hikmətidir. Bir insan ömrünü mənalandıran, dəyərləndirən, zərrələri ilə dünyaya yayan Zahirəddin Məhəmməd Babur nurundan-işığından bəhs edirik. Bu gün dünyanın hansı nöqtəsində Zahirəddin Məhəmməd Babur haqqında söz açsan ilk ağla gələn isim Zakircan Məşrəpov olur.
Şaha şahanə məclislər qurmaq üçün gərək insanın özünün də mənəvi əxlaqı, elmi potensialı, zəngin dünyagörüşü və kübar mədəniyyəti olsun. Bu etiketlərə sahib olan Zakircan Məşrəpovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq. Azərbaycanda bir şeir misrası xalq misalına çevrilib: “Hər kəs yüz il yaşamasa, günah onun üzündədir!”. Bu anlamda professor gördüyü işlərlə yaşam enerjisi qazanır.
Zahirəddin Məhəmməd Babur elə bir tarixi şəxsiyyət və ədəbi simadır ki, 540 ildir dünyanın məşhur adamları sırasında həyatı, dövrü və yaradıcılığı, 332 illik səltənəti öyrənilir, sevilir və məhəbbətlə anılır. Dünyanın bir çox dillərinə tərcümə olunmuş “Baburnamə” memuarı həyatının güzgüsü olmaqla yanaşı, onu bir tarixçi, coğrafiyaçı, ensiklopedist, bir təzkirəçi, şair, ədəbiyyatşünas, əruzşünas, klassik irs tədqiqatçısı, zəngin dünyagörüşlü, dərin mütaliəli, əzəmətli hökmdar kimi bir çox xüsusiyyətlərinin və xarakterinin açarıdır.
XX əsr boyunca sovetlər dönəminin ideolojisinə görə, Zahirəddin Məhəmməd Babur o qədər də dərindən öyrənilmədi, öyrədilmədi. Bunun əsas səbəblərindən biri türk, türk əsilli olması ilə bağlı olmuşdur. Tarixin müəyyən bir dönəmində türkcə ədəbi əsərlərin yazılmasının mümkün olmadığı iddia edilirdisə, sonralar da türk hökmdarlıqlarının, səltənətlərinin öyrənilməsi çox məhdudlaşdırıldı. Xüsusən pantürkizm ideologiyasının hökm sürdüyü bir dövlətdə Baburu geniş şəkildə öyrənmək olmazdı. Türkcə yazan bir sənətkar, uzaq bir ölkədə-Hindistanda türk dövləti qurmaq və həmin səltənət tarixdən-tarixə ötürülərək 330 ildən yuxarı bir dövr yaşamasını, böyük mədəniyyət, elm yaratmalarını dilə, qələmə, yazıya gətirmək imperialist düşüncəsinə zidd idi. Bütün bunlara baxmayaraq, əlbəttə belə ulu şəxsiyyətlər böyük alimlərin diqqətindən, tədqiqatlarından yan ötə bilməzdi. Həmid Araslının sovetlər dövründə-1980 illərə aid məqaləsində oxuyuruq: “Babur özünün məşhur “Baburnamə”sində atası Ömər Şeyx Mirzədən bəhs edərkən onun Nizami “Xəmsə” mütaliəsindən danışır ki, bu da Teymur şahzadələrinin Nizami irsinə dərin hörmət bəslədiklərini göstərir. Babur özünün “Müxtəsər” adlı əruzdan bəhs edən əsərində Nizami və onun müasirlərinin adını dönə-dönə çəkir”.
Azərbaycan və Özbəkistan Respublikaları öz müstərilliklərini ötən əsrin 90-cı illərinin əvvəllərində əldə etdikdən sonra qadağan olunmuş türk səhifələri açıldı, o cümlədən Z.M.Babur yaradıcılığına da diqqət ayrıldı, xüsusi yanaşmalar baş verdi. Hətta mətbuatdan və ya əndicanlı dostlardan aldığım bilgiyə görə, sovetlərin dağılmasını gözləməyən, vilayət hakimi Zakircan Məşrəpov Əndicanın mərkəzi bağında Baburun heykəlini ucaltdırmış və həmin bağı “Babur bağı” adı ilə rəsmiləşdirmişdir. 1983-cü ildə baş verən bu hadisə böyük cəsarət, hünər, vətəndaş qeyrəti və milli tarixinə sahib çıxmaq kimi bir fədakarlıq idi. Müstəqillik əldə edilən kimi isə bu gün yaranmasının 30 illiyini bayram kimi qeyd etdiyimiz “Beynəlxalq Babur Fondu” (1992) adlı ictimai əsaslara söykənən bir qurumu yaratdı və onu rəsmiləşdirdi. Bu o, demək deyildi ki, Zakircan Məşrəpov Babur “tema”sını tam olaraq öz səlahiyyətinə almışdı. Xeyr! Sadəcə sirli, qapalı səhifələr arasında saxlanan Z.M.Baburu öyrənmək üçün çox işlər, çox əmək qoymaq lazım idi. Bunun üçün görülən işlərin planlı şəkildə, yəni itirilən illərin yerini doldurmaq üçün belə bir Fondun yaranmasına ehtiyac var idi. 2012-cü ildən başlayaraq hər il Baburun xatirəsinə keçirilən beynəlxalq elmi konfranslara məruzə ilə mən də dəvətlər almışam. Keçirilən konfransların yüksək səviyyədə təşkili, maraqlı və dəyərli elmi məruzələr qiymətli idi, o cümlədən belə tədbirlərdə çox bilgilər, yeni informasiyalara sahib olurduq. 2016-cı ildə Əlişir Nəvainin 575 illiyi münasibətilə Kabul-Herat-Məzari Şərif şəhərlərində keçirilən beynəlxalq elmi konfransda iştirak edirdik. Baburun cahil qruplaşmalar- talibanlar tərəfindən dağıdılmış memorialının yanında Zakircan Məşrəpovu -Hacı Dədəni gördüm (Əndicanda ona “Hacı Dədə” deyə müraciət etdiklərini gördüm). Orada öyrəndim ki, bu tikilinin də bütün zəhmətini- təşkilatı və maliyyə işlərini öz öhdəsinə götürən Hacı Dədə Babur adına övlad qayğıkeşliyi ilə sahib çıxıb. Bəli, bu gün 90 illiyini qeyd etdiyimiz geologiya-minerologiya elmləri doktoru, professor, ədəbiyyat, şeir-sənət aşiqi Zakircan Məşrəpovun tarixi xidmətləri elə tarixə də yazılacaq. Tarix ömrü yaşayan tarixi şəxsiyyət-Zakircan Məşrəpovun yubiley yaşını ürəkdən təbrik edirik, ömrü uzun olsun.

2017-ci ildə Əndicana beynəlxalq elmi konfransa dəvət almışdım. Mən də yeni məruzə ilə qatıldım. Tədbirin son günü Fondun rəhbəri mənə “Beynəlxalq Babur Fondu”nun Azərbaycan üzrə rəhbəri səlahiyyət əmrini təqdim etdi. Böyük məsuliyyət olduğunun əlbəttə fərqində idim. Həmin səfərimizdə aldığım ən böyük hadisə-bu gündən belə Baburun Hindistanda qurduğu səltənət “Böyük Moğol Dövləti” yox, “Hindistandakı Böyük Türk Dövləti” deyə adlanacaq, mətbuatda, kitablarda, dərsliklərdə, tədbirlərdə, elmi məclislərdə, tədqiqatlarda, araşdırmalarda, not-qeydlərdə yazılacaq.
“Zahirəddin Məhəmməd Babur Azərbaycanda” mövzusunun tarixini Azərbaycanın qüdrətli şəxsiyyəti Şah İsmayıl Xətai dövründən, yəni hər iki qüdrətli qılınc və qələm sahibi olan tarixi şəxsiyyətlərin dostluq münasibətlərindən qeyd edə bilərik. Bu iki tarixi şəxsiyyətin biri-biri ilə dostluq – qardaşlıq əlaqələri qurması iki yeni türk dövlətinin qurulması və formalaşması prosesinə də öz töhfələrini vermişdir. Tarix kitablarından belə öyrəndik, sonralar onların yaradıcılıq irslərini öyrənərkən də yazılanlara bir daha sübutu kimi dəyərləndirdik. Divan ədəbiyyatından sonra yeni bir ədəbiyyatın yaranmasını da məhz onların adları ilə bağlaya bilərik. Zahirəddin Məhəmməd Babur da Şah İsmayıl Xətai kimi təbiət aşiqi idi. “Zahirəddin Məhəmməd Babur Azərbaycanda” deyəndə ikinci məsələ onun Azərbaycan əlyazmalar Fondunun nadir nüsxələr fondunda saxlanan əlyazmaları, xüsusən “Baburnamə” memuarının əlyazması kontekstində onun həyatı, dövrü və ədəbi irsinin tədqiqi məsələsi nəzərdə tutulur. Z.M.Baburun “Baburnamə”si iki ayrı-ayrı azərbaycanlı alim tərəfindən tərcümə olunub. Amma Baburu orijinaldan oxumaq öyrənmək, tədqiq etmək bir ayrı məsələdir. Azərbaycan fondunda saxlanan “Baburnamə”nin əlyazmasını tədqiqata cəlb edən bu sətirlərin müəllifinin Yaponiya alimi Eyji Mano ilə yazışmasında bir çox mətləblər ortaya çıxır. Eyji Mano məktublarının birində yazırdı: “Sayın Dr.Almaz Ülvi Binnatova, Nasılsınız? Umarım, siz ve aileniz iyidir. Birkaç gün sonra Bakü elyazmasını daha dikkatli bir şekilde kontrol ettim. “Babur-nama”'nın diğer el yazmalarında, Heydarabad, Elfinstone ve Kehr'ın el yazmaları gibi ifadeleri bulamıyorum. Bakü elyazması “Babur-nama” elyazmaları arasında nadir bir yazma demektir”.

“Zahirəddin Məhəmməd Babur Azərbaycanda” deyəndə üçüncü məsələ klassik sənətkarın ədəbi irsinin və şəxsiyyətinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi, tədqiqi problemini əhatə edir. Belə bir məsələnin geniş səpgidə öyrənilməsinin əsas imkanlarından biri də ali məktəblərdə tədris etmək, haqqında elmi simpozium və ya konfranslar keçirmək, dövrü və elmi nəşrlərdə məqalələr nəşr etdrimək və nəhayət ayrıca dissertasiya mövzusu olaraq işlənməsidir.

1. Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi və tədqiqi məsələləri kontekstində bu sətirlərin müəllifi bir neçə tədqiqat xarakterli kitab və məqalələr hazırlayaraq nəşr etdirmişdir. “Zahirəddin Məhəmməd Babur “Baburnamə”nin Bakı əlyazması nüsxəsinin təsviri və “Baburnamə”də Əlişir Nəvai haqqında”, “Baburoğullari dönəmində Hindistanda memarliq və incəsənət: Humayun türbəsi və onun memari”, “Zahirəddin Məhəmməd Babur Azərbaycan ədəbi-elmi fikrində”, “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı”, “Baburnamə”də təzkirəçilik ənənələri” və sair. Azərbaycanda nüfuzlu ədəbiyyat qəzeti olan “525-ci qəzet”, “Şərq qəzeti”, “Birlik” jurnalı, “Müqayisəli ədəbiyyatşünaslıq” və s. mətbu orqanlarında Z.M.Babur haqqında silsilə məqalələr dərc olunub.
2. Orta əsrlər ortaq türk ədəbiyyatı Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi”ndə təhsil alan bakalavr və magistr tələbələrinə Babur irsi və həyatı tədris edilir.
3. Yuxarıda da qeyd etdiyim kimi, Fondun Azərbaycan bölməsinə rəhbərlik etdiyimdən ilk olaraq konfrans keçirmək məqsədini qarşıya qoyduq. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tuturdu. Üstəlik, Özbəkistan, Əfqanıstan və Hindistan dövlətlərinin Azərbaycandakı səfirliklərini də cəlb etdik. Çox maraqlı məruzələr dinlənildi. Xüsusən Əfqanıstan və Hindistan səfirlərindən dinlədiklərimiz yeniliklərlə dolu oldu. Özbəkistandan elm adamlarını- professor Həmidullah Baltobayev, Obidjon Şəfiyev və başqalarını dəvət etmişdik. Sonda “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı konfrans materiallarını nəşr edib payladıq. Pandemiya səbəbindən 2 il ara verildi, nəhayət ötən il növbəti “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı ikinci konfransımız baş tutdu. 540 illik yubiley ili üçün artıq hazırlıqlara başlamışıq, bu da o deməkdir ki, “Babur günləri” ənənəvi tədbirlər sırasında yer almağa başlamışdır.
4. Yeni baburşünaslar nəslini yetişdirmək. Artıq “Zahirəddin Məhəmməd Babur yaradıcılığı ümumtürk mədəniyyətinin unikal hadisəsi kimi” adlı doktoruq işi yazılır.
5. Bu sırada üç kitab nəşrimizin də adını qeyd etmək istəyirəm: “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan-1”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan-2” – kitablarında kifayət qədər nüfuzlu alimlərin məqalələri yer almışdır.
Ümid edirəm ki, Z.M.Babur irsi yeni nəslin formalaşmasında, yenilikçi və ədəb-əxlaq, elm-mərifət yolunda böyük və müdrik məktəb rolu oynayacaq. Bütün bunları qeyd edərək belə bir ümumiləşdirmə ilə nəticə olaraq qeyd edirəm: “Beynəlxalq Babur Fondu”nun 30 illiyini təbrik edir və bu məktəbə böyük uğurlar arzulayıram. Inanıram ki, bu fond artıq Universitet statusu haqqını qazanmışdır.

Almaz ÜLVİ (Binnətova)

filologiya uzrə elmlər doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələr” şöbəsinin müdiri,
Beynəlxalq Babur Fondunun Bakı bölməsinin sədri,
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin,
M.A.Muqimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun və
Z.M.Babur dina Əndican Dövlət Universitetinin “Fəxri Professoru”




Facebook'da Paylaş