Miraslan Bəkirlinin "KARVAN" YOLU
KARVAN YOLUUlu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz
Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək. Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...
Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum
S.Vurğunun dediyi kimi olmalıdır:Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist
Facebook'da Paylaş