Voleybol üzrə Zəfər Kubokunun qalibi bəlli olub
Voleybol üzrə Zəfər Kubokunun qalibi bəlli olub
İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"la birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.
Ordum.az-ın məlumatına görə, Dərnəgül Voleybol Mərkəzində keçirilən final oyununda "Kəlbəcər" və "Şuşa" komandaları üz-üzə gəliblər.
Həlledici qarşılaşmadan öncə fəxri qonaqlar qismində AFV-in birinci vitse-prezidenti Faiq Qarayev, Gənclər və İdman Nazirliyinin Futbol sektorunun müdiri Fikrət Hüseynov və Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev, həmçinin, "Avrora Group"un piar və marketinq meneceri Elvin Babayev çıxış ediblər.
İştirakçıları salamlayan F.Qarayev şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib: "Müharibə zamanı nələr çəkmişik, Allah bilir. Şərəfli bir gündür ki, bu gün voleybol üzrə Zəfər Kuboku keçirilir. Yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm. Xahiş edirəm ki, bu turnir hər il təşkil olunsun. Söz verirəm ki, gələn il bu yarışda zal azarkeşlərlə dolu olacaq. Jurnalistləri, xüsusilə idman sahəsində çalışan media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Bizimlə çiyin-çiyinə çalışır, nailiyyətlərimizi işıqlandırırlar. Zallarımız jurnalistlərin, qazilərin üzünə açıqdır. Nə vaxt istəsəniz, burada məşq edə bilərsiniz".
F.Hüseynov Gənclər və İdman Nazirliyi, şəxsən nazir Fərid Qayıbovun adından jurnalistləri təbrik edib. Turniri təşkil edən insanlara təşəkkürünü bildirən nazirlik rəsmisi finalda mübarizə aparan komandalara uğurlar arzulayıb.
Vətən müharibəsi iştirakçısı V.Nağıyev turnirə dəvət aldığı üçün minnətdarlığını bildirib: "Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri təbrik edirəm, hamınıza uğurlar diləyirəm. Qürurverici haldır ki, Şuşa və Kəlbəcər komandaları finala çıxıblar. 30 illik həsrətə son qoyan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram. Hər iki komanda mənim üçün doğmadır".
Sonda isə E.Babayev öz fikirlərini bölüşüb: "Bu gün əlamətdar gündür. Milli Mətbuat günündə Zəfər Kubokunu keçiririk, ikiqat bayram yaşayırıq. "Avrora Group"un adından komandalara uğurlar arzu edirəm. Sağlam bədəndə sağlam ruh olar. Bundan sonra da bu deviz altında müxtəlif yarışlarda görüşəcəyik".
Çıxışlardan sonra şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov, həmçinin mərhum jurnalistlər Elnur Əşrəfoğlu və Məzahir Süleymanzadənin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca final oyunu start götürüb. İlk seti "Kəlbəcər" 25:18 hesabı ilə aktivinə yazdırsa da, "Şuşa" geridönüş edə bilib. İkinci setdə 25:17, qızıl setdə isə 15:7 hesablı qələbə qazanan "Şuşa" Zəfər Kubokunun qalibi olub - 2:1.
Qeyd edək ki, Zəfər Kubokunun baş sponsoru "Avrora Group", İnformasiya dəstəkçisi "Report" agentliyidir.
Facebook'da Paylaş