Vətən müharibəsi şəhidlərinin ildönümü Neftçalada qeyd olunub

25-10-2021, 12:37

Vətən müharibəsi şəhidlərinin ildönümü Neftçalada qeyd olunub

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub.

Ordum.az-ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində şəhid olan Neftçala rayon Həsənəbad qəsəbə sakini İsmayılov Camal Vidadi oğlunun, Cəngan kənd sakini Mənəfov Şahmar Vidadi oğlunun, Mikayıllı kənd sakini Əliyev Elçin Ələkbər oğlunun əziz xatirəsi yad edilib.

Bu münasibətlə keçirilən anım mərasimində şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin Şəhid Şahmar Mənəfovun il dönümündə şəhidin adını daşıyan xatirə bulağı kompleksinin açılışı olub. Açılış məktəblilərin hazırladıqları kompazisiyalarla davam edib.

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Şəhid Cmal İsmayılovun, Şahmar Mənəfovun və Elçin Əliyevin ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan fotoplakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə təqdim olunub.

Şəhid İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü il Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Mənəfov Şahmar Vidadi oğlu 20 mart 1990-cı il Neftçala rayonunun Cəngan kəndində anadan olub. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və "Qarabağ" ordeni,"Şücaətə görə", "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Əliyev Elçin Ələkbər oğlu 15 yanvar 1997-ci il Neftçala rayonu Mikayıllı kəndində anadan olub. Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və "Vətən uğrunda", “Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.




Facebook'da Paylaş