Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində hərbi dənizçilik aspektləri

29-03-2018, 01:44




 Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
fəaliyyətində hərbi dənizçilik aspektləri
(III məqalə)


Hökumət şimaldan real təhlükəni nəzərə alaraq, hərbi-strateji əhəmiyyətə malik Bakı sahillərinin müdafiəsinə xüsusi diqqət yetirirdi. 1919-cu ilin avqustunda Baş Qərargah rəisi, general-leytenant M.A.Sulkeviç tərtib etdiyi gizli məruzədə hərbi nazir S.S.Mehmandarova bildirirdi ki, Azərbaycan üçün Xəzər dənizində çox ciddi xoşagəlməz vəziyyət yaranıb.  Bakının başının üstünü iki güclü təhlükə almışdı: bir tərəfdən Zakaspidən və Həştərxandan bolşevik, digər tərəfdən isə Port-Petrovskdan ağqvardiyaçılar ölkəni təhdid edirdi.

Bakı dəniz tərəfdən tamamilə açıq olduğundan generalın fikrincə, "hər an ölkə rəhbərliyinin yerləşdiyi rayona desant çıxarılmasını gözləmək olar". Bununla əlaqədar müvafiq tədbirlər görülməsini təklif edən general bildirirdi ki, dənizin müşahidəsini təşkil etmək, Bakıya dəniz tərəfdən giriş yollarının artilleriya müdafiəsini hazırlamaq və nəhayət, dəniz polisi və liman keşikçi gəmisi təşkil etmək lazımdır. Məruzədə, həmçinin sahil mühafizəsini və dəniz kəşfiyyatını təşkil etmək üçün də konkret tədbirlər görülməsi əksini tapmışdı. Nəzərə almaq lazımdır ki, həmin vaxtda Azərbaycanın hərbi gəmiləri yox idi, ancaq dəniz kəşfiyyatı üçün şəxsi heyəti azərbaycanlılardan ibarət olan iki paroxodun top və pulemyotlarla silahlandıraraq istifadə olunması təklif edilirdi. Bundan başqa, müdafiə məqsədilə bir neçə barkas və mühərrikli qayıqdan istifadə edilməsi də təklif olunmuşdu. General Sulkeviçin fikrincə, bu bütün sahil zonasına Mixaylovkadan (Aşağı körpüdən) başlayaraq Bəndovana, əgər imkan olarsa, hətta Astaraya qədər nəzarət etməyə imkan verərdi.

Bakı sahillərinin təbii mövqeyini nəzərə alaraq Şıxov burnunda, Nargin adasında və Sultan (Zığ) burnunda artilleriya qurğuları sistemlərini yerləşdirmək yolu ilə paytaxtın sahildən səmərəli müdafiə sistemini yaratmaq olardı. Bu mövqelərdən çarpaz artilleriya atəşi Bakı körfəzinə və limana dənizdən girişi bağlamağa imkan verirdi.

1919-cu il sentyabrın 13-də S.Mehmandarov Baş nazir N.Usubbəyova artilleriya və mühəndis işləri baxımından görülən tədbirlər haqqında məruzə etmişdi: "Əvvəlki səngərlər təzələnir; Məftil maneələr düzəldilir; Bakı körfəzinə girişi bağlayan batareyalar üçün yer seçilmişdir; 1915-1916-cı illərdəki telefon əlaqəsi bərpa olunur".

Hərbi nazir Bakı möhkəmləndirilmiş rayonunun rəisi vəzifəsinin təsis olunmasını təklif edir ki, Bakının müdafiəsini təşkil etmək işləri bir əldə cəmləşdirilsin və o, Bakı hərbi general-qubernatoru vəzifəsilə əvəz edilsin. Dövlət Müdafiə Komitəsinin qərarı ilə həmin gün bu iş görüldü.
Elə həmin gün S.Mehmandarovun imzaladığı əmrlə Bakı möhkəmləndirilmiş rayonuna strateji əhəmiyyətinə görə birinci dərəcəli qala statusu verildi. Rayonun sərhədi Xəzər dənizinin sahili boyu Qızılburundan tutmuş Ələtə qədər müəyyən edilmişdi. Xəzər dənizi sahili boyunca yerləşən hərbi liman üzən vasitələr, bütün artilleriya hissələri, həmçinin qarnizonun qoşun və idarələri möhkəmləndirilmiş rayonun rəisinə tabe edilmişdi.
Sentyabrın 16-da Dövlət Müdafiə Komitəsi tərəfindən Bakı möhkəmləndirilmiş rayonun rəisinə "ölkənin müdafiəsi üçün zəruri olan hər cür əşyaları müsadirə etmək" hüququ verilmişdi. Oktyabrın 26-da şəhərin hüquq mühafizə orqanları da onun tabeliyinə verilmişdi. Bakı möhkəmləndirilmiş rayonunun rəisi, general-mayor Murad Gəray Tlexas, qərargah rəisi isə polkovnik İ.Hacıbəyli təyin olunmuşdular.
1919-cu ilin oktyabrında Bakı möhkəmləndirilmiş rayonunda müdafiə işləri yüksək templə gedirdi. Nargin adası və Şıxov burnunda əlaqə yolları, həmçinin toplar üçün meydança və müşahidə məntəqələri hazırlanmışdı. Bütövlükdə Nargin adasının ya qalaya, ya da güclü möhkəmləndirilmiş rayona çevrilməsi planlaşdırılmışdı. Buna görə də adada ordu üçün kazarma və anbarlar tikilir, telefon əlaqəsi yaradılırdı. Noyabrın əvvəllərində Nargin adasında 8 top yerləşdirildi, Bayıldan məntəqələrə paylamaq üçün 6 top aparıldı.

Dayaq məntəqələri arasında etibarlı rabitə əlaqəsinə xüsusi diqqət yetirilirdi. Xüsusilə Bakı möhkəmləndirilmiş rayonu idarəsindən aşağıda mövqe batareyasının idarəsi şəhər mərkəzi rabitə sistemindən asılı olmayan müstəqil rabitə sisteminə malik olmalı idi ki, Şıxov, Bayıl, Narginlə Zığ vasitəsilə, şəhər mərkəzi stansiyası və möhkəmləndirilmiş rayon rəisi idarə ilə əlaqə yarada bilsinlər. Şıxovda, Zığda və Nargində kommutatorlar quraşdırılmışdı ki, bu da səhra telefon məntəqələri ilə əlaqə yaratmağa imkan verirdi. Beləliklə, Nargin adasında və ya mövqe batareyasının idarəsində olmaqla hər bir məntəqə ilə danışmaq mümkün idi.

1919-cu il dekabrın 8-dən 14-dək Bakıya dənizdən girişdə müdafiə mövqelərinin möhkəmləndirilməsi işlərinin gedişi təftiş olunmuş və nəticələri hərbi nazirə məruzə edilmişdi. Bu təftiş görülmüş işlərdə bir sıra nöqsanların olduğunu üzə çıxarmışdı. Əgər Şıxov burnunda və Nargin adasında bütün işlər düzgün aparılırdısa, Sultan burnunda piyada üçün səngərlər düzgün qazılmamışdı və tikinti işlərinin sürəti aşağı idi.
1919-cu il noyabrın 19-da general Sulkeviç tərəfindən M.G.Tlexasa sərəncam verilmişdi ki, sərhəd mühafizəçiləri şöbəsi ilə birgə Xəzər sahillərinin, xüsusilə Qızılburunla Ələt arasında və sonra Astaraya qədər müşahidəni təşkil etsin.

Bakı möhkəmləndirilmiş rayonu qoşunlarının tərkibi bir, xüsusi mühüm vəziyyət yarandıqda isə iki piyada alayından ibarət idi. Qarnizonun bütün hissələrində ştatlar tezliklə müharibə dövrünün tələblərinə uyğunlaşdırılmalı, bütün komandir heyəti möhkəmləndirilmiş rayonun bütün mövqeləri ilə tanış olmalı idilər. 1919-cu ilin noyabrında Qala kəndində pulemyot və toplarla silahlandırılmış piyada bölüyü yerləşdirilmişdi ki, bu da onun münasib vəziyyəti ilə əlaqədar idi.
1920-ci ilin əvvəllərində Dövlət Müdafiə Komitəsinin qərarı ilə Bakı rayonunun möhkəmləndirilməsi üçün dövlət xəzinəsindən hərbi nazirliyin hesabına 6 milyon rubl məbləğində kredit ayrılmışdı. Ümumilikdə isə, hərbi nazirliyin Bakı möhkəmləndirilmiş rayonunun mühəndis işləri üzrə smeta xərcləri 14 milyon rubl təşkil edirdi.
1920-ci ilin yazında Bakının müdafiəsini gücləndirmək məqsədilə möhkəmləndirilmiş rayonun rəisi general-mayor İ.A.Usubov 12 mart tarixli gizli əmrində qarnizonun hissələrinin döyüş hazırlığının gücləndirilməsi ilə əlaqədar başqa tədbirlərlə yanaşı, Xəzər hərbi donanmasına da konkret tapşırıqlar vermişdi. Xüsusilə "Astrabad" və "Pirallahı" hərbi gəmiləri daim döyüş hazırlığı vəziyyətində olmaq, ticarət limanının rəisinə isə Şıxov burnu və Zığla əlaqəni təmin etmək üçün iki barkas ayırmaq göstərişi verilmişdi.
1920-ci il aprelin 8-də general-mayor Tlexas tərəfindən imzalanmış "Bakı möhkəmləndirilmiş rayonu hərbi general-qubernatorunun Xəzər dənizinin su nəqliyyatı üzrə mütləq qərarı"nda xəbərdarlıq edilirdi ki, "xüsusi səlahiyyətə malik yollar və su nəqliyyatı nazirinin yazılı icazəsi olmadan heç bir gəmi Bakı buxtasından açıq dənizə çıxa bilməz".

Bakı buxtasına giriş və çıxışa yalnız gəmilərin yolu ilə - Nargin adası ilə Şıxov burnu arasından icazə verilirdi. Bütün gələn və Bakı buxtasından çıxan sərnişin və yük gəmiləri mütləq sahildən 3 kilometr məsafədə Bayıl burnunun sonundakı liman keşikçi gəmisinə sərnişinlərin pasportunun və yük sənədlərinin yoxlanması üçün yaxınlaşmalı idi. Yazılı şəkildə alınmış icazə isə dənizdə yalnız bir gün üzməyə hüquq verirdi. Bu qərarı pozanlar müharibə dövrünün bütün ciddiliyi ilə qanun qarşısında cavabdeh olurdu. Bu tədbirlər, hər şeydən əvvəl, Bakıya gizli yolla bolşevik qrupları tərəfindən silah gətirilməsinin, həmçinin gizli yolla neft və neft məhsullarının Həştərxana daşınmasının qarşısını almağa yönəldilmişdi. Eyni zamanda, 1918-1920-ci illər arasındakı dövr bir tərəfdən sovet hərbi-dəniz qüvvələrinin, digər tərəfdən isə ağqvardiyaçılar və ingilislərin arasında Xəzər uğrunda gedən kəskin silahlı mübarizəylə xarakterizə olunurdu.

1918-ci ilin payızında sovet hökuməti və dəniz komandanlığı Xəzər dənizində hərbi dəniz qüvvələrini gücləndirmək üçün təcili tədbirlər gördülər. Lenin vətəndaş müharibəsinin bu döyüş səhnəsinə mühüm əhəmiyyət verir, Rusiya Hərbi Şurasının Cənub cəbhəsi Qafqaz-Xəzər şöbəsi sədrinin adına göndərdiyi 1918-ci il 12 noyabr tarixli teleqramda tələb edirdi ki, "hərbi işlər və Xəzərin işğal olunması məsələsinin üzərinə möhkəm düşün".
Xəzərdə 1918-ci il avqustun 21-də ingilislərlə ilk toqquşma baş verdi. Həştərxan donanmasının tərkibində olan silahlı "Özbək" paroxodu Dərbəndin yaxınlığında İngiltərənin "Prezident Krüger" gəmisinə hücum etdi. "Prezident Krüger" gəmisinin yalnız yüksək sürəti ona təqibdən yayınmağa imkan verdi. General Denstervil sonralar xatırlayırdı ki, "Xəzər dənizində bizim ilk dəniz döyüşümüz beləcə şərəfsiz başa çatdı".
1918-ci il oktyabrın 13-də Həştərxan-Xəzər hərbi donanması yaradıldı. Donanma təyinatına görə iki müstəqil hissəyə - Həştərxanda yerləşmiş dəniz və Tsaritsındakı (Volqoqrad) çay hissələrinə bölünmüşdü. Baltik donanması və Volqa çayının yuxarı axarından Xəzərə gətirilən gəmilər hesabına gücləndirilmiş Həştərxan-Xəzər hərbi donanmasında 1918-ci ilin axırlarında 32 mm, əksəriyyəti isə 75-100 mm çaplı toplarla silahlanmış 13 ən böyük döyüş gəmisi (4 yardımçı kreyser və 6 esmines), həmçinin onlarla yardımçı gəmi, sualtı qayıq, 4 qırıcı və 6 hidroaeroplan var idi. Artıq 1918-ci ilin payızında Həştərxan-Xəzər hərbi donanması fəal hərbi əməliyyatlara başladı. Bir neçə müvəffəqiyyətli əməliyyat ingilislərin özlərini Xəzərdə tam səlahiyyət sahibi kimi hiss etməsinə imkan vermədi.
1919-cu ildə yazın gəlməsi ilə Xəzər dənizində fəal döyüş əməliyyatları yenidən başlandı. Aprel ayının sonunda Həştərxan-Xəzər hərbi donanması Aleksandrovsk fortunu və Port-Petrovski işğal etmək üçün əməliyyatlar keçirdi. Aprelin 30-də hərbi dənizçi desantçılar tərəfindən Aleksandrovsk istehkamı işğal olundu. Lakin mayın 21-də Tüb-Karaqan körfəzində Həştərxan-Xəzər hərbi donanması dəniz döyüşündə müvəffəqiyyətsizliyə uğradı. İngilis-ağqvardiyaçı donanmasının gəmiləri, gəmi artilleriyasının güclü atəşi, gəmilərin sürətliliyi və manevrliliyi baxımından üstünlüyü, həmçinin havada tam üstünlüyə malik olması nəticəsində sovet hərbi donanmasına ciddi zərər vurdu. Hətta donanmanın bir neçə gəmisi batırıldı. Həştərxan-Xəzər hərbi donanması yerdə qalan gəmiləri Aleksandrovsk fortunda qoyub, mühasirəyə alınmış Həştərxana çəkildi. Xəzər dənizində hərbi əməliyyatlar səhnəsində təşəbbüs ingilis-ağqvardiyaçı hərbi dəniz qüvvələrinə keçdi.

1919-cu ilin yayında donanmada dəyişiklik aparıldı. RSFSR Hərbi İnqilab Şurasının 1919-cu il 31 iyul tarixli əmri ilə Volqa və Həştərxan-Xəzər hərbi donanmaları Şimal, Yuxarı Həştərxan və Dəniz olmaqla üç dəstədən ibarət Volqa-Xəzər hərbi donanmasında birləşdirildi. Volqa-Xəzər hərbi donanmasına F.F.Raskolnikov komandan təyin olundu. Xəzərdə döyüş əməliyyatlarını donanmanın dəniz dəstəsi aparırdı. 1919-cu ilin avqustunda Volqa-Xəzər donanması bütövlükdə müxtəlif tipli 130 gəmidən ibarət idi. Volqa-Xəzər hərbi donanmasının gücü imkan verirdi ki, Həştərxanı və Volqanın mənsəbini nəinki müdafiə etsin, hətta 1919-cu ilin yayında və payızında denikinçi hərbi donanmaya güclü zərbələr endirsin.

Denikinçi Xəzər hərbi donanması başda "Oryol" flaqman xidmət gəmisi olmaqla üç dəstədən ibarət idi. Birinci dəstənin tərkibinə 9 yardımçı kreyser daxil idi. Bu dəstə əsas etibarı ilə Həştərxan yaxınlığında 12 futluqda reyd edirdi. Volqanın mənsəbində hərəkət edən ikinci dəstə 6 kanoner qayığından və 3 barjdan ibarət idi. Nəhayət, nisbətən zəif olan üçüncü dəstə əsas etibarı ilə yardımçı gəmilərdən - motorlu katerlərdən, nəqliyyat gəmilərindən, hidromatlardan (4 aparatlı), xidmət gəmisi və bir kanoner qayığından ibarət idi. Qırmızı donanma əleyhinə döyüş əməliyyatları aparmaqla yanaşı, ağqvardiyaçı döyüş gəmilərinin qarşısında belə bir tapşırıq qoyulmuşdu ki, yalnız İran və Port-Petrovsk limanları ilə əlaqə saxlamaqla Azərbaycan dənizdən hər vəchlə təcrid edilsin. O dövrdə baş vermiş hadisələrin fəal iştirakçısı ağqvardiyaçı N.Ryabinin qeydlərinə görə, "cənubda Xəzərdən başqa heç bir yerdə ağların dəniz qüvvələri komandanlığı belə mükəmməl formada olmamışdı".

Nurulla ƏLİYEV, tarix elmləri doktoru professor,
ehtiyatda olan I dərəcəli kapitan




Facebook'da Paylaş