Müdafiə Nazirliyinin yaranması

18-10-2017, 12:57




 1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.

1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi.

Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şixlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.
Nəhayət 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi. 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.

SOVETLƏR DÖNƏMİ

1920-ci ildə Azərbaycanın Sovetləşməsindən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verildi, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi. Amma buna baxmayaraq sovetlər zamanında necə-necə qəhrəman Azərbaycan övladı pərakəndə şəkildə hərb peşəsinə yiyələndi və ikinci dünya müharibəsi də daxil olmaqla şərəfli yol kecdi. Azərbaycanlılardan ibarət yeni hərbçi nəslinin yetişməsinin qarşısını almaq məqsədilə onları xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərirdilər. Buna baxmayaraq cəbhədə qəhrəmanlıq göstərən onlarla azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı oldu, general rütbəsinə yüksəldi. Ancaq maneələr hələ də qalırdı.

Azərbaycanda hərbi məktəblər olmasına baxmayaraq, orada azərbaycanlıların təhsil alması çox müşkül məsələ idi. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblərdə azərbaycanlıların sayı artdı. Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Ümummilli lider böyük uzaqgörənliklə, qeyri-adi cəsarətlə və inadkarlıqla bunu etdi.
1971-ci il iyulun 20-də "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul etdi və 1971-ci ilin noyabr ayında məktəbin açılışı oldu. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak etdi və bildirdi ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adını veririk. Ümummlli lider azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail oldu. Beləliklə, Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirdi. Həqiqətən də, bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi.

MÜDAFİƏ NAZİRLİYİNİN YENİDƏN YARANMASI

Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı. Həmin ilin oktyabr ayının 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırıldı. Lakin bu zaman silah olduqca az idi.

Ölkədə hərc-mərclik, anarxiya baş alıb gedirdi. İqtisadiyyat yox dərəcəsində idi. Bir tərəfdən də erməni silahlı birləşmələri havadarlarının köməyi ilə yenicə müstəqilliyini elan etmiş Azərbaycan dövlətinə qarşı Dağlıq Qarabağda müharibə aparırdılar. Bir sözlə, nə paytaxtda, nə cəbhədə, nə də digər regionlarda ordunun formalaşdırılması prosesi lazımı səviyyədə aparıla bilmirdi. Ayrı-ayrı şəxslərin ətrafına yığılan silahlı birləşmələr siyasətə girişərək hakimiyyət xülyasına düşmüşdülər. Kriminal durum acınacaqlı vəziyyətdə idi. Bir sözlə Azərbaycan uçurumun bir addımlığında idi. Bütün bu pərakəndəliyi, anarxiyanı, siyasi-hərbi çəkişməni aradan qaldırmaq, qüvvələri bir araya gətirmək, xalqı ətrafında toplamaq üçün vahid liderə, Silahlı Qüvvələrin Ali Baş Komandanına çox ciddi ehtiyac var idi. Əks təqdirdə Azərbaycanın mövcudluğu sual altından çıxmayacaqdı.

Nəhayət, 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və Azərbaycan Ordusunun formalaşdırılması prosesinə başlanılması yeni mərhələyə qədəm qoydu. Məhz Heydər Əliyev yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Siyasiləşmiş silahlı birləşmələr əsl mənada hərbiləşdirildi, pərakəndəlik aradan qaldırılaraq vahid komandanlıq bərqərar oldu və bundan sonra Azərbaycan Ordusu güclənməyə başladı. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi qeyd olunur.

MÜASİR AZƏRBAYCAN ORDUSU


Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayırılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hazırda Azərbaycan Ordusu dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir.

Orduda döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındandır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əlaqələrinin inkişafı da ordumuzun möhkəmlənməsində xüsusi faktor kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.

Mənbə: Müdafiə Nazirliyi




Facebook'da Paylaş