BƏƏ İsraildən müxtəlif növ RƏM və HHM sistemləri almaq üçün danışıqlar aparır

7-02-2022, 15:20

BƏƏ İsraildən müxtəlif növ RƏM və HHM sistemləri almaq üçün danışıqlar aparır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraildən “Dəmir Günbəz”, “Spyder” və “Barak 8” kimi müxtəlif Raket Əleyhinə Müdafiə (RƏM) və Hava Hücumundan Müdafiə (HHM) sistemləri almaq üçün danışıqlar aparır.

Ordum.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.

Son illər İsrail Pakistana və Misir, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş də daxil olmaqla dörd ərəb ölkəsinə təhlükəsizlik sistemləri ixrac edib. İsrail dünyanın əsas hərbi texnika ixracatçılarından biridir və beynəlxalq hərbi bazarda xüsusilə Asiya və Yaxın Şərqdə iştirakını artırmaq istəyir.

Son həftələr BƏƏ “Husi” qiyamçılarının PUA və raket hücumlarına məruz qalıb.

2022-ci ilin yanvarında BƏƏ Cənubi Koreya ilə təxminən 3,5 milyard dollar dəyərində “Cheongung II” HHM sistemləri almaq üçün müqavilə imzalayıb.

“Dəmir Günbəz” çox qısa mənzilli raketlərə və 70 km-ə qədər olan 155 mm-lik artilleriya mərmisi təhlükələrinə qarşı çıxmaq üçün hazırlanmış Raket Əleyhinə Müdafiə (RƏM) sistemidir.

“Spyder” İsrail istehsalı olan qısa və orta mənzilli mobil HHM sistemidir. Sistem təyyarələri, helikopterləri, PUA-ları və dəqiq idarə olunan sursatları vura bilir.

“Barak 8” təyyarələr, helikopterlər, gəmi əleyhinə raketlər və PUA-lar, həmçinin ballistik raketlər, qanadlı raketlər və qırıcılar da daxil olmaqla istənilən növ hava təhdidlərindən müdafiə üçün nəzərdə tutulub.




Facebook'da Paylaş