Səudiyyə Ərəbistanının “Patriot” raket ehtiyatı tükənir

12-12-2021, 09:25

Səudiyyə Ərəbistanının “Patriot” raket ehtiyatı tükənir

Səudiyyə Ərəbistanının “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sisteminin raket ehtiyatlarında ciddi problemlər var. Səudiyyəlilər ABŞ-dan “yüzlərlə” raket almaq istəyirlər.

Ordum.az
xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.

Yəməndə İranın dəstəklədiyi husilər demək olar ki, hər həftə Səudiyyə Ərəbistanına raket və PUA hücumları həyata keçirir. Səudiyyə Ərəbistanı isə bu təhlükələri aradan qaldırmaq üçün həm “Patriot” sistemlərindən, həm də döyüş təyyarələrindən istifadə edir.

Lakin hücumlar o qədər artıb ki, Səudiyyə Ərəbistanının “Patriot” raket ehtiyatlarında problem yaranıb.

ABŞ Dövlət Departamenti ötən ay Səudiyyə Ərəbistanına 280 ədəd AIM-120C AMRAAM “hava-hava” raketinin satışını təsdiqləyib. Məlumata görə, Səudiyyə Ərəbistanı ümumilikdə 280 ədəd AIM-120C-7/C-8 tədarükü üçün ABŞ-a müraciət edib. Satış çərçivəsində raketlər üçün lazım olan digər avadanlıqlar da təmin ediləcək. Paketin ölçüsü təxminən 650 milyon dollar olacaq.

Satış Səudiyyə Ərəbistanının milli müdafiəsində mühüm rol oynayan döyüş təyyarələri parkı üçün orta mənzilli raket ehtiyatlarını artıracaq, cari və gələcək təhlükələrə cavab vermək qabiliyyətini artıracaq və Səudiyyə Ərəbistanının “Eurofighter Typhoon”, F-15C/D, F-15S və F-I5SA proqramlarını dəstəkləyəcək və ABŞ ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı əlaqəni daha da gücləndirəcək.

WSJ-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndən son vaxtlar artan PUA və raket hücumlarının “ciddi insan itkisinə və ya mühüm neft infrastrukturuna ziyan vuracağı”ndan narahatdır.

Səudiyyə Ərəbistanının bu çərçivədə əlavə raket tədarükü tələbinin ABŞ tərəfindən rəsmi olaraq təsdiqlənməsi gözlənilir. Məqalədə sitat gətirilən Bayden administrasiyasının rəsmisi təsdiqlə bağlı aşağıdakıları qeyd edib:

“Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının ərazi müdafiəsini, o cümlədən Yəməndə İranın dəstəklədiyi “Husi” qiyamçıları tərəfindən buraxılan raketlər və PUA-lara qarşı dəstəkləməyə tam sadiqdir. Biz əhatə dairəsində boşluqların olmamasını təmin etmək üçün səudiyyəlilər və digər tərəfdaş ölkələrlə sıx işləyirik”.

Səudiyyə rəsmisinin sözlərinə görə, ölkə son bir ayda 29 PUA hücumuna məruz qalıb. Oktyabr ayında bu hücumların sayının 25 olduğu bildirilmişdi. Eyni zamanda, son bir ayda və oktyabrda 11 ballistik raket hücumunun qarşısı alındığı qeyd edilib.

Səudiyyə Ərəbistanı regionda ən yaxşı HHM çətirlərindən birinə malikdir. Bu kontekstdə istifadə edilən “Patriot” sistemləri ballistik raketləri və PUA-ları zərərsizləşdirə bilər. Səudiyyəlilər PUA-ları vurmaq üçün F-15 döyüş təyyarələrindən də istifadə edirlər. Lakin bunlar Səudiyyə Ərəbistanına olduqca baha başa gəlir.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Səudiyyənin müdafiə sistemlərinin bu hədəflər üçün müvəffəqiyyət nisbəti demək olar ki, 90 faizdir, lakin nəticədə çox ciddi maliyyə itkisi baş verir və raket ehtiyatları zədələnir.

Husilərin təkcə 2021-ci ildə Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi hücumların sayının 375 olduğu bildirilir. Səudiyyəlilər indiyədək hücumların qarşısını almaqda müvəffəq olublar. Amerika rəsmilərinə görə, demək olar ki, hər 10 raket/PUA hücumundan 9-u zərərsizləşdirilib.

Amma hər “Patriot” raketinin qiyməti 1 milyon dollardır. İstifadə edilən PUA-ların qiyməti cəmi 10 min dollardır. Üstəlik, bu PUA-ların istehsalı çox asandır və onlar demək olar ki, pulsuzdur. Amerika səlahiyyətliləri tərəfindən bu PUA-lara verilən ləqəb “otbiçən”dir.

Səudiyyə hökuməti raket tədarükü üçün təkcə ABŞ-a deyil, Qətər kimi bir neçə körfəz dövlətinə və Avropa ölkələrinə də müraciət edib.

Ər-Riyad bütün “Patriot” sistemlərini ağzına qədər raketlərlə doldursa belə, sistem 360 dərəcə qoruma təmin etmədiyi üçün sistemin tam zəmanət verməsi mümkün deyil. Bu səbəbdən hava hücumundan müdafiə raketləri bəzi hücumlarda təsirsizdir. Üstəlik, bəzi hücumlar birbaşa Səudiyyə Ərəbistanı ərazisindən həyata keçirilir.




Facebook'da Paylaş