İKİ ƏSRİN QƏHRƏMANI
İKİ ƏSRİN QƏHRƏMANI Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.
Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. "Qoy ədalət zəfər çalsın!" – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.
Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.
Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.
Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu da danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.
Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin təkcə 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin daha çox diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər siyasəti və idman sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci ildə imzaladığı müvafiq fərmana əsasən 2 fevral tarixi “Azərbaycan gəncləri günü” elan edilmişdir. Və hər il bu tarixdə ulu öndər gənclərlə görüşmüş onların problemləri ilə maraqlanmış dövlət gənclər siyasətinin yeni hədəflərinin yeni istiqamətlərinin qurulmasında gənclərində rolunun olmasının təmin etmişdir. Ənənəvi xarakter alan bu görüşlər ulu öndərin layiqli davamçısı ali baş komandan, ölkə başçısı cənab İlham Əliyev tərəfindəndə davam etdirilməkdədir. Mən bir Azərbaycan gənci olaraq böyük fəxarət hissi bir nüansı sizlərlə bölüşmək istərdim. Belə mötəbər bir görüşlərin birində məndə iştirak şansı əldə etdim və 2022-ci il 2 fevral tarixində Gənclər gününün təsis edilməsinin 25-ci il dönümünə həsr olunmuş Bakı formunda iştirak etdim. Görüş zamanı cənab prezident gənclərin dövlətimizin və xalqımızın taleyində nə qədər mühüm rol oynadığını, dövlətimizin xarici və daxili siyasətdə əldə olunan uğurlarında gənclərimizin əvəzsiz rolundan bəhs etmişdir.
İdarəçilik istedadı, tükənməz enerjisi, yüksək peşəkarlığı ilə seçilən Heydər Əliyev fenomeni dünyada geniş şəkildə tanınır və bu gün qlobal miqyasda ən nüfuzlu siyasi xadimlərdən biri kimi öyrənilir. Heydər Əliyev ideyalarının həyata keçirilməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır.
«Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam!»
Xalqımızın Ümumilli lideri - Heydər Əliyev
Mən gənc nəslin nümayəndəsi kimi başa düşürəm ki, Heydər Əliyev kimi tarixdə dərin izlər buraxmış xüsusən Azərbaycan tarixinə əvəz olunmaz töfhələr vermiş bir şəxsiyyət haqqında danışmaq çətin, məsuliyyətli və bir o qədərdə şərəfli işdir. Biz ulu öndər Heydər Əliyevlə fəxr edir, onun əbədi xatirəsini tükənməz irsini hörmət və ehtiramla yad edirik! Azərbaycan xalqı Sizi və əvəzsiz xidmətlərinizi heç vaxt unutmayacaq!
Təhmasib İmaməliyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tələbə Gənclər Təşkilatının sədri
Facebook'da Paylaş