Ulu Öndər Heydər Əliyevin əzmkarlığının parlaq təzahürü

4-05-2023, 16:47

Ulu Öndər Heydər Əliyevin əzmkarlığının parlaq təzahürü

Ümummilli Lider Heydər Əliyev: “Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub”
Azərbaycan çox qədim tarixə malik olan dövlətdir. Xalqımız özünün dövlətçilik ənənələrini zaman-zaman qoruyub saxlayıb. Məhz buna görə də Azərbaycan xalqı dünyaya dahi alimlər, siyasətçilər, musiqiçilər, yazıçılar, şairlər və s. sahəninin nümayəndələrini bəxş edib. Bu dahi simalar arasında Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri var. O, öz dövrünün müasirlərini hər zaman qabalayaraq bir addım öndə olub. Ulu Öndərlə birgə çalışan həmkarları onun bu və digər qeyri-adi istedadını, siyasi təəffəkürünü, eləcə də idarəçilik qabiliyyətini və dövlətçilik tərbiyəsini xüsusi qeyd edirlər. Ulu Öndərin Azərbaycan xalqına həsr olunmuş fədakar ömrü əlamətdar tarixi hadisələrlə zəngindir. 1993-cü ilə kimi Ümummilli Lider istər SSRİ dövründə, istərsə də Azərbaycanın müstəqilliyi dövründə bir sıra mötəbər vəzifələrdə çalışmışdır. Heydər Əliyev 1993-cü il iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. Elə həmin ilin oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu Öndər Heydər Əliyev səsvermədən bir həftə sonra keçirilən andiçmə mərasimindəki nitqində bütün həyatını xalqmızın etibar və ümidlərini doğrultmaq işinə həsr edəcəyini deyib: “Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq və bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.
Heydər Əliyev həyatının sonuna qədər xalqına sədaqətlə xidmət etmişdir. Ömrünü, bütün fəaliyyətini Azərbaycanın gələcək inkişafına sərf etmişdir. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. 1993- 2003-cü illərdə Ulu Öndər dövlətimzi üçün həqiqətən də misilsiz, ölçüyəgəlməz işlər görmüşdür. Bu dövr aralığında Heydər Əliyevin gördüyü böyük işlər sayəsində Azərbaycanda hüquqi islahatlar aparılmış, demokratik dəyişikliklər gerçəkləşdirilmişdir. Ulu Öndərin zəngin siyasi və dövlətçilik təcrübəsi atdığı addımlarda, qəbul etdiyi qərarlarda bir daha özünü göstərmişdir. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazası yaradılmışdır. Həmçinin respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Heydər Əliyev neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Bununla Azərbaycanın dayanıqlı şəkildə iqtisadiyyatı inkişaf etmişdir. Ölkəyə xarici investisiyaların cəlb edilməsi təmin olunmuşdur. Bütün bunlar Ulu Öndərin hər bir sahdə nümayiş etdirdiyi əzmkarlığın parlaq təzahürüdür. Ulu Öndər Heydər Əliyev, ümumiyyətlə, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirib. Prezident İlham Əliyev hazırda bu siyasəti uğurla davam etdirərək daha da mütəşəkkiləşdirib. Bu da həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyi daha da möhkəmləndirir.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi




Facebook'da Paylaş