Görək Vilayəti buna razı ola bilərmi
Vidadi Mustafayev: Görək Vilayəti buna razı ola bilərmi?Rəhbərin Xarici siyasət üzrə MÜŞAVİRİ özünü bilməzliyə vuraraq Şimali və Cənubi Azərbaycana və azərbaycanlılara/AZƏRİLƏRƏ guya xoş sözlər deyərək, yeni sloqan deyir: "Bütün azərilər iranlı, bütün iranlılar azəridirlər".
Bu hiyləgər fars millətçisi utanmadan bütün azərilərin adından danışaraq, kor gözləri ilə Azərbaycan Respublikasının varlığını görmür və bütün azərbaycanlıları iranlı elan edərək Şimali azərbaycanlılara qarşı kimlik iddiası ilə çıxış edib, başından yekə qələt edir. İkincisi, bu siyasi elmlər professoru guya etnik və siyasi/vətəndaşlıq kimlikləri arasında fərqi bilmir.
Cənubi azərbaycanlılar bu gün İran vətəndaşı olaraq iranlıdırlar, burada vətəndaşlıq kimliyi ön plana çıxır, əsas fərqləndirici əlamətdir, lakin etnik baxımdan İran xalqlarının öz kimlikləri var, bu zaman etnik dil, mədəniyyət və digər fərqləndirici əlamətlər ön plana çıxır. Azərbaycanlıların etnik kimliyinin əsasını etnik dil, etnik/milli şüur, mədəniyyət və s. təşkil edir.
Vilayəti iranlı deyəndə digər millətçilər kimi farsları nəzərdə tutur.
Bu halda azərilərin özlərini fars və farsların özlərini azəri hesab edib-etməyəcəyi haqqında bir söz deyə bilməsək də Vilayətiyə bir təklifimiz var. Qoy cəmi bir il azərilər status baxımından iranlı/fars rolunu yerinə yetirsinlər. Yəni İran cəmiyyətinə rəhbərlik etsinlər və Azərbaycan dili dövlət dili olsun. Əgər farslar bunu qəbul edib qayda və ənənə halına salınmasına razı olsalar, onda deyə bilərik ki, azərilər iranlı/fars, farslar isə azəri/iranlıdırlar.
Görək Vilayəti buna razı ola bilərmi. Belə olsa, onda azərilər və farslar bərabər hüquqlu və statuslu etnik birliklər kimi bütün İranı idarə və təmsil edə bilərlər.
Facebook'da Paylaş