Xersonun azad olunması nələr vəd edir?

16-11-2022, 09:32

Xersonun azad olunması  nələr vəd edir?


Xersonun azad olunması nələr vəd edir?- Ukraynada üstünlüyü alacaq və...

Ukrayna prezidenti Volodimir Zelenski dünən G20 liderlərinin lX sammiti çərçivəsində çıxış edib. O Xersonun işğaldan azad olunmasının əhəmiyyətindən də danışıb. Dövlət başçısı bildirib ki, bu, müharibədə dönüş nöqtəsinin simvoludur. Zelenskinin sözlərinə görə insanlar Ukraynanın qələbəsinə inanır və savaşın hansı nəticə ilə bitəcəyi artıq məlumdur.
Xerson noyabrın 11- də azad olunmuşdu. Bu barədə açıqlama verən Rusiya rəsmilərinin sözlərinə görə, onlar daha çox itkinin qarşısını almaq məqsədilə Xersondan geri çəkiliblər. Lakin bu də Rusiyanın məğlubiyyətini ört - basdır. Səkkiz aydır ki, Ukraynada mülki insanları qətlə yetirən, minlərlə hərbçisi məhv olan Rusiya ordusu indi geri çəkilirsə, deməli, buna ehtiyac hiss edir. Rəsmi Moskva, nəhayət, "sərt qaya ilə toqquşduğunu" anlayır. Əlbəttə, Qərbin, o cümlədən ABŞ - ın dəstəyi olmasa idi, Kiyev bu uğurları qazana bilməzdi. Bu, danılmazdır. İndi əsas məsələ isə proseslərin bundan sonra hansı ssenari ilə inkişaf edəcəyidir.
Şübhəsiz ki, Rusiyanın Ukraynadan çıxması blef deyil. Bu, reallıqdır. Xerson Ukraynada strateji əhəmiyyətə malik vilayətlərdəndir. Ərazisi kifayət qədər böyük olduğuna görə bu ərazidən digər şəhər və vilayətlərə nəzarət etmək, həmçinin hücum və əks- hücum əməliyyatları icra etmək mümkündür.

İkincisi, Xersonun ərazisinin kifayət qədər böyük olması Rusiya ordusunun burada ciddi itkilər verdiyinə dəlalət edir. Son günlər Rusiyanın itkilərinin, xüsusilə canlı qüvvəsinin həndəsi silsilə ilə artması da bununla bağlıdır.
Qışda müharibənin davam etməsi hər iki tərəf üçün əlavə çətinliklər yaradacaq. Xüsusilə texnikanın hərəkəti baxımından problemlər meydana çıxacaq. Hər iki tərəf bunu bilir. Elə ona görə son vaxtlar Rusiya rəsmiləri danışıqlara hazır olduqlarını xatırladırlar. Ukrayna tərəfi isə qışa qədər üstünlüyü tamamilə ələ almaq üçün tələsir. Bu mənada qarşıdakı günlərdə Ukrayna ordusunun əks - hücum əməliyyatlarının intensivləşəcəyi istisna deyil. Çox güman, yaxın günlərdə daha çox ərazi işğaldan azad olunacaq.
Ukraynanın Krımı hərbi yolla azad edəcəyi hələ ki, ağlabatan deyil. Kiyev özü də bunun hərbi yolla olmasını istəməz. Çünki Krımın azad olunması ciddi itkilər hesabına başa gələcək. Odur ki, indi Krımın diplomatik yolla Ukraynaya qaytarılması üçün zəmin yaradılır. Əgər tərəflər danışıqlar masasına oturmasa və Qərb Krımın diplomatik yolla qaytarılmasına razı olmasa, savaş 2023- cü ildə də davam edə bilər.
Kənan Novruzov




Facebook'da Paylaş